Hərbi xidmətdən vicdani imtina hüququ / Tomas Hammarberq

İlk vətənimiz bədənimizdir!
Öz varlığının yarısını inkar edərək yaşayan canlı xoşbəxt, güclü ola bilərmi? Belə bir canlı ilə bir yerdə yaşamaq səadət ola bilərmi? O özünü nəyəsə həsr edə, qurban verə bilərmi? (1)



 Bu yazı Tomas Hammarberqin "Avropanın bütün yerlərində hərbi xidmətdən imtina etmək hüququ təmin edilməlidir" (2012) adlı məqaləsinin tərcüməsidir. 


 "Avropanın bütün yerlərində hərbi xidmətdən imtina etmək hüququ təmin edilməlidir"


İnsanların dini və ya digər etiqadları hərbi xidmət keçməsinə mane olduqda həbs edilməməlidir. Bunun əvəzinə onlara həqiqi alternativ mülki xidmət təklif edilməlidir. Bu, hal-hazırda əksər ölkələrdə hörmətlə qarşılanan Avropa standartıdır – lakin bəzi təəssüf doğuran istisnalar var.

Vicdani etiraz hüququ 1967-ci ildə Parlament Assambleyası tərəfindən mövzu ilə bağlı ilk Qətnamənin qəbul edildiyi vaxtdan bəri Avropa Şurası tərəfindən təsbit edilir. Bu hüququn tanınması sonradan təşkilata qoşulmaq istəyən dövlətlər üçün tələbə çevrildi.

Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi Bayatyan adlı vətəndaşın Ermənistana qarşı qaldırılmış məhkəmə işində etiqaddan imtina hüququnun Avropa Konvensiyasının fikir, vicdan və din azadlığını qoruyan 9-cu maddəsi ilə təmin edildiyini tanıdı. Bu, hərbi xidmətdən imtina etdiklərinə görə Avropada hələ də zülmə məruz qalan bir çox vicdani etirazçılar üçün daha bir mühüm addım idi.


Təqiblər, həbslər və qeyri-insani rəftar.


 Hərbi xidmətə çağırış sistemini saxlayan 15 Avropa Şurası ölkəsi arasında son illərdə ən azı yeddisi etiraz edənləri həbsə atıb. Məsələn, Ermənistanda əqidəsinə görə hərbi xidmətdən imtina edənlər hələ də təqiblərə məruz qalır, mühakimə edilir və həbs olunurlar.

Keçən il Ermənistan həbsxanasına baş çəkərkən mən Yehovanın Şahidləri icmasına mənsub bir neçə gənclə bu vəziyyəti müzakirə etdim.  Onlar izah etdilər ki, mövcud alternativ xidmət formasını hərbi qüvvələr tərəfindən həyata keçirildiyi üçün qəbul edə bilmədiklərinə görə cəzalandırılıblar – bu məsələ Venesiya Komissiyasının da alternativ xidmət haqqında qanuna təklif edilən dəyişikliklərlə bağlı son rəyində işıqlandırılıb.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən alternativ xidmət haqqında qanun qəbul etməyi öhdəsinə götürüb.  Konstitusiya vicdani etiraz hüququnu təmin etsə də, müvafiq qanunvericilik bazası hələ qəbul olunmayıb. Buna görə də hərbi xidmətin alternativi yoxdur. Əqidəsinə görə hərbi xidmətdən imtina edənlər hərbi nəzarətdən kənar alternativ xidməti yerinə yetirmək üçün müraciət etdikdə həbs olunmaqda davam edirlər.

2010-cu il parlament seçkilərində namizəd olmuş gənc fəal Bəxtiyar Hacıyev alternativ xidmətlə bağlı müraciətinə baxmayaraq, hərbi xidmətdən yayındığına görə ötən il iki il müddətinə azadlıqdan məhrum edilmişdi.

Türkiyə Avropa Şurasının yeganə ölkəsidir ki, çağırışçılar üçün əqidəsinə görə hərbi xidmətdən boyun qaçırma hüququnu tanımır və əqidəsinə görə hərbi xidmətdən imtina edənlər təqib olunur və həbs edilirlər. Hətta onların hərbi xidmətlərini başa vurana qədər dəfələrlə həbs olunması halları da yaşanıb. Həmçinin həbsdə olan vicdani etirazçılara qarşı qeyri-insani rəftarın göstərilməsi ilə bağlı çoxsaylı məlumatlar da var.

Ülke işində, Strasburq Məhkəməsi, pasifist hesab olunaraq məcburi hərbi xidmətdən imtina etdiyi üçün iddiaçının təkrar məhkumluğa cəlb edilməsinin ləyaqəti alçaldan rəftar olduğuna qərar vermişdir (Avropa Konvensiyasının 3-cü maddəsinin pozulması).


Razılaşdırılmış standartlar tətbiq edilməlidir.


Avropa Şurası Nazirlər Komitəsi hərbi qulluqçularının hüquqlarına dair Tövsiyə xarakterli Bəyanatında 2010-cu ildə çağırışçıların əqidəsinə görə hərbi xidmətdən boyun qaçırma hüququna malik olmaları və onlara mülki xarakterli alternativ xidmət təklif edilməli olduğunu vurğulamışdır.

Bu deyilənlərdən, eləcə də Strasburq Məhkəməsinin presedent (2) hüququndan verilən mesaj çox aydındır: buna əməl etməyən üzv dövlətlər ordunun nəzarəti altında olmayan və cəzalandırıcı xarakterə malik olmayan həqiqi alternativ mülki xidmət həyata keçirməlidirlər.

Vicdani imtina insan hüquqlarından biridir. Buna görə də bütün üzv dövlətlərin öz öhdəliklərinə əməl etmələrinin və bu hüququ effektiv şəkildə tanımasının vaxtı gəlib çatmışdır.


Orijinal mənbə: 

"The right to conscientious objection to military service should be guaranteed in all parts of Europe" (Thomas Hammarberg)


Rəqəmlə qeyd edilmiş istinadlar:

1) Ağalar Məmmədov "Aşma" kitabı ("Qanun" Nəşriyyatı, Bakı, 2012).

2) Presedent -  Əvvəllər baş vermiş oxşar proses və ya qərarın qəbul edilməsinə səbəb kimi istifadə oluna bilən fəaliyyət, vəziyyət və ya hökm (Kembridc lüğəti)

 

Əlavə:

 "Vicdani ret nedir, vicdani retçi olduğunuzda başınıza neler gelir?" (Alper Yalçın)




Comments