"Amin" ifadəsinin mənşəyi

"Amin" ifadəsi əsasən müqəddəs (səmavi) hesab edilən dinlərdə istifadə olunan bir kəlimədir. Daha çox anlaşma, təsdiqləmə və ya istək bildirmək üçün bəzi ibadət və duaların sonunda istifadə olunan bir deyimdir. Etimologiyası: Amin - Semitik (Sâmî) mənşəli olub, "əmin, möhkəm, sabit" kimi məna daşıyan və "etibarlı (nəfər)" mənasındakı EMİN sözü ilə də əqraba olan bir sözdür. Yunanca "Əhdi-Ətiq"də ümumilikdə "Elə olsun" mənasında istifadə edilərkən, Bibliyanın ingilis dilli versiyalarında "mütləq, həqiqətən də" anlamında da işlədilmişdir. Dilimizə isə ərəbcədən keçərək "Elə olsun, Allah qəbul etsin" kimi işlədilir. Bəzi din fəlsəfəçiləri, yəni teosofistlər, Afrika mənşəli tarix nəzəriyyəçiləri və intuitiv (qnostik) analitiklər arasında ümumi rəy, sözün "Tanrıların kralı" olaraq bilinən Antik Misir tanrısı Amon'un (Amen) adından gəldiyidir. Lakin ivritcə Amen 'alef (א)' ilə başlayarkən, antik Misir dilində Amon "yodh" hərfi ilə başlayır. Bu da: "Yamen" şəklində səslənər. Tarixi: Amin, həyat yoldaşı Müt və oğulları Xensu Tiban (Khensu Theban) qəbiləsinin müqəddəs insanları idilər. Get-gedə Amon'un (ya da Amin) Misirdə əhəmiyyəti artdı və nəhayətində Amin, adı dini mərasimlərdə yüksək səslə söylənən Misirin baş Tanrısı vəya “ Tanrıların kralı” oldu. Bu, İsa Məsihdən əvvəl (1550-1070 illərində) Təbəşin şəhərinin (Thebesin) Misirin paytaxtı olan illərdə baş vermişdir. Sonra adı Âmin Ra və ya Amon Ra olaraq dəyişdi. Yəhüdilərin o bölgədə kölə olaraq yaşadığı ve 400 il davam etdiyi təxmin edilən dövrdə Amin (Âmin) kəliməsinin öncə İvrit dilinə, oradan da Xristianlığa və son olaraq Müsəlmanların dilinə girmiş olduğu düşünülməkdədir. İslamda çox sıx istifadə olunmasına baxmayaraq, Quran-i Kərimdə bu ifadə yer almamışdır. İslama girişinin Məhəmməd peyğəmbərin ölümündən 2-3 əsr sonra yazılmış olan hədis kitabları ilə gerçəkləşdiyi ehtimal edilir. Bibliyada işlədilən Amin ifadəsi "başqa bir danışanın sözlərini təsdiqləmək, eyni fikirdə olduğunu göstərmək" üçün istifadə olunurdu. Bəzən rəsmə andiçmə mərasimlərində vurğulamaq məqsədi ilə təkrarlanırdı. Bibliyada İsa'nın malik olduğu sifətlərindən biri olaraq da işlədilir. Hətta bu, İncildə dəfələrlə ismin təkində və cəmində də işlənmişdir. (Amin-Aminlər) Həmçinin İsanın dediyini təsdiqləmək üçün də istifadə edilmişdir. Bu növ "Aminlər" Sinoptik İncillərdə (Matta, Markos ve Luka) 52 dəfə, Yuhanna İncili'ndə isə 25 dəfə təkrarlanır. Yahudilərdə duadan sonra Amin demək adəti İudaizmdən qabaq antik dövrdən qalmadır. Hətta yəhüdilərdə məbəd əhli tərəfindən doksoloji (tanrını öyən sözlər deyilməsi) sonunda və ya din adamının duasının ardından AMİN deyilməsinə e.ə IV əsrdə də rast gəlinir. Amin anlayışı bu ritualistik istifadədən sonra Xristianlığa keçmişdir. Xristianlıqda müqəddəs sayılan Müqəddəs Yustin (eramızın II əsri) qeyd etdiyinə görə "Amin"in istifadəsi Efkaristiya ayininində başlanıldı və zamanla vəftiz mərasimlərində də istifadə olunmağa başladı. "Amin" ifadəsi Zəbur, Əhdi-Ətiq və Əhdi-Cədid`də istifadə olunmuşdur.
