Həyatımda ilk dəfə özünü aşmış, ağrı-acını da, ölümü də şəxsi hadisə kimi deyil, insandan üstün bir hadisə, bir araşdırma, müşahidə obyekti olaraq görən bir müdrik görürdüm: ölümü də yaşamı qədər əxlaqi bir igidlikdi. Froyd hələ o zamanlar onu bizdən alan xəstəlikdən əziyyət çəkirdi. Lakin o, qarşısındakına bunu hiss etdirməməyə çalışırdı. Onun polad kimi ruhu üçün dostlarına sevgisinin bədəninin yaratdığı o bayağı əzablardan daha güclü olduğunu göstərmək çox önəmliydi. Ağzında dəhşətli ağrılar davam etdiyi halda son günlərinə qədər yazı masasında işləməyə davam etdi. Çəkdiyi ağrılarla yuxusu - qeyri-adi dərəcədə dərin, sağlam yuxusu, 80 il boyunca günün əsas mənbəyi olan yuxusu - pozulduqda yuxu dərmanı, yaxud hər hansı bir yuxugətirici iynəni rədd edirdi. Tək bir saat belə zehninin aydınlığını belə sakitləşdiricilərlə dumanlandırmaq istəmirdi. Zehninin parlaq, aydın qalması üçün əzab çəkməyə, heç düşünə bilməməkdənsə əzab içində düşünməyə razıydı. Ən son ana qədər o, düşüncənin qəhrəmanı idi. Bu qorxunc mübarizə idi və davam etdikcə daha da ucalırdı. Hər keçən gün ölümün kölgəsi üzünə bir az daha artıq düşürdü. Sadəcə gözlərinə, o cəsarətli beynin dünyaya baxdığı zəbt edilməz müşahidə qülləsinə bənzəyən o gözlərə heç nə edə bilmirdi: gözlər və beynin son ana qədər canlı və diri qaldı. Froyda son ziyarətlərdən birində mənim fikrimcə, yeni nəslin ən istedadlı rəssamlarından biri olan və Froydun çox pərəstiş etdiyi Salvador Dalini də özümlə apardım. Mən Froydla danışarkən Dali onun rəsmini çəkməyə başlamışdı. Lakin Dalinin çəkdiyi rəsm əsərini Froyda göstərməyə əsla cəsarət etmədim, çünki uzaqgörən Dali onun üzündə ölümü çəkmişdi.
Yaşadığımız çağın ən güclü iradəsinin, ən kəskin dühasının ölümə qarşı apardığı dirəniş getdikcə daha qorxunc hal alırdı; açıqlıq və dəqiqliyi düşüncənin ən uca ərdəmi olaraq görən bu insan artıq yaza bilməyəcəyini, insanlara faydalı ola bilməyəcəyini anladıqda lap romalı qəhrəman kimi həkiminə, əzablarına son verməyə icazə verdi. Qeyri-adi həyatın qeyri-adı sonu idi. Bu öldürücü çağın saysız-hesabsız ölülərinin ortasında belə düşündürücü bir ölümdü. Biz onun tabutunu ingilis torpağına endirdikdə, vətənimizin yetişdirdiyi ən nadir çiçəyi burada basdırdığımızı bilirdik. ...Güclü yazma istəyi hər şeyin öhdəsindən gəlmişdi, xəstəliyə, qocalığa və sürgünə qalib gəlmişdi. Uzun mübarizə illərində içində saxladığı varlığının yaxşı cəhətləri ilk dəfə indi azad şəkildə ətrafa fışqırırdı. Vyanada keçirdiyi o iztirab dolu günlərdən sonra onu sərtləşmiş, özünü itirmiş halda görəcəyimdən qorxmuşdum. Lakin onu həmişəkindən daha azad və xoşbəxt gördüm.
Froydun əsərlərindən yavaş-yavaş hazırlanan fəlsəfi inqilabın bütün miqyasını tam dərk etmədiyim halda, bu qeyri-adi adamın güclü mənəvi cəhəti, sarsılmaz davranışı məni özünə bağlamışdı. Budur, nəhayət, qarşımızda hər gənc adamın özünə örnək olaraq görməyi düşləyəcəyi elm adamı vardı; son sübutu əldə edənə və mütləq şəkildə əmin olana qədər hər iddiasında son dərəcə diqqətli, lakin bir fərziyyənin keçərli olduğuna inandıqda da qorxmadan bütün dünyaya qarşı çıxa bilən, adi bir adam kimi təvazökar xarakterə sahib, lakin təliminin hər nəzəriyyəsi üçün döyüşməyə hazır, ortaya qoyduğu və elmi cəhətdən sübut etdiyi həqiqətlərə ölənə qədər sadiq olan elm adamı idi. Filosoflar arasında Froyddan daha qorxusuzu düşünülə bilməz. Froyd düşündüyü heç bir şeyi söyləməkdən çəkinməzdi, açıq və sərt şəkildə söylədiyi sözlərin qarşısındakıları narahat edəcəyini, alt-üst edəcəyini bilsə belə bundan çəkinməzdi. İnsan onunla danışarkən həm öyrənir, həm də heyran qalırdı. Hər cür ittihamdan uzaq, heç bir etirafdan çəkinməyən, heç bir fikrə sinirlənməyən və qarşısındakının hər şeyi dəqiq, aydın görməsi və hiss etməsi üçün onu öyrətməyi yaşam halına gətirmiş bu bənzərsiz insanın hər sözüylə razılaşırdınız. Froyd içinə düşdüyü çətin durumdan qurtulmaq üçün ən kiçik - formal olaraq da olsa, güzəştə getməzdi. Bundan olduqca əminəm: əgər Froyd sözlərinə qılaf tapsaydı, "cinsəllik" yerinə "erotik", "cinsi stimul" əvəzinə "eros" desəydi; nəticələrini böyük bir sərtliklə təsbit etmək yerinə sadəcə işarə etsəydi, nəzəriyyələrinin 4/5-ni heç bir akademik müqavimətlə qarşılaşmadan ortaya qoya bilərdi. Lakin o, təlim və həqiqətin olduğu yerdə kompromisə getməzdi; müqavimət nə qədər sərt olurdusa, qətiyyətliliyi də bir o qədər sərt olurdu. Mənəvi cəsarət məfhumu üçün nə vaxt bir simvol axtarsam - bir başqasının qurban edilməsini zəruri hesab etməyən yer üzündəki yeganə qəhrəmanlıq - Froydun aydın və sakit gözlərlə baxan o gözəl kişi siması gözümün önünə gəlir.
Stefan Sveyq "Dünənin dünyası" avtobioqrafik kitabı. "Alatoran" yayınları.
İstifadə edilmiş ədəbiyyat:
Comments
Post a Comment