İblis - Bilgi və Üsyan simvolu!

"Ubi dubium ibi libertas - Şübhə olan yerdə azadlıq var!" (1)



 Adətən insanlar arasında ənənəvi dəyərlərə qarşı tənqidi yanaşanlar olduqda, həmçinin cəmiyyətdə oturuşmuş ideologiyalara (xüsusilə də din və mentalitet kimi) əks fikirlər söylənildikdə "Şeytana qulluq edən", "yolunu azmış" və ya "Lənət şeytana" kimi ifadələrlə qarşılaşmaq mümkündür. Bu yazıda Şeytan anlayışının müxtəlif məzmun və ədəbi nümunələrdə istifadə olunmasına yığcam şəkildə nəzər salacağıq.   

Şeytan müxtəlif xalqların mifologiyası və inancında istifadə edilmiş simvolik personajdır. Məs.; səmavi dinlərdən öncə mövcud olmuş dualistik mahiyyətli Zərdüştilik dinində Xeyir tanrısı Ahura-Məzda və Şər tanrısı Əhrimənə rastlamaq mümkündür. Əhrimən həmçinin şər mahiyyətli ruh hesab edilir. Zərdüştiliyə görə, Xeyir və Şər arasında əbədi mübarizə getməkdədir və bu dinə iman gətirənlər düzgün əməlləri ilə Xeyirin qələbəsinə töhfə verməlidir. Nəticədə həmin xeyirxah insanlar ölümdən sonra uğurlu davranış çəmənində  məskən salmış olacaqlar. Maraqlıdır ki, səmavi dinlərdə də İblis Tanrının əmri ilə Adəmə itaət etmədiyi üçün Cənnətdən qovulmuşdur. Bundan sonra İblis ordu toplayaraq Tanrı ilə döyüşə başlamış və məğlub olaraq lənətlənmiş, cəza olaraq Tanrının dərgahından uzaqlaşdırılmışdır. Daha sonra İblis Cənnətdə yaşayan Adəm və Həvvanı yoldan çıxararaq onların da qovulmasına səbəb olur. Mifoloji süjetin davamında Tanrı insanları İblisə uymamaq barədə xəbərdarlıq edir və Məhşər günü bərpa olunana qədər onlara öz iradələri ilə davranaraq istədiyi tərəfi (Xeyir və şər) seçmə azadlığı tanıyır. Həmçinin bir çox xalqların mifoloji düşüncəsində daim iki kosmik enerji - yaradıcı və dağıdıcı qüvvələr mövcud olmuşdur: şumer mifologiyasında sevgi və savaş tanrısı hesab edilən İnanna, yunan mifologiyasında sevgi tanrısı Erot və ölüm tanrısı Tanatos və s. örnək göstərilə bilər. Bundan başqa, Misir mifologiyasında Maatİsfet (Asfet) adlı dualistik ilahi qüvvələri təmsil edən personajlara rast gəlmək olar. Belə ki, Maat harmoniyanı, İsfet isə xaosu simvollaşdırır. Antik misirlilərin inancına görə, bu iki qüvvə bir-birindən ayrı mövcud ola bilməzdi. Kainat və təbiət prosesləri ilə əlaqədar olaraq, bu iki qüvvə arasında daimi mübarizənin olması təsəvvür edilmişdir; Maat qalib gəldikdə bolluq-bərəkət, İsfet sərbəst buraxıldıqda isə xaotik (nizamsız), şər mahiyyətli proseslər (Nilin daşması, quraqlıq, qıtlıq və s.) baş verəcəkdir. Buna görə də bir çox poetik mətnlərdə insanların Maatın tərəfində olaraq İsfeti lənətləməsi təsvirlərinə rast gəlmək mümkündür. Maraqlıdır ki, həmin mətnlərdə İsfetin insanların azad iradəsinin məhsulu olması da qeyd edilir. Həmçinin yəhudi ənənəsində Tanrıyla bərabər pis ruhlu ilahlardan hesab edilən Azazelə keçi qurban edilməsi ("Günah keçisi" ifadəsi buradan qaynaqlanır) məqamı da maraqlıdır. Maat və İsfetlə yanaşı, Misir mifologiyasında Set və qardaşı Osiris arasında da münaqişənin olduğu təsvir edilir. Set xaos, zorakılıq və pozğunluq tanrısı, Osiris isə bolluq-bərəkət, ölüb-dirilən təbiət tanrısı hesab edilirdi. Osirisin ölümündən sonra da onun oğlu Horus ilə Set arasında mübarizə davam edir. Horus "Qara (münbit) torpağın hökmranı", Set isə "Qırmızı (səhra) torpağının hökmranı" kimi qüvvələr nisbətini balanslaşdırılmış şəkildə saxlayır. Set həmçinin Qədim Misir dinində əcnəbilərin tanrısı hesab edilirdi. Slavyan mifologiyasında isə Marzanna mövsümi ritual olaraq təbiətin ölümü və yenidən dirçəlməsinin simvoludur. Ölüm tanrıçası olan Morana qışın bitimi ilə yerini dirçəliş tanrıçası olan Kostromaya (yazın gəlişinə) buraxır. Yunan mifologiyasında da Persefonanın həyat yoldaşı Hades tərəfindən yeraltı dünyadan azad edilərək anası - məhsuldarlıq ilahəsi Demetranın yanına qayıtması təbiətin oyanışı (yaz-yay fəsilləri, Demetranın sevinci), yenidən yeraltı dünyaya geri dönməsi isə təbiətin ölümü (payız-qış fəsilləri, Demetranın kədəri) kimi mənalandırılmışdır (Qeyd edək ki, yunan mifologiyasında katabasis adlandırılan yeraltı dünyaya səyahət və ya ölüb-dirilmə motivi başqa bir neçə mifoloji personajlarla da əlaqələndirilir: Zaqreus, Dionis, Adonis və s.). Həmçinin yeraltı dünyaya səyahət motivi şumer mifologiyasında "Cənnət kraliçası" adlandırılan, müharibə sevgi, seks və məhsuldarlıq tanrıçası İnanna (İştar) ilə də əlaqədardır. Belə ki, burada İnananın əri Dumuzidin ilin yarısını yeraltında qaldıqdan sonra, digər yarısını Cənnətdə keçirməsinə icazə verilərkən, bacısı Geştinanna onu əvəz edir və nəticədə fəsillərin dəyişməsi meydana gəlir. Həmçinin İnanna ilə bacısı - yeraltı dünyanın tanrısı Ereşkiqal arasında da hakimiyyət mübarizəsinin olduğu təsvir edilir. Bəzi versiyalarda isə Ereşkiqal və İştar eyniləşdirilir.  Türk-Altay mifologiyasında da Şər Tanrısı Erlikin oğulları olan Qara ərlər də insanlara pisliklər gətirən qara fırtınalar əsdirir, qan yağışları yağdırırlar. Həmçinin Erlik yeraltı tanrısı hesab edilmişdir. "Qara oğlanlar"a qarşı olaraq isə Ağ ərlər xeyir və maddi rifahı təmsil etmişlər. Bundan başqa, hind mifologiyasında Riqvedik çaylarının axarını kəsən, quraqlığın təcəssümü hesab edilən ilana bənzər Vritra ilə devaların padşahı İndra, şumer miflərində MardukTiamat, german-skandinav miflərində Tor və dünya ilanı Yormuqandr arasında oxşar məzmunlu mübarizələr təsvir edilmişdir. Maraqlıdır ki, Misir mifologiyasında Osirisin əhvalatında olduğu kimi, Tor da Yormuqandrla döyüşdə öldürüldükdən sonra yenidən canlanır ("Dirilmə" süjeti). Həmçinin yəhudi mifologiyasında xaos və ya maddi dünyanın boşluğunun təcəssümü, ölümcül günahların həsədi hesab edilən Leviafan da dəniz canavarı (əjdahası) və ya dünya ilanı formasında təsvir edilir. 

