Mədəniyyət spektrları: Günah-ayıblama-qorxu
Mədəni antropologiyada günahkarlıq cəmiyyəti (və ya günahkarlıq mədəniyyəti), ayıblama cəmiyyəti (həmçinin ayıblama mədəniyyəti və ya şərəf-utanc mədəniyyəti) və qorxu cəmiyyəti (və ya qorxu mədəniyyəti) arasındakı fərq müxtəlif mədəniyyətləri təsnif etmək üçün istifadə edilmişdir. Fərqlər davranışın dövlət qanunları, biznes qaydaları və ya sosial etiket ilə necə tənzimləndiyinə aid edilə bilər. Bu təsnifat, xüsusilə, “Apollonçu” adlanan cəmiyyətlərə şamil edilərək onları fərdləri (xüsusən də, uşaqları) idarə etmək və ictimai nizamı qorumaq üçün istifadə etdikləri emosiyalara görə təsnif edərək normalara tabe olmağa istiqamətləndirmişdir.
Terminologiya Rut Benedikt tərəfindən Amerika mədəniyyətini "günah mədəniyyəti", Yapon mədəniyyətini isə "ayıblama mədəniyyəti" kimi təsvir edən "Xrizantema və Qılınc" kitabından sonra populyarlıq qazanmışdır. Kitab yaponların özləri haqqında təsəvvürlərinə də güclü təsir etmişdir.
Bu nəzəriyyəyə əsasən, günah mədəniyyətləri adətən Qərb cəmiyyətləri kimi fərdiyyətçi cəmiyyətlərdə mövcud olur. Bu mədəniyyətlərdə hər şey "doğru və yanlış" meyarları ilə müəyyən edilir. Bu meyarları həyata keçirmək üçün qanunlar qəbul edilir və uşaq yaşlarından etibarən insanlardan qanuna tabe olmaları tələb olunur. Beləliklə, insanlar etdikləri və etmədikləri şeylərə görə günahkarlıq (təqsirlilik) hissi keçirmiş olurlar. Günahsızlıq (təqsirsizlik) bu cəmiyyətlərdə "doğruluq" anlayışına bərabərdir.
Ayıblama mədəniyyətləri kollektivist tərzli Asiya cəmiyyətlərində özünü daha çox büruzə verir. Burada fərdi istəklərdən daha çox qrupun mənafeyi daha dəyərli sayılır. Kollektivist cəmiyyətlərdə "doğru və yanlış" deyil, "şərəfli olub-olmamaq" əsas meyar hesab edilir. Şan-şöhrət qazanmaq və rüsvayçılıqdan qaçmaq burada əsas hədəfdir. Rüsvayçılıq isə qrupun istəklərini yerinə yetirməməkdən qaynaqlanır. Fərdlər ailə, icma və ölkənin faydası üçün özlərini fəda etməlidirlər.
Qorxu və ya güc mədəniyyətləri də adətən kollektivist olur və Afrika cəmiyyətlərində daha çox görünür. İnsanların əsas qorxu mənbəyi şər ruhlar, lənətlər və əcdadlar kimi görünməyən qüvvələrdən ibarət olur. Məqsəd sizin xeyrinizə hərəkət etmək üçün ruhları sakitləşdirmək və ya manipulyasiya etməkdir. Bir çox inancdakı büt və ilahların varlığı da bu missiyanın həyata keçməsi üçündür.
İndi isə gəlin hər üç mədəniyyət növünə aid bəzi nümunələrə ayrı-ayrılıqda nəzər salaq.
1. Günah cəmiyyətləri.
Günah cəmiyyətində müəyyən qınaq obyekti olan davranışlar üçün təqsirlilik hissi (indi və ya axirətdə cəza gözləntisi) yaratmaq və davamlı olaraq gücləndirməklə nəzarət təmin edilir. Günah dünyagörüşü qanun və cəzaya xüsusi diqqət yetirir. Bu tip mədəniyyətdə olan bir insan “Mənim davranışım ədalətlidir, yoxsa ədalətsiz?” deyə özünü sorğulaya bilər. Bu mədəniyyət növü fərdi vicdanı da xüsusi vurğulayır.
