Ziqmund Froyd - Yuxu haqqında

Psixoanalizdə bizim gördüyümüz yuxuları tamam yeni yöndən anladılır. Tarix boyu yuxulara gələcək haqqında bilik, soraq qaynağı kimi baxıblar. Froyd isə başqa açım verir: yuxular gələcəkdən yox, keçmişdən soraq verir. Daha doğrusu, bilincaltına bütün keçmiş yaşam boyu yığılmış istəklər, görklər donlarını dəyişdirib yatan adamın şüuruna yuxular kimi girirlər.

Froyd yuxular haqqında maraqlı şeylər deyir. Birincisi, yuxulardakı obrazların çoxu dünyadakı hadisələrin eşidilməsindən, qoxusundan yox, görünüşündən alınmış obrazlardır. İkincisi, yuxu bilincaltındakılarının dona girmiş obrazlarıdır. Üçüncüsü, bilincaltı istəklər yuxularda yalandan da olsa, özlərini doydururlar. Dördüncüsü, yuxuları düz yoza bilsən, taparsan ki, sənin bilincinin altında nələr gizlənib səni içəridən, gizlindən oyur. Onları bilmək isə öz dərinliyini bilməkdir və deməli, səni xəlvətcə qovruldan, üzən istəkləri, çağırışları tapıb üzə çıxarmaqdır.

Froydun əxlaqi sağaldıcılığı da bunlardır: insan öz bilincinin altında olanları biləndə özünü bir çox psixi, deməli, əxlaqi pozuntulardan qurtarmaq üçün qoruyucu mexanizm qazanır.
 Bəs, yaxşı, yuxuları necə yozmaq olar ki, şüuraltını da biləsən? Froyd söyləyir: yuxuların dilini, xarakterik simvollarını bilmək gərəkdir. Yuxularda dəyişməz, davamlı təkrar olunan obrazlar var. Onlar simvollardır və özlərində çox vaxt eyni məzmunu gizlədirlər. Həmin simvolların dilini öyrənmək gərəkdir.
(1)
"Yuxugörmənin başlıca özəlliyi onun insanın gerçəkləşmək istəyən istəklərindən yaranmasıdır və bu istəklərin yerinə yetirilməsi də elə yuxugörmənin məzmununa çevrilir. Yuxugörmənin başqa bir dayanıqlı özəlliyi isə, onun bu istəkləri təkcə elə düşüncədən keçirməklə yetinməməsi, bu istəkləri gözəgörünmələr (hallüsinasiyalar) şəklinə salmasıdır. Yuxugörmədə gizli qalan gerçək anlamın "korlanması" istəklərin düşüncədən "gerçəkliyə" çevrilməsində özünü göstərir... Yatırsan, ancaq könlündəki istəyin yerinə yetməsi üçün darıxırsan; yuxugörmədə bu istəyini gerçəkləşdirirsən və yatmağa davam edirsən... Bəlli olduğu kimi, dildə yuxugörmənin bu özəlliyini andıran çoxlu deyimlər vardır. Elə bilirəm, bəlli atalar sözünü unutmamısınız:"donuz yuxusunda palıd qozası, qaz isə qarğıdalı görər; bu sözləri deyəndən sonra soruşulur: onda toyuq yuxusunda nə görür? Sonra da cavab verirlər: darı. Dildə oturuşan çoxlu deyimlər də bunu bildirməkdədir, örnək üçün: "yuxudakı kimi gözəl", "belə yaxşı şeyi yuxuda da görməzsən", "yatsam yuxuma da girməzdi" kimi sözləri göstərmək olar. Doğrudur, qorxulu yuxular da, habelə anlaşılmaz və anlamsız yuxugörmələr də olur, ancaq bəlli olduğu kimi, insanların arasında bunlarla bağlı ürəkdən gələn deyimlər yoxdur. Danışıq dilində "pis yuxu" deyimi olsa da, bizim danışıqlarımızda yuxugörmələrin, demək olar, hamısı istəklərin gerçəkləşməsinə bağlanılır. Donuzla qazın yuxuda onları necə kəsdiklərini görməsi ilə bağlı atalar sözlərinin olmaması da bundan soraq verir. ...Yuxugörmə yuxunun qoruyucusudur, o, iki çəkişən niyyətdən doğulur; bu niyyətlərdən biri yatmaq istəyi olaraq dəyişməz qalır, o birisi isə yatmağı əngəlləmək istəyən psixi qıcıqlanmanı ovutmaq istəyir; bu isə yuxugörmənin düşünülmüş psixi hadisə olduğunun sübutdur; onun iki başlıca özəlliyi isə yuxugörmədə ayıqlıqda yerinə yetməyən istəklərin gerçəkləşməsi və onların görüntülərlə (hallüsinasiya) yaşamasıdır... Yuxular bədənin bütün ömrü boyu özünü göstərən təbii istəkləri üzrə baş verir: yuxu, susuzluq, cinsi ehtiras, habelə bu kimi başqa cismani qıcıqlar yuxugörmə doğuran istəklərə çevrilirlər."
(2)
  Froyd maraqlı bir şeyi də tapır. Yuxudakı simvollar miflərdəki bir çox obrazlara əkizdir. Məsələn, Assur əsatirinə görə, Saraqon uşaqlıqda sudan tapılır. Eyni ilə Tövrata görə də Musa peyğəmbəri uşaqlıqda sudan tapırlar. Deməli, miflərdə sudan tapılmaq dünyaya gəlməklə bağlıdır. Ona görə də yuxuda sudan çıxmaq doğulmaq, suya düşmək ana bətninə (ilkinliyə) qayıtmaq istəkləri ilə bağlıdır.
 Bəs miflərlə yuxuların bu simvol ekizliyinin səbəbi nədir? Froyda görə, səbəb odur ki, miflərin də yaranmasında, yuxuların da görülməsində bir müəllif – şüuraltı işləyir.