"Vaxtilə Empedokl öyrədirdi ki, dünyanı iki, birbirinə zidd qüvvələr - sevgi və düşmənçilik idarə edir. Müasir dildə bu iki kosmik başlanğıcı xeyir enerjisi və şər enerjisi kimi qeyd edirlər. Sevgi ilə deyilən hər bir söz, görülən hər bir iş xeyir enerjisini artırır, hiddətli söz və pis iş, əksinə, dağıdıcılıq enerjisini artırır. Hər an burada mübarizə gedir; qalib gələn, bəşəriyyətin gələcəyini müəyyən edir." (2) 


"Üsyanı seçənlərə şükürlər olsun, çünki dünyanın hökmranlığı onlarındır..." (3)

İblisə aid edilən əsas xüsusiyyətlər bunlardır: hiyləgərlik, şəhvət və ya təhriketmə (ilham mənbəyi), şübhə, üsyankarlıq. Maraqlıdır ki, tarix boyu bir çox müharibələrdə insanlar planlar, taktikalar qurarkən bu məzmunlu davranışlar sərgiləmiş və özlərinin "ilahi missiya"lı olduğunu, qarşı tərəfin isə şərə qulluq etdiyini hesab etmişdir. Həmçinin bədənin ehtiyacları (xüsusilə də cinsi istəklər) daim basdırılmış və pislənilmişdir. Bədən murdar və fani hesab edilmiş, ruh isə ucaldılmış və pak sayılmışdır (Ruh və bədən mövzusu ilə bağlı daha geniş yanaşmamızı buradan oxuya bilərsiniz). 