Günah cəmiyyətində sosial nəzarətin əsas üsulu arzuolunmaz hesab etdiyi davranışa görə fərdə qarşı günahkarlıq duyğusunun təlqin edilməsidir.
Cinayət törətmiş cəmiyyətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, hadisədən əvvəl və ya sonra müəyyən davranışlar üçün təqsirlilikdən arınma vəziyyəti təmin edilir. Belə vəziyyətlərdə avtoritetlər təqsir və günahın bağışlanması şərtlərini manipulyasiya etməklə güc, pul və ya digər üstünlüklər qazanma imkanı əldə edirlər.
Paul Hiebert günah cəmiyyətini aşağıdakı kimi xarakterizə edir:
"Günah - içimizdəki mütləq əxlaq standartlarını pozduqda və vicdanımız əleyhinə davrandıqda yaranan bir duyğudur. Onun pis əməlindən heç kəs xəbərdar olmasa belə, insan öz suçundan əzab çəkə bilər; bu günahkarlıq hissi günahı etiraf etmək və kəffarəsini ödəməklə aradan qalxır. Əsl günah mədəniyyətləri ayıblama mədəniyyətləri kimi xarici təzyiq vasitələrinə deyil, yaxşı davranışın stimullaşdırıcısı kimi günahın yaratdığı daxili vicdan əzabına əsaslanır. Günah mədəniyyətləri əxlaqi nizamı bərpa etməyin yolları kimi cəza və bağışlamağı; ayıblama mədəniyyətləri isə sosial nizamı bərpa etməyin yolları kimi özünüinkar və təvazökarlığı vurğulayır." (Hiebert 1985, 213)
2. Ayıblama cəmiyyətləri.
Ayıblama cəmiyyətində nəzarət vasitələri utancın təlqin edilməsi və bir-birini tamamlayan təcridetmə təhdidindən ibarət olur. Utanc-şərəf dünyagörüşü “ləyaqət balansı” axtarır və qisas dinamikasına gətirib çıxara bilər.
Bu tip mədəniyyətdə olan bir insan soruşa bilər ki, "Görəsən, X-i yerinə yetirsəm, ayıb olmaz ki?" və ya "Y-ni etsəm, camaat mənə nə deyər?" Ayıblama mədəniyyətləri adətən qürur və şərəf anlayışlarına əsaslanır. Çox vaxt davranışlar hər şeydən daha artıq əhəmiyyət kəsb edir.
Çin
Çində utanc-həya konsepti Konfutsi təlimləri nəticəsində geniş yayılmışdır. "Seçilmiş kəlamlar"ın (Analects) 2-ci fəslində Konfutsinin aşağıdakı sözlərindən sitat gətirilir:
"Xalqa qanun və cəza ilə rəhbərlik et, onlar cəzadan çəkinəcək, lakin bunu həya duyduqları üçün etməyəcəklər. Onları fəzilət və rituallar vasitəsilə idarə et, həya hissləri qabaracaq və beləliklə, öz-özlərini nizama salacaqlar."
Yaponiya
Yapon cəmiyyətinin həyat tərzini əsaslı şəkildə izah edən ilk kitab Rut Benediktin "Xrizantema və Qılınc" kitabıdır. Kitab İkinci Dünya Müharibəsinin ilk illərindən antifaşizm koalisiyasının güclü düşməninə çevrilmiş yapon xalqının düşüncə tərzini anlamaq məqsədi ilə yazılmışdır.
Benediktin yazdığına görə, "yaponlar həm aqressiv, həm də qeyri-aqressiv, həm militarist, həm estetik, təkəbbürlü və nəzakətli, sərt və uyğunlaşa bilən, itaətkar və kobud rəftardan inciyən, sadiq və xain, cəsur və qorxaq, mühafizəkar və yeniliklərə qarşı açıqdırlar..."
3. Qorxu cəmiyyətləri.
Qorxu cəmiyyətində nəzarət qisas qorxusu ilə təmin edilir. Qorxu dünyagörüşü fiziki hakimiyyətə əsaslanır. Bu mədəniyyətdə bir insan "Görəsən, mən bunu etsəm, başım ağrımaz ki?" deyə soruşa bilər.
