Azadlıqdan qaçış / Erix Fromm

Sevginin əsası bərabərlik və azadlığa dayanır. Əgər tərəflərdən birinin boyun əyməsi və bütövlüyünü itirməsi əsasına dayanarsa, münasibət necə rasionallaşdırılırsa-rasionallaşdırılsın, hansı qılığ altında göstərilirsə-göstərilsin, mazoxist bir bağlılıqdır. Sadizm çox vaxt sevgi görüntüsündə ortaya çıxar. İnsan bir başqa insanı onun öz yaxşılığı üçün idarə etdiyini irəli sürə bilirsə, bu idarəetmə çox vaxt sevginin izahı kimi görünər, amma əsas amil hökmranlıqdan alınan həzzdir. Başqaları üzərində iqtidar sahibi olmaq, şübhəsiz ki, tam olaraq maddi mənada üstün gücün izahıdır. Başqa birini öldürmə səlahiyyəti məndədirsə, mən ondan "daha güclü"yəm. Amma psixoloji mənada "hökmranlıq ehtirası" güclülükdən deyil, zəiflikdən qaynaqlanır. Fərdi mənliyin təkbaşına ayaqdaqalma və həyatını davametdirmə səlahiyyətindən məhrum olduğunun izahıdır. Həqiqi gücün olmadığı yerdə ikinci bir gücü qazanma yolunda edilən ehtiyatsız bir cəhddir.
Sadist, idarə etdiyi insana ehtiyac duyar, ona ölümcül ehtiyac duyar, çünki şəxsi güclülük duyğusu bir başqa insanın ağası olması faktından qaynaqlanmaqdadır.
...Mazoxist istəklər də, sadist istəklər də fərdin o dözülməz tənhalıq və gücsüzlük duyğularından qaçmalarına yardımetmə meylindədirlər... Fərd özünü mənfi mənada "azad" hiss edər, yəni yadlaşmış, düşmən bir dünya qarşısında şəxsi məniylə təkbətəkdir... Qorxmuş fərd, özünü bağlayacaq bir kimsə və ya bir şey axtarar; artıq şəxsi fərdi məni olmasına dayana bilməz və təlaş içərisində ondan qurtulmağa, bu yükü, yəni mənliyini məhv edərək yenidən güvənlik hiss etməyə cəhd edər.
Mazoxizm bu məqsədə gedən yollardan biridir. Müxtəlif formalarda görülən mazoxist istəklərin tək bir məqsədi vardır; fərdi məndən xilas olmaq, özünü itirmək; başqa deyimlə, azadlıq yükündən qurtulmaq... Bir qorxunu daha da dəhşətli etməklə insanın qorxusuna çarə tapmağa çalışdığını söyləyə bilərikmi? Bəli, bax mazoxist insanın etdiyi budur. Mən, müstəqil və güclü olma istəklərimlə önəmsizlik və gücsüzlük duyğularım arasında qərarsız qaldığım müddətcə, işgəncədən fərqi olmayan bir ziddiyyət daxilinə düşərəm. Əgər fərdi mənimi heçə endirməkdə zəfərə çatarsam, bir fərd olaraq ayrı olmağım bilincini fəth edə bilərəm, özümü bu ziddiyyətdən qurtara bilərəm. Sağalmaz ölçüdə kiçik və çarəsiz hiss etmək, bu məqsədə gedən yollardan biridir; bir başqa yol isə, əzab içində qıvranmaqdır; bir digərisə, sərxoşluğun təsirləri altında silinməkdir.