Bir qədər haşiyədən kənara çıxaraq qeyd edək ki, İblis obrazının bir çox hallarda bizim beynimizi şübhə və maraqla qarışdırmasının qəbul edilməsinə əsasən, bir çox inanc formalarında narahatedici ünsürlər şər mahiyyətli hesab edilərək pislənilmiş, əksinə, rahatladıcı məqamlar ilahiləşdirilmişdir. Bu baxımdan günümüzdə də "müasir din" adlandırıla biləcək "psixoloji özünüinkişaf (motivasiya)" janrında olan, həmçinin konkret tədqiqat obyekti və meyarları olmayan psevdoelm sahəsi Astrologiya kimi məfhumlar sadəcə daha asan yolla, ciddi araşdırma zəhməti tələb etmədən psixoloji rahatlatma üsullarını insanlara təklif edir. Xüsusilə motivasiya janrlı (əslində burada xüsusi janr tələbinin olmaması səbəbindən qondarma janr da adlandırıla bilər) əsərlərdə "heç nəyi sorğulamamaq, rahat olmaq", həmçinin "Komfor zonadan çıx, çünki daha çox şey əldə edəcəksən" tipli bir-biri ilə zidd cümlələrə rast gəlmək olar. "Rahatlıq və fəaliyyətə təhrik" məqamı baxımdan Amiş təriqətinə mənsub "Gelassenheit" anlayışı da maraq kəsb edir. Belə ki, "Gelassenheit" sözünün ingiliscəyə tərcümələrindən biri olan "yieldness" həm "məhsuldarlıq", "vermək", həm də "təslim olmaq", "boyun əymək" (itaət etmək) mənalarına gəlir. Düşünürəm ki, burada səmavi dinlərdən öncəki təbiət inancları - politeizm və totemizmin izləri var. Belə ki, ibtidai dönəm insanları təbiətlə iç-içə yaşadığı üçün təbiətin ərməğan etdiyi bütün nemətlərə təşəkkür əlaməti olaraq sitayiş obyektləri yaratmağa istəkli olmuşdur (məs.: miflərdəki məhsuldarlıq tanrıları; şumerlərdə "İştar" (İnanna) - savaş, seks, sevgi və məhsuldarlıq ilahəsi). Xüsusilə də məhsul əkini və toplanışı zamanı fizioloji proseslər (əyilmə) "təslimiyyət", həmin əməyin nəticəsi olaraq bol nemətlərin yetişməsi isə "məhsuldarlıq" anlayışını bir arada formalaşdırmışdır. Beləliklə, uca qüvvəyə malik Tanrıya (təbiətə) təslimiyyət nəticəsində onun rəhməti olaraq bol məhsul meydana gəlir. Həmçinin qıtlıq, quraqlı dönəmlərini isə şər qüvvələrlə (iblis mahiyyətli) əlaqələndirmişlər. Eyni zamanda, təslimiyyət duyğusu həm məzmunca (Tanrıya itaət sayəsində rahatlıq və uğur qazanmaq - bağışlanma), həm də formaca (fizioloji olaraq - rituallarda, məs.: namaz) səmavi dinlərdə də davam etdirilmişdir.


"Xeyir-dua verməyi öyrədən lənətləməyi də öyrətdi; dünyada ən çox lənət edilən üç şey nədir? Şəhvət, iqtidar hərisliyi, eqoistlik."  (4)



İblis qavramı zamanla müxtəlif ideya yüklənməsi ilə müxtəlif mənalar qazanmışdır. Gəlin bunlardan bir neçəsinə nəzər salaq:

 Lusifer (latınca Lucifer "parlayan", "işıq saçan") – xristian inancında şeytanı təsvir etmək üçün istifadə edilən adlardan biridir. Qovulmuş mələklərdən hesab olunur (Fallen angel). Digər bir fərziyyə isə şeytanın oğlu olması haqqındadır. Həmçinin satanların başçısı kimi də təsvir edilir. Maraqlıdır ki, satanizmə görə, kainatda yaradıcı qüvvə məhz Satan olmuşdur və o, məntiq və işığı təmsil edir, bunun əksi olaraq isə Tanrı qaranlığın simvoludur. Həmçinin "satan" sözü sankristcədə "mütləq həqiqət" mənasını daşısa da, sonradan ibranicədə "düşmən" mənasını qazanmışdır (5). Klassik mifologiyaya əsasən, Lusifer latınca Venera planetinin adıdır. Planetin yunan dilindəki adı “Fosfor” da “parlayan”, “aydınlıq” mənasını verir. Poeziyada Lusifer AuroraKefalın oğlu, Keikin isə atasıdır. Bundan başqa, poeziyada o, tez-tez günəşin xəbərçisi olaraq qarşımıza çıxır. Dilimizdə işlənən “Səbuhi” sözü də mənaca “sübhün xəbərçisi”, “dan ulduzu” mənasındadır. “Dan ulduzu” deyimi xilas, səhərə olan ümid kimi mənalandırılır. Bu motiv İncildə İsanın doğulmasının təsviri zamanı da işlənib. Eyni zamanda Lüsifer İslam dininə görə, qiyamət günü zamanı meydana çıxaraq insanları özünə çəkməyə çalışan Dəccal və ya Antixrist ilə də eyniləşdirilir. Dəccal xristianlıqda İsanın düşməni kimi tanınır. İbrani dilində “Dibsiz quyunun mələyi” mənasına gələn Abaddon da Dəccalla eyniləşdirilir. Bu ad yunan mifologiyasındakı Apollon (işıq və incəsənət tanrısı) ilə oxşardır. Əfsanəyə görə, Qiyamət günü həbs olunduğu uçurumdan çıxaraq alnında Tanrının möhürlərini daşımayanlara işgəncə və ölüm gətirəcək. Bəzi kitablarda “Ölüm mələyi”, “Cəhənnəm mələyi” kimi də adlandırılır. Abaddon dağıdıcı (destroyer) məzmunludur. Bu anlayış alman filosofu Fridrix Niçşenin də fəlsəfəsində ənənəvi dəyərlərə qarşı olmaq mənasında işlənib. Maraqlıdır ki, yunan mifologiyasında Apollon və Dionis arasında da qütbləşmə vardır. Belə ki, Apollon İblis personajının bilgi, sənət kimi qavramlarını özündə mühafizə etdiyi halda, Dionis daha çox İblisin dağıdıcı, xaotik tərəflərini özündə əks etdirir. Belə bir interpretasiya etmək mümkündür: Dionis paqanizm elementlərini özündə daha çox mühafizə etdiyi halda, Apollon bir növ yeni nizama keçid mərhələsini təmsil edir. Eyni zamanda Dionis "xilaskar" hesab edilir və onun şərəfinə keçirilən Liberalia adlı festivalda Dionis maskalarından istifadə olunmuşdur. İblis həmçinin “aydınlanma” (maarifçilik) və bilgi simvolu kimi də hesab olunur. Bu baxımdan Tövratdakı "Bilgi ağacı" süjeti maraqlıdır. Mifoloji süjetin əsas mənası odur ki, Adəmlə Həvva bu ağacın meyvəsindən yedikdən sonra “Xeyir və şər”dən (çılpaqlıq) agah olmuşdur. Nəticədə ölümsüz olduqlarını öyrənmiş və digər dünyəvi bilgilərə yiyələnməyə can atmışlar. Burada da bir maraqlı nüans var: bir çox dini mətnlərdə İblisin Adəmlə Həvvaya ilan cildində yaxınlaşması qeyd edilir. Eləcə də bir çox mifoloji mətnlərdə ilan xaosun simvoludur. Məs.: Misir mifologiyasında "Xaos ilanı" adlanan Apep, german-skandinav mifologiyasında hiyləgər tanrı Lokinin "Tanrıların düşməni" adlandırılan oğlu Yormunqandr (Dünya ilanı). Həmçinin "Enok kitabı"nda da adı keçən Azazel personajı insanlara hərb sənətini öyrədərək onları yoldan çıxarması və şərin çoxalmasına səbəb olan varlıq kimi təsvir edilmişdir: "Azazel insanlara qılınc, qalxan, bıçaq və zireh hazırlamağı öyrətdi... İnsanlıq məhv olduqca fəryadları ərşə dayandı...". Bundan başqa, eyniadlı mənbəyə əsasən, Serafim adlı mələklər qrupu da var ki, həmin mələklərdən biri Cənnət bağında Adəm və Həvvanı yoldan çıxarmış ilan cildində olan varlıq kimi təsvir edilir. Bəzən İblislə eyniləşdirilən bu varlıq, "İblisin cənnətdən qovulduğu halda, Adəmlə Həvvanı yoldan çıxarması necə mümkün olub?" sualına da cavab kimi təqdim edilir. Eyni zamanda "Tövrat"da oxşar məqam olaraq Penemuel obrazı vasitəsilə oxşar məzmun - yoldançıxarma süjeti qeyd edilmişdir: "Dördüncüsünün adı Penemuel idi. İnsanlara mürəkkəb və kağızla yazmağı öyrətdi; Beləcə, indiyədək bir çoxu günaha batdı. İnsanlar belə bir məqsəd üçün, inanclarını qələm və mürəkkəblə göstərmək üçün yaradılmadı" (6)

     Yazıçı Joze Saramaqo “İsanın İncili” əsərində “azad iradə” kimi məsələlərə toxunmuşdur. Əsərdə “İnsan cəzalana bilsin deyə azad buraxıldı” kimi fraza keçir. Adəm ilə Həvva ilk günahı – azad iradə ilə almanı dərib yemək təcrübəsini həyata keçirdiyi üçün tanrının hökmranlığına qarşı gəlmiş və buna görə də cəzalanmışlar. Məşhur mütəfəkkir Əli Şəriəti də bu süjeti komfort zonadan çıxmaq, şəxsi seçim və onun məsuliyyəti kimi qiymətləndirmişdir. Maraqlı məqam olaraq qeyd edək ki, Saramaqonun "Qabil""İsanın İncili" əsərlərində Şeytanla Tanrının eyni mahiyyətli varlıq olması və yer üzündə hökmranlığı ələ keçirmək üçün aralarında amansız mübarizənin getməsi təsvir olunmuşdur. Bu vəziyyətə uyğun olaraq "Əyyub peyğəmbərin əhvalatı"nı misal göstərmək olar. Belə ki, Müqəddəs kitaba görə, Tanrı ilə Şeytan arasında Əyyubun imanı və üsyan edib-etməyəcəyi ilə bağlı mərcləşmə olur və sonda mərci Şeytan qazanır. (7) 


Böyük yaradanın o hürr ilkini

Qəlbən inanırdı, sevirdi onda

Nə şübhəsi vardı, nə də bir kini

Beynini yormurdu sonsuz cahanda... (8)

 


Lusiferin cənnətdən qovulduqdan sonra qaya üzərində oturması təsvir edilmişdir. O, Tanrıya qarşı kifayət qədər qəzəblidir, bu onun baxışları, ağlamaqdan qızarmış gözlərindən hiss olunur. Eyni zamanda, o qədər qürurludur ki, göz yaşlarını, kədərini gizlətməyə çalışır.


