"Özgür İstənc", İnsanötəsi" - Niçşenin qürurlu yaşam fəlsəfəsi.

"Yaxşıca yatır, bolluca gülürdüm. Bundan daha sağlam, daha gümrah qala bilməzdim"

(Ecce Homo)


Bu yazı hərbi xidmət yaşantılarına əsaslanaraq hazırlanmışdır.


Mülkidən kənar olduğum 1 il müddətində özüm və yaşamımla bağlı bir çox nüansları fərqli tərəfdən baxmağı öyrəndim. Xüsusən marağımda olan Niçe fəlsəfəsində bir neçə paradoksu çözdüm. Bunlar əsasən; "Yaşama qatlanmaq""başqaldırıcılıq" (üsyankarlıq), "Özə dönüş""Özünüaşma". İlk öncə deyim ki, orada olarkən olaylara əks mövqedən baxma, baş verən proselərin neqativ yönlərində belə bir pozitivliyi, mənfidə müsbəti yaratmağı sınadım. Yəni, əlimdən normal yuxu və sevinmə duyğum, özgürlüyümün bir hissəsi alınmışdı, amma bu anda məhz yuxarıdakı sözləri xatırladım. Yenidən özümü həmin hissləri yaşamaq üçün kökləməyə, hər gün yenidən əvvəlki yaşamıma qayıdacağıma inanırdım. Buradan özünümotivə duyusunun nə dərəcədə önəmli olmasına vardım.

Niçe fəlsəfəsi öz daxilində ziddiyətlidir. Belə ki, Niçenin sistematik fəlsəfi təlimi olmamış, əsərlərini daha çox psixoloji halət tərzində qələmə almışdır. Məs.; Onun fəlsəfəsinə əsasən, insan itaət və başqaldırma xüsusiyyətlərinə bir yerdə necə malik ola bilər? Lakin qeyd etməliyik ki, dilimizdə tərcümə xətaları burada mühüm rol oynayır. "Amor fati" - dilimizdə adətən "taleyə itaət" kimi verilir, lakin bu daha çox ənənəvi tərcümədir. Əsl anlamda "yaşam sevgisi" və ya "yaşama qatlanmaq" (psixoloji dözümlülük və ya yaşamın verdiyi hər şeyə qatılmaq anlamında) olmalı. Tale də məhz yaşam anlamındadır. Lakin dini doqma anlayışı güclü olduğu üçün, tale daha çox mistik qüvvə kimi anlaşılır. Niçe hər nə qədər a-teizm tərzli olsa da, onda da ilahiləşdirilən bir şey var: yaşam. Çünki qarşı gələ bilmədiyimiz, imtina edə bilmədiyimiz bir şey daim olur. Onun tərəfindən idarə olunduğumuz, bizi hər gün oyanmağa, canlanmağa vadar edən - yaşam. Əvvəlki yazıda da dediyim kimi, insan daim həqiqət arayışında. Tək həqiqət isə yaşayır və ölümlü olmamız. Beləliklə, bütün dirəniş yaşam içərisində. Nəticədə yaşam ilahiləşdi, zamanla Tanrı, Allah və digər adları aldı. Beləliklə, yaşama itaət (Amor fati) digər adıyla "həyata HƏ demək" yaşamın aktiv, canlı tərəflərini ifadə edir. Bu sonradan ekzistensializm və psixoanalizə, sosial psixologiyaya da təsir göstərdi. Fərd yaşamı sevdiyi anda aktiv, yaradıcı olur. Əgər yaşama nifrət edirsə, yaşam ünsürlərinə - insanlara da qarşı dağıdıcı, zorakı olacaq. Niçe fəlsəfəsinin çəlişkili olması onun bir-biriylə bağlı olması anlamındadı. Hitlerin Niçedə gördüyü "Tanrı öldü" - bu yaşama qarşı zorakı tərəf idi. Tanrı öldü'nün köklü əsası var. Özəy olaraq xristianlığın ilkin yaranma dönəminə dönməli. İsa - sevgi təmsilçisi. İsanı öldürməklə ilkin həqiqət, yaşam istəyi öldü. Burada maraqlı bənzəmələr var. İlkin dini görüşlərdə də "ilk günahdan arınma (təmizlənmə)" ideyası güclüdür. Adəm və Həvva mifi "bilgi ağacı"ndan qidalanmaqla "yaxşı" və "pisi öyrəndirlər, yəni ilkin dəyər yarğısı yaratdılar. Düzən pozuldu. Sevinc və  Acılar anlaşıldı. Zamanla bu "günah"ı yumaq üçün insan dirəniş etdi, Cənnəti geri qaytarmağa çalışdı. Bu motiv İsa hadisəsində də oxşardı. Sonradan Pavel İsanın əksinə "bədənə nifrət et" fikri yaratdı. Xristian doqmasında bədənin qamçılanması (İslama da keçən xurafat) əslində təkcə fiziki deyil, psixoloji işgəncə üsulu idi. Xristian bədəni qamçılamaqla etdiyi günahı - İsanın ölümünü yumaq niyyətindədir. Yəni "acı çək, qurtulacaqsan". Niçe belə anlamsız acı çəkməyə qarşıdı, çünki təbii deyil, sonradan törəmədir. Ən təbii acı yaşam acısı, sevgidir. Özünün Lui Salome'yə olan duyğularını da belə anlatır: "Artıq verəcək mutluluğun qalmadı. Acıların var. Acı isə yaşama qarşı deyil". Yəni ağrıyıram, amma varam. Bu mükəmməl varoluşçu bir örnəkdir. Duyma bacarığım yerindədir, həm fiziki, həm psixi olaraq ölü deyiləm, canlıyam. Hitler də Pavelin İsanı təhrifə uğratması kimi, Niçeyə belə yanaşdı. Özü olmaqdansa, kütlə idarəsinə üz tutdu. Yaratmağı deyil, öldürməni seçdi. Frommun dediyi kimi "Yönəldən (idarə edən) yönəldilənə ( idarə edilənə) ehtiyaclıdır". Niçe əsla kimisə idarə etməyi övməyib, əksinə "Özünə hakimlik başqasına hakimlikdən üstündür" (Antixrist) deyirdi. Bