Kollektiv və fərdi dəlilik!

Psixiatr repressiv rol oynayır. Onun əsas qayğısı fərdin cismani və psixoloji sağlamlığı deyil. Onun əsas vəzifəsi hakim elitanın, sinfin, partiyanın və ya mədəniyyətin diktə etdiyi sanksiya edilmiş standartları dəstəkləməkdir. Bu standartları müdafiə etməklə psixiatr fərdin inkişafını və azadlığını məhdudlaşdıran qurumları gücləndirir. Hərbi psixiatrın rolu bariz nümunədir. Döyüşməkdən, başqalarını öldürməkdən qorxan bir əsgər onun qarşısına gətirildikdə psixiatrın vəzifəsi onu tez bir zamanda döyüş meydanına qaytarmaqdır. Psixiatr və onun təmsil etdiyi qüvvələr baxımından əsgərin qatil funksiyasını yerinə yetirməsi normaldır. Anormal sayılan isə, bu gəncin qorxması, döyüşmək, öldürmək istəməməsidir. Psixiatrın vəzifəsi yenidən, ən qısa zamanda onda qatil şəxsiyyəti formalaşdırmaqdır. Döyüşmək, başqalarının öldürməsi qərarını, bəlkə də Homo sapiens növüylə birlikdə daha çox növün məhv olmasına səbəb olacaq bu qərarı verən "liderlər"in psixoloji sağlamlığını sorğulamaq heç vaxt psixiatristin vəzifəsi sayılmır və indiyə kimi də sayılmamışdır. 
Psixologiyanın hərbi psixologiya deyilən bir sahəsi var. Bu sahənin əsas vəzifəsi orduları və əsgərləri daha təsirli öldürmə vasitələrinə çevirməyin psixoloji prinsiplərini və üsullarını araşdırmaqdır. Bu tədqiqatçılar, bütün digər alimlər kimi, illik elmi toplantılarını keçirir, onlarla eyni reputasiyaya malikdirlər, tədqiqatlarına görə pul alırlar və çox vaxt həmkarlarından daha çox qazanırlar. Digər tərəfdən, heç bir yerdə, heç bir ölkədə sülh psixologiyası deyilən bir ixtisas və tədqiqat sahəsi yoxdur.
 Kollektiv dəliliyin zirvəsində fərdi dəlilikdən sərt şəkildə imtina olunur. Alman totalitarizmi tərəfindən sistematik şəkildə ləğv edilən ilk qrup "dəli" deyilən ruhi xəstələr idi. Cəmiyyətin kollektiv çılğınlığına özünü həvalə etməyən tək qrup da onlar idi; çünki fərdi dəlilik fərdin özünə məxsusdur. Kollektiv dəliliyin totalitarizminə qarşı çıxmağın yeganə yolu fərddən keçir. Homo sapiensin zənginliyi onun üzvlərinin müxtəlifliyində özünü göstərir. Yaradıcılıq dünya və kainat baxımından sonsuz birləşmələri əhatə edir. Bu müxtəliflik Homo sapiensin uzunmüddətli sağ qalması üçün zəmanət ola bilər. Horkheimer, Adorno və dostları alman faşizmindən qaçaraq ABŞ-a getdilər. Orada antisemitizmlə bağlı araşdırma aparır və ABŞ-da düşmənçiliyin daha geniş yayıldığını aşkar edirlər. Halbuki, həmin Amerika xalqı da faşizmə qarşı mübarizə aparırdı. Tarix boyu xalqların başqa cəmiyyətlərdəki totalitar nizamları tənqid etdiyi, lakin öz ölkələrindəki irqçi, şovinist və totalitar sistemləri dəstəklədiyi dəfələrlə görülmüşdür. Sülhü qoruyan daim bizim silahlarımızdır, onu təhdid edən isə başqalarınınkı. 
Dəli sivilizasiyanın anti-qəhrəmanı olacaq. Standartlaşdırma və totalitarizmin geniş yayılmasına baxmayaraq, hələ də dəli olmağı bacaranlar, həqiqətən güclü və bənzərsiz şəxsiyyətlərdir. “Dəli” sözünə etinasız yanaşmaq lazım deyil, çünki bu imtiyaz çox az adama verilir. Bu, özü ilə böyük bir ağrı gətirən bir imtiyazdır. Bu ağrılar nadir hallarda yüngülləşdirilə bilər. Dəli o qədər təkdir ki, tutduğu yolda dünya və kainatla harmoniya içində olsa da, tərifdən, rəğbət və cəzadan kənardadır. 

  Mənbə: 

Gündüz Vassaf "Cəhənnəmə tərif" (Gündəlik həyatda totalitarizm) kitabı. (İletişim Yayınları)

Comments