İblis məzmunlu olan Demon sözü də latınca “bilgi”, “ruh”, “ilah” mənasında işlənmişdir. Bu söz latınca "deimon" və sankritcə "deva" kəlimələrinin törəməsidir və şeytana qulluq edən varlıqlar mənasındadır. Demonologiyada, necə ki, Tanrının qulluqçuları olan mələklər rütbələrinə görə sıralanır, eləcə də həmin demonların da bu cür iyerarxiya quruluşuna malik idarəçilik sistemi olmuşdur. Yaxın Şərq mifologiyasında, məsələn, Enos kitabında ən yüksək rütbəli 7 mələyə qarşılıq olaraq, 7 ölümcül günahı təmsil edən 7 demon var. Hansı ki, bunlar demonologiyada "cəhənnəmin 7 lordu" adlanır (7 deadly sins - 7 great demon lord). Maraqlıdır ki, bu süjet İncildə "Məhşərin 4 atlısı" formasında davam etmişdir. Daimonia yunan fəlsəfi təlimi də buradan nəşət etmişdir. Bu fəlsəfədə daimonia ilə insanın “daxili səsi” (vicdan) eyniləşdirilir. (Həmçinin ifadənin "qoruyucu ruhlar" mənasına gələn versiyası da vardır ki, bu sözdən yaranan "evdemoniya" fəlsəfi təlimi mövcud olmuşdur. Təlim ifadə baxımından "xoşbəxtlik" və ya "rifah" mənasına gələrək insanın yaxşı əhval-ruhiyyədə olması ideyasını özündə ehtiva edir). Təsadüfi deyil ki, Cənnət bağında Adəmlə Həvvanın almanı yeməyə təhrik edən varlığın ilan cildində görünən iblis olması inancı da vardır. Eyni zamanda, ilan obrazı ölümsüzlüyü də simvollaşdırır ("Bilqamıs" dastanında ilanın ölümsüzlük otunu oğurlaması süjeti və s.). Maraqlıdır ki, şumer mifologiyasında da "Yeraltı dünyasının 7 şeytanı" və ya "Cəhənnəm övladları" deyə təsvir edilən Gallu adlı demonların varlığına inanılmışdır. Bu demonlara rituallar zamanı quzu qurbanı da təqdim edilmişdir (Qurban anlayışı ilə bağlı daha ətraflı buradan oxuya bilərsiniz). Demonlar bəzən ilahi mahiyyətli varlıqlar olaraq da qeyd edilir, məs.: demonlar bəzən fövqəladə təbiət hadisələri (fırtınalar, zəlzələlər və s.), bəzi xəstəlikləri törətmək qabiliyyətinə malik olaraq təsvir olunur. Qeyd edək ki, bu məqam daha çox animistik təfəkkürlə oxşardır. Belə ki, animizmdə də təbiət qüvvələrinin canlılığına (ruha malik olması) inanılır və onların qəzəblənməsi fövqəladə hallar yaradır. Bu məqam sonradan monoteizmdə də metafizik (təbiətüstü) qüvvənin (Tanrı) fiziki (təbiət) hadisələrə müdaxiləsi olaraq öz əksini tapmışdır. Bundan başqa, İblis dini mətnlərdə üsyankarlığın, itaətsizliyin də simvoludur (Məs.; Quranda təsvir edilən İblisin Adəmə səcdə etmək istəməməsi süjeti). Mixail Bakuninin “Tanrı və Dövlət” əsərində də İblis “İlk üsyankar” kimi təsvir edilmişdir. Yunan mifologiyasında odu Tanrılardan oğurlayıb insanlara verərək onların məhvinin (Zevsin planının) qarşısını alan Prometey də bu məzmundadır. Həmçinin bu obrazların alov mənşəli olması da maraq doğurur. German-skandinav mifologiyasında hiyləgərliyi ilə bilinən Loki də alov tanrısıdır. Maraqlıdır ki, Loki də əvvəlcə Tanrıların məkanı hesab olunan Asqardda yaşamış və daha sonra əmələrinə görə baş tanrı Odin tərəfindən dünyanın dərinliklərindəki mağaraya məhkum edilmişdir. Eləcə də səmavi dinlərdə İblisin oddan yaranması və Səmavi diyardan (Cənnətdən) qovulması inancı məlumdur. Prometey də üsyankarlığının cəzası olaraq Qafqaz dağlarında zəncirlənmişdi. Həmçinin Prometey sözü "uzaqgörən", "zəkalı", "hiyləgər məsləhətçi" mənalarına malikdir.

Dönə-dönə demişdi mənə, əsas güc deyil,
İkiadlı ilahə anam Yer Femida, bil!
Demişdi: iki qüvvət toqquşarkən nəhayət,
Kim hiyləgər olarsa, onundur qalibiyyət...

Mən öyrətdim onlara, öyrətdim bilik nədir,
Oxumağı, saymağı, dedim bir xəzinədir.
Mən verdim insanlara təxəyyülü, fitrəti,
İlhamın mənbəyini. Yüngüllətdim zəhməti... (9) 

     Maraqlıdır ki, yunan mifologiyasında ölümlü varlıq olan Siziflə ilahlar arasında da oxşar məzmunlu əhvalat vardır. Sizif də Prometey kimi hiyləgər olması ilə seçilir və Tanrıların sirlərini insanlara açıqladığı üçün bəhrəsiz əməklə cəzalandırılır. 