Elias Kanettinin "Kütlə və hakimiyyət" əsərində "Təqibçi və qaçan kütlə" deyə ayırdığı kütlə növlərindəki qorxuya əsaslanan idarəetmə növü də maraqlıdır. Kanetti yazır:
"Təqibçi kütlənin tarixi çox qədimdir, kökləri ən ibtidai dinamik birlik olan ovçu sürüsünə gedib çıxır. Bir qəbilənin ya da xalqın bir fərdə verə biləcəyi ölüm cəzalarını iki əsas növə ayıra bilərik; bunlardan birincisi - qovulmaqdır. Qəbildən qovulan insanı elə bir yerdə tərk edirlər ki, o burada ya acından öləcək, ya da vəhşi heyvanlara yem olacaq. Qəbilə yoldaşları ona kömək etməməli, yemək və sığınacaq verməməlidirlər. Onunla ünsiyyət quranlar cinayət etmiş olur və murdarlanmış sayılırlar. Tam tənhalıq - dəhşətli cəzadır; öz qrupundan təcrid olunmaq, xüsusən də primitiv şərtlər altında, - çox az adamın dözə biləcəyi bir işgəncədir. Belə qovulmanın eybəcər formalarından biri - düşmənə təslim edilməkdir. Əgər kişini düşmənə təslim edirlərsə və bu zaman heç bir müqavimət göstərilmirsə, cəza xüsusilə amansız və alçaldıcı hesab olunur. Onlar üçün bu, ikiqat ölümdür.
...Cəzanın ikinci növü - kollektiv qətldir. Məhkumu bir meydançaya aparıb daş-qalaq edirlər. Onun öldürülməsində hamının payı var, hər kəs daş atır və günahkar daş yağmuru altında həlak olur. Cəllad rolunu heç kim oynamır, günahkarı bütün icma qətlə yetirir. Burada daşlar bütün icmanı təmsil edir; daşlar - icmanın həm qərarının, həm də əməlinin əlamətidir. Kollektiv öldürməyə meyl, hətta daş-qalaq etmənin ortadan qalxdığı yerlərdə də öz varlığını saxlamışdır. Tonqalda yandırılmaq buna misaldır; alov - məhkumun öldürülməsini istəyən kütləni təmsil edir. Qurbanı hər tərəfdən alov şölələri bürüyür və öldürür. Cəhənnəm anlayışının yer aldığı dinlərdə kütlənin simvolu olan alov vasitəsilə kollektiv öldürmə - qovulmaq, çıxarılmaq ideyası ilə, yəni cəhənnəmə göndərmə də şeytana təslimetmə ilə birləşdirilir. Cəhənnəm alovu cəzaya məhkum edilmiş kafirin üstünə elə yer üzündəcə hücum çəkir və onu öz içinə alır. Qurbanın oxla öldürülməsi, yaxud məhkumun əsgərləri tərəfindən güllələnməsi - icmanın öz səlahiyyətlərini ölüm cəzasını icra edən qrupa verməsi deməkdir. Afrikada və daha bəzi yerlərdə rast gəlindiyi kimi, insanların qarışqa yığınlarına gömülməsi - kollektiv öldürmə kimi çətin işi saysız-hesabsız kütləni təmsil edən qarışqaların üstünə atmaqdır"
İstifadə edilmiş ədəbiyyat:
1.
https://encyclopedia.pub/entry/32983
2.
https://nancylucenay.com/how-to-recognize-different-cultures-guilt-shame-and-fear/
3.
https://en.m.wikipedia.org/wiki/Guilt%E2%80%93shame%E2%80%93fear_spectrum_of_cultures
4.
https://en.m.wikipedia.org/wiki/The_Chrysanthemum_and_the_Sword
5.
Elias Kanetti "Kütlə və Hakimiyyət" kitabı. (Bakı, "Qanun", 2019, 576 səh.)
6.
https://twitter.com/whatifalthist/status/1552735503065255937
7.
https://honorshame.com/types-honor-shame-cultures/
8.
Comments
Post a Comment