Müəllif: Anar Kamalzadə
Bəzi anlayışların izahı.
Bibliya - Xristianlığın müqəddəs kitablar toplusu. Əhdi-Ətiq və Əhdi-Cədid (İncil) adlı toplulara bölünür. Xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Bibliya 66 kitabdan ibarətdir, bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir. Əhdi-Ətiq - Tanax və ya Köhnə andlaşma. Yəhudilik və xristianlıqda müqəddəs hesab edilən kitab. Bibliyanın həcmcə ən böyük hissəsidir. Yəhudilər tərəfindən Tanax deyə adlandırılır. 3 hissədən ibarətdir: 1) Tövrat (Tora), 2) Peyğəmbərlər (Nəviim), 3) Yazılar (Kətuvim). Zəbur - qədim ibranicədən "Təhlilim" və ya "Həmdlər" mənasına gəlir. 150 mədh və ya dualardan (və ya məzmur - ruhani nəğmə) ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (Kətuvim) hissəsində yer alır. Çox vaxt "Davudun Zəburu" adlandırırlar. Belə ki, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur. 150 məzmurdan 73-ü "Davudun məzmuru" sözləri ilə başlayır. Əhdi-Cədid (İncil) - Xristianlığın müqəddəs kitabı. Sinoptik İncillər - Bibliyada yer alan və doğru qəbul edilən dörd İncildən üçü - Matta, Mark və Lukaya aid olan İncillər. Sinoptik ifadəsi yunancadan "homogen" (eynicinsli) mənasına gəlir. Belə ki, bu üç İncil mövzu və üslub baxımından bir-birinə çox bənzədiyi üçün belə adlandırılmışdır. Dördüncü İncil olan Yohanna İncilində isə İsanın həyatının izahıyla birlikdə, üslub və məzmun baxımından da Sinoptiklərdən fərqlənir. Ritual - Tarixən formalaşmış sosial-mədəni münasibətlərin, dini görüşlərin əks olunduğu mərasim, ayin. Müqəddəs və ya Əzabkeş Yustin (Saint Justin ) - Erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Apologetika - yunancadan "dəf edirəm, cavabını verirəm" deməkdir. Rasional düşüncə ilə dini ehkamların əsaslandırılması və tənqidçilərdən müdafiə edilməsinə həsr edilən xristian ilahiyyatının bölməsidir. Geniş mənada apologetika hər hansı təlimi rasional dəlillərlə müdafiə edənlərə də şamil edilə bilər. Vəftiz (Baptizm) - yunanca "suya batırma" mənasına gəlir. Xristianlıqda ən müqəddəs ayinlərdən bir, İmanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimidir. Bu adət yəhudilikdən xristianlığa keçmişdir. Qədim dövrlərdən su paklıq rəmzi sayılmışdır. Yəhudi olmayan bir şəxs "tvila" mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs.; Yesseylər təriqəti) gündəlik "müqəddəs yuyulma" yerinə yetirmək adəti var idi. Vəftizçi Yəhya İordan çayında xalqın tövbə etməsi və gələcəkdə olan Məsihə hazırlanmaq üçün vəftiz edirdi. İnsanlar vəftiz olunarkən günahlarını etiraf edirdilər. Paqanizmdəndən (bütpərəstlik, çoxallahlılıq) imtina edən insanlar vəftiz edildikdən sonra xristian hesab edilirdi. Foto: Misir Tanrısı Amon
İstifadə edilmiş mənbələr
1) https://www.britannica.com/topic/amen-prayer. 2) https://www.theosophy-nw.org/theosnw/ctg/am-an.htm 3) Laurence Louer "Sünniler ve Şiiler" (Bir ihtilafın siyasi tarihi) kitabı ("İletişim" yayınları). 4) Müslim Müxəddis "Səhih Müslim, Hədis-i Şərif" kitabı.

Comments