     İblisin bilgi, sənət və yoldançıxarma simvolu kimi işlənməsinə bədii ədəbiyyatda Götenin "Faust", Lermontovun "Demon", H. Cavidin "İblis" əsərlərində də rast gəlmək mümkündür. Maraqlıdır ki, "Ruhunu şeytana satmaq" əfsanəsi, ümumilikdə, keçmiş dövrlərdə çox istedadlı olan insanlar haqda istifadə olunmuşdur. Bu deyim daha çox Götenin "Faust" əsərində Faustun iblis Mefistofellə razılaşaraq, ona dünyəvi bilgi verməsi qarşılığında ruhunu ona bəxş etməsi süjetindən məlumdur. Belə ki, Faust əgər bir gün "Zaman, keçmə, dayan, sən nə gözəlsən" deyə etiraf etdiyində, Mefistofelin onun ruhunu almasına razı olacağını bildirir. Eyni zamanda, bədii ədəbiyyatda şər məzmunu - narahlıq verən, təşviş oyadan və s. psixoloji vəziyyətlərin təsviri kimi də istifadə edilmişdir. Məs.: Edqar Allan Po "Qara pişik" əsərində belə bir təsvir yaratmışdır: "Bir-birini əvəzləyən bu qarabasmaların təsiri altında ruhumdakı xeyirxahlıq duyğularının son işartıları da sönməyə başladı. Şər duyğular ruhumun yeganə həmdəminə çevrildi. Təbiətimdəki hüzn bütün insanlığa qarşı kin-küdurətlə əvəz olunmuşdu. Özümü kor-koranə ixtiyarına buraxdığım bir böhranın əsiri idim..." (10) Həmçinin dini ədəbiyyatda Qabil personajı da ilk cinayətkar olmaqla İblisin bir növ insaniləşmiş personajıdır. Bundan başqa, yunan mifologiyasında şər ruhu təmsil edən Lamia və "Tövrat"da üsyankar qadın simvolu olan Lilit obrazı da vardır. Hər iki obraz qisasçı olması, eyni zamanda vampirlik xüsusiyyətləri ilə də seçilir. Lamia həm də "gecənin təqibçi ruhu" (night-haunting) hesab olunur ki, İngilis dilində "haunting" eyni zamanda "beyinqarışdıran", "narahatedici", "ovsunlayan" mənalarına da gəlir. Maraqlıdır ki, antik dövrdə qeyri-müəyyən davranışlar sərgiləyən insanlarda şeytani təsirin olduğunu düşünən ruhani səlahiyyətli şəxslər həmin fərdin üzərində müxtəlif mistik ayinlər həyata keçirməklə şeytanın qovulmasına çalışmışdır. Xüsusilə də paqanizm və şamanizmdə (məs.: Kovuç anlayışı) bu məqam geniş olmuşdur. Sonradan xristianlıq zamanı eqzorsist (şeytan qovucusu) adı verilən şəxslər bu işi müxtəlif rituallarla həyata keçirməyə davam etmişdir. Orta əsrlər inkvizisiya zamanı isə ruhlarını şeytanın ələ keçirdiyi hesab olunan şəxslərdə həmin proses inkvizisiya məhkəməsinin qərarı ilə bədənə işgəncələrin verilməsi ilə həyata keçirilmişdir. Maraqlıdır ki, ruhlarla əlaqəyə girdiyi iddia edilən mediumların üzərində də həmin işgəncə metodları tətbiq edilmişdir. Həmçinin zaman keçdikcə bəzi iblis məzmunlu personajların mahiyyətində müəyyən dəyişikliklər yaranmışdır. Məs.: yəhudi mifologiyasından qaynaqlanan və yəhudi dini mətnləri olan "Tanax"da təsvirini tapan Şedim (Aşmodim) sırf təbiəti etibarilə (yadellilərin tanrısı hesab olunurdu) şər mahiyyətli hesab edilsə də, ümumilikdə, şər işlər törətmir. Şedim həmçinin ilk övladın qurban edildiyi paqanizm dövrünün tanrısı Molek (Molox) ilə də eyniləşdirilir. Bundan başqa, fars mifologiyasından qaynaqlanan Pəri personajı əvvəlcə tövbə edənə qədər cənnətə buraxılmayan nadinc varlıqlar hesab edilmiş, sonralar İslam dinin təsirilə xeyirxah işlər görən varlıq mahiyyəti qazanmışdır. Maraqlıdır ki, demonologiyada müəllifi naməlum olan "Süleymanın kiçik açarı" (Lemegeton) deyə adlandırılan sehr kitabında Süleyman peyğəmbərin cinləri möhürləmək üçün istifadə etdiyi üzükdən bəhs edilir. Bu hekayə "Süleymanın vəsiyyəti" olaraq da tanınan mənbəyə istinad edilir. Həmçinin "Əhd sandığı" (Tabutu-Səkinə) deyə adlandırılan və Süleyman məbədində qorunduğu, daha sonralar isə yoxa çıxdığı iddia edilən sandıqda hakimiyyət məzmunlu qüvvələrin saxlanılması süjeti də dini mətnlərdə yer almışdır. Dini mənbələrə görə, sandığa ancaq seçilmiş insanlar yaxınlaşa bilər və ona sahib olacaq şəxs bütün dünyaya hakim olacaq. 

 

"İblis nədir? 

- Cümlə xəyanətlərə bais

Ya hər kəsə xain olan İnsan nədir?