 

Humanitar psixologiyanın öncüllərindən olan Fromm bu əsərində modern insanın özünə və topluma yabancılaçmasınınln sosio-psixoloji mexanizmasını, RenessansReformasiya dövrünün modern insanı yaratmasındakı rolunu incələyir. Renessanı bir qrup zəngin insanların yaratdığı mədəniyyət sayır. Reformasiya isə həmin zənginliklərin yaratdığı iqtisadi azadlıq (burada əsasən kapitalist inkişaf nəzərdə tutulur) çərçivəsində artıq ağalarından ayrılan və özünü özgür hiss edən orta və aşağı sinfin yaradıcılığının bir məhsulu idi. Maraqlıdır ki, bu "azad" insanların ağalarından ayrıldıqdan sonra tək qaldıqları və özlərini təcrid olunmuş hiss etdiklərini deyir. Beləliklə, orta sinif üzvləri təcrid olunduğunu hiss etdiyi üçün lüks həyat yaşayan azlığa (yeni təbəqə = kapitalistlər) ikrah hiss etməyə başlayır. Yaranmış vəziyyətə Lüter Kalvin insanları reforma çağırır. İlk baxışdan yaxşı kimi görünsə də, "hər gözəlin bir eybi olar" məqamı buradan da yan ötmür. Yeni reformistlər bildirir ki, insan Tanrıdan başqa heç nəyi düşünməməli, özgür iradəsini Tanrıya tabe etdirməlidir. Bunun üçün də daim əziyyət çəkməli, səy etməlidir ki, bəlkə bağışlana. Həmçinin onların taleyi əvvəlcədən müəyyən edilib. Yəni bir qism "uğurlu", bir qism isə "lənətlənmiş" olur. Nəticədə insanlar bir aslılıqdan çıxıb digərinə düşdülər. Bacardıqca kapital artırmağa çalışan insanlar öz ehtiraslarının asılısına çevrildi. Yuxarıda dediyimiz orta sinfin ikrah hissi bir növ kapitalizmə sərf etdi. Fromm demək olar bütün yaradıcılığında insanın maddi ehtirasının mənəvi tərəfinə yenik düşməsinə diqqət cəlb edir. Maddi zənginlik yaxşıdı, amma düşünək, bu zənginləşməyə sərf etdiyimiz enerjidən özümüz daha çox qazanırıq, yoxsa sistem? Və buna sərf etdiyimiz enerji psixoloji durumumuza qatqı verir, yoxsa daha da alır? Niçşe reformasiyanı buna görə sevmirdi. Əslində etdikləri "aktivlik" kütlənin öz ehtiraslarına boyun əyməsi idi, həyata sevgi, yaradıcı, inkişafetdirici əmək deyil. Renessansa isə, düşünürəm ki, daha çox yaradıcı əmək baxımından sevgisi vardı. Eyni zamanda "Tanrı öldü" ideyasının da mənbəyi həmin dövrdən nəşət etməyə başlayır əslində. Mənəvi dəyərlər uçuruma yuvarlanır və insan özünü təcridedilmiş hiss edir. (Marksın da fəhlənin öz əməyinə yadlaşması fikrinə bənzər) Belə durumda insan artıq dəyərləri yenidən dəyərləndirməli. Özündə güc tapıb yeni inanc formalaşdırmalıdır. Bunun üçünsə, insan onu çərçivələyən qəlibləri sındırmalı, özünü aşmalı və bundan sonra özü olmağa çalışmalıdır. Daha robot kimi olaraq sistem və digər ictimai nəsnələr (mentalitet, hansısa dini və fəlsəfi sistem və s.) tərəfindən idarə olunmamalı. Özü özünün hökmranı olmalıdır. Əks halda kölə psixologiyası qaçılmazdır.
Əsərdən seçmələr; İnsan nə ədaləti, nə də sevgini təmsil etməyən bir Tanrının zəfəri üçün bir vasitə olmağı qəbullandıqdan sonra, deməli, iqtisadi çarxın və daha sonra da bir "Fürer"in övladı olma rolunu qəbul etməyə kifayət qədər hazırdır. İndi, psixologiyanın ən çətin problemlərindən birinə gəldik: spontanlıq problemi... Spontan fəaliyyət fərdin təcridliyi və gücsüzlüyü səbəbindən göstərmək vəziyyətində olduğu məcburi bir fəaliyyət deyil. Kənardan təklif edilən qəlibləri süzgəcdən keçirmədən mənimsəmə mənasına gələn robot fəaliyyəti deyil. Spontan fəaliyyət, mənliyin azad fəaliyyətidir və psixoloji olaraq ifadənin latınca mənşəyi olan spontenin mənasını ehtiva edir. Latınca sponte insanın azad iradəsi mənasına gəlir. Burada fəaliyyət deyərkən, "nələrsə etməyi" deyil, insanın emosional, rasional və hissi təcrübələrində, həmçinin iradəsində aktivlik göstərə biləcək yaradıcı fəaliyyət xüsusiyyətini izah etmək istəyirik. Bu spontanlığın əsas şərtlərindən biri, ümumi şəxsiyyətin qəbul edilməsi və "məntiq" ilə "təbiət" arasındakı bölünmənin aradan qaldırılmasıdır; çünki spontan aktivlik, sadəcə insanın şəxsi mənliyinin əsas hissələrini basdırması, özünə qarşı şəffaf olması və həyatın fərqli sahələrinin əsas bir bütövlüyə çatması halında mümkündür. Hər şeydən əvvəl düşünməsi, hiss etməsi və davranışları, bir robotun deyil də, şəxsi mənliklərinin izahı olan və ya bir vaxtlar mövcud olan - spontan, təbii davranışlı fərdlər tanıyırıq. Kiçik uşaqların niyə çox vaxt insana cəlbedici gəlməsi soruşulsa, hesab edirən ki, hissiyatlı və ənənəvi səbəblərdən əlavə, bu spontanlıq xüsusiyyəti cavabı alınacaqdır. Bu spontanlıq, bunu qavrama bacarığını itirəcək ölçüdə ölməmiş hər kəsin çox xoşlandığı bir vəziyyətdir. Hətta istər uşaqda, istər bir sənətkarda və ya istər yaşları ya da peşələri üzlərindən oxunmayan fərdlərdə olsun, spontanlıqdan daha cəlbedici, daha inandırı heç nə yoxdur.