 Froyd söyləyir ki, yuxularda divarları çıxıntısız, hamar olan ev kişiləri simvolizə edir. Artırmaları (eyvanları) çıxan evlərsə (yada sal qadın döşlərini) qadınlara eyham vurur. Beləliklə, Psixoanaliz bircə-bircə yuxularda işlənən, dəyişmədən təkrarlanan simvolları toplayıb miflərdəki, söyüşlərdəki obrazlarla tutuşdurur və onların çoxunda eyni, ya da oxşar, yaxın mənalar tapır.
Təkrar edirik, bütün bunlardan Freyd nəticə çıxarır ki, miflərin də, xəyalların da, yuxuların da, incəsənətin də yaranış qaynağı, əsasən, şüur yox, şüuraltı istəklərdir. O biri yandan, şizofrenikin ruhunu bürüyən, çəkdiyi şəkillərdə üzə çıxan obrazlarda mifə, yuxulara böyük oxşartı var, çünki şizofreniyada şüur şüuraltının həmlələri ilə dağılır və ruhu bilincaltının törətdiyi görklər doldurur.

Froyd insan qutunda peyda olan, birdən işaran heç bir görkü, duyğunu təsadüfi saymır. Ruhda elə-belə heç nə olmur. Ona görə də söyləyir: əgər yuxuların əsasında özünü, öz şüurunun altındakıları anlamaq istəyirsənsə, yuxunu danışanda hər hansı obrazla bağlı ağlına nə gəlirsə, onları da nəzərdə tut. Froyd bunu Psixoanalizin köməyi ilə nevrozu sağaltmaq istəyən həkimlərə də buyurur. Deyir, nevrozlar, əsasən, uşaqlıqdan alınmış psixi zədələrin, sarsıntıların bilincaltına keçməsidir, orada qalıb enerji toplamasıdır və xeyli keçəndən sonra vurub bütün gücü ilə şüura çıxaraq onu əyintiyə salmasıdır. Onun üçün də nevrotiki məcbur etməlisən ki, özünü öz düşüncələrinin axınına buraxsın. Bir şeyi danışanda, yuxuları söyləyəndə bilincinə izahedici, assosiativ nə «axırsa», onları gizlətməsin.

Psixoanalitik bütün bunları bircə-bircə toplaya-toplaya, xəstə ilə söhbətdə ola-ola, tapdıqlarını ona aça-aça xəstəyə onun psixolojisinin, - şüurunun və şüuraltının mənzərəsini canlandırır. Pasient nevrozunun uşaqlıqdan gələn səbəbini, - psixi zədəsini, sarsıntısını dərindən-dərinə xatırlayıb düşünür. Anlayır ki, onun şüurunu viran edən, onu rahat buraxmayan üzüntülü düşüncələrin kökündə qorxunc qara qüvvələr yox, filan adi şeylər durur ki, vaxtı ilə uşaq sadəliyinə görə onu sarsıtmışdı. Və bunu anladıqca xəstə sağalmağa başlayır. Gördüyümüz kimi nevrozdan sağaltma dərindən təsir edən sözlərlə gedir. Psixoanaliz dərmandan istifadə etmir. Psixoanalitik sözlərə qulaq asıb nevrozun səbəbini tapır və sözlərlə də təsir edib sağaldır.

İstifadə edilmiş mənbə:
1) Ziqmund Froyd "Psixoanalizlə ilkin tanışlıq" kitabı; 2) Niyazi Mehdi, Dilarə Mehdi "Fəlsəfə tarixində fəlsəfə" kitabı. 3) Rəsm: "Rahibənin yuxusu", Karl Brüllov

Comments