- İblis!"  (11)


İstifadə edilmiş ədəbiyyat:

Karl Saqan "İblislərlə dolu dünya elmin şam işığında" əsəri. (Bakı, "TEAS Press" nəşriyyatı, 515 səh.)

Əli Şəriəti "Özünüdərk və eşşəkləşdirmə" kitabı (Bakı, "Parlaq İmzalar" nəşriyyatı - 2018, 312 səh.)

Corc Bayron "Qabil" poeması.("Şərq-Qərb" nəşriyyatı. Bakı, 2006)

İohann Volfqanq Göte "Faust" faciəsi. ("Öndər" nəşriyyatı. Bakı, 2004)

Joze Saramaqo "İsanın İncili" əsəri. (GENDAŞ A.Ş., İstanbul 2000)

Alber Kamü "Sizif haqqında mif" essesi (Alber Kamü. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 496 səh.)

İohann Volfqanq Göte "Prometey" şeiri

Azərbaycan dilinin izahlı lüğəti. IV cilddə. Bakı, "Şərq-Qərb", 2006.


Nömrələnmiş qeydlər:

1) Latın deyimi.

2) Erix Fromm "Sevmək sənəti" əsərinə yazılmış müqəddimə hissəsindən (Mətn rus nəşrindən (Фромм Э. Искусство любить. Исследование природа любви. Минск. “Полифакт”, 1990-80 s. tere. L.Çenuşova) Q.Abbasova və L.Əsgərova tərəfindən tərcümə edilmişdir. Bakı, 2006)

3) Joze Saramaqo "Qabil" əsəri. (Kırmızı Kedi Yayınevi: 90 Çağdaş Dünya Edebiyatı: 2)

4) Fridrix Niçşe "Böyle söyledi Zerdüşt" (Türkiye İş Bankası Kültür Yayınları, 2011. Hasan Ali Yücel Klasikler Dizisi)

5) "Şeytanın tarixi və Satanizm" (Diamond Tema)

6) "Peyğəmbər Enokun müqəddəs kitabı" (Diamond Tema)

7) "Əyyub peyğəmbərin əhvalatı" (Diamond Tema) 

     8) Lermontov "Demon" poeması. (M. Y. Lermontov. Seçilmiş əsərləri. Bakı, "Öndər" nəşriyyat, 2005, 520 səh.)

9) Esxil "Zəncirlənmiş Prometey" faciəsi. (Esxil. Seçilmiş əsərləri. Bakı, "Avrasiya press", 2006, 200 səh.)  

10) Tərcümə Leyla Salayevaya məxsusdur.

11) Hüseyn Cavid "İblis" faciəsi. (Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild. Bakı, “Lider nəşriyyat”, 2005, 304 səh.)


* Narıncı rəngli hissələrə daxil olaraq qeyd edilən əsərlərin elektron versiyasını yükləyə və bəhs edilən mövzular haqqında istinadlarla tanış ola bilərsiniz.


Rəsmlər:

"Qovulmuş mələk", Aleksandr Kabanel


"Xristianlığın Paqanizm üzərində zəfəri", Qustav Dor 

 
"Reflections" (Norman Lindsay)


P. S.

"Mən qaranlıq gecənin ardından gələn şəfəqin övladıyam..."


Hazırladı: Eyvaz Usub


Comments

  1. AnonymousMay 15, 2023

    Əlavə olaraq onu qeyd edim ki, cənnət cəhənnəm və Allah İblis ayrıseçkiliyi İncildən və daha çox Qurandan başlayaraq salınır. Əslində yəhudilikdə iblis, şər Allahın iradəsinin bir hissəsidir. Quranda Ətraf surəsi 14. deyilir: İblis "Mənə insanların yenidən diriləcəyi günə qədər möhlət ver"
    15-ci ayə Allah "Sən möhlət verilənlərdənsən" deyir. Yəni bu da onu göstərir ki, əslində şeytan Tanrının iradəsinin bir parçasıdır. Əlavə olaraq bir şeyi qeyd edim ki, düzdür bədən Maddi olduğu üçün pislənir və bir də sağ-sol simvolizmi var ki, insan bədəninin sağ tərəfi muqəddəsləsdirilir. Sol tərəf isə pislənir. Məsələn, Musa Tanrını sağ tərəfdən gördü, İsa peyğəmbər Tanrının sağ tərəfində oturacaq, "sağ ol" ifadəsində ki sağ da bununla əlaqədardır. Bunun açıqlamasını uzun da vermək olar.

    ReplyDelete
    Replies
    1. İbtidai VəhşiMay 15, 2023

      Maraqlı əlavələriniz üçün təşəkkür edirik!

      Delete

Post a Comment