Bütün spontan fəaliyyətlərdə fərd dünyanı qucaqlayar. Fərdi mənliyi zərər görmədiyi kimi, daha güclü və daha sağlam vəziyyətə gələr. Çünki mənlik aktiv olduğu ölçüdə güclüdür. Nə maddi mülkiyyətə sahib olmaq, nə də duyğu və ya düşüncə kimi əqli xüsusiyətlərə sahib olmaq, bu növlü həqiqi bir güc verməz. Nəsnələrin istifadə edilməsində və bunlardan faydalanmasında da bu növlü bir güc yoxdur; istifadə etdiyimiz şeylər, mütləq onları istifadə etməyimiz səbəbi ilə bizim deyil. İstər bir insan və ya istər cansız bir nəsnə olsun, şəxsi yaradıcı fəaliyyətimiz vasitəsilə həqiqətən bir münasibət daxilində olduğumuz şey bizimdir. Təkcə spontan fəaliyyətimizin nəticəsi olan xüsusiyyətlər mənliyə güc verər və beləcə, mən'liyin bütövlüyünün əsasını formalaşdırarlar. Spontan fəaliyyətdə olma səlahiyyətilə daxildən gələn duyğu və düşüncələri diləgətirmə bacarığından məhrum olmaq və bunun nəticəsi olaraq ortaya çıxan başqalarına və özünə bir yalançı mənlik təklif etmək, alçaqlıq duyğusuyla zəifliyin mənbəyini formalaşdırır. Fərqində olsaq da, olmasaq da, bizi ən çox utandıracaq şey özümüz olmamaqdır və insana özünün olan şeyləri düşünmək, hiss etmək və söyləmək qədər böyük qürur və xoşbəxtlik verən başqa heç nə yoxdur. Konkret məmnuniyyət üçün deyil, mallarımızı satmaq kimi mücərrəd bir məqsəd üçün istehsal edərik; maddi olan və olmayan hər şeyi satın almaqla əldə edə biləcəyimizi hesab edərik, beləliklə, şeylər bizim onlarla bağlı hər hansı bir yaradıcı cəhdimizdən müstəqil olaraq bizim olar. Eyni şəkildə, insani xüsusiyyətlərimizi və cəhdlərimizin nəticələrini də pul, nüfuz və güc qarşılığında satıla bilən mallar olaraq görərik. Beləcə, yaradıcı fəaliyyətdən yaranan məmnuniyyət əvəzinə, istehsal edilmiş maddənin dəyəri önəm qazanar. Bu formada insan özünə həqiqi xoşbəxtliyi verə biləcək tək məmnuniyyəti - daxilində mövcud olan andakı fəaliyyətin yaşanmasını qaçırar və ələ keçirdiyini hesab etdiyi anda özünü məyusluq vəziyyətində buraxan bir kabusun - uğur deyə xatırlanan aldadıcı, göstərişli xoşbəxtliyin arxasından qaçmağa başlayar.
P. S. Seçilmiş hissələr fərdi şəkildə tərəfimizdən çevrilmişdir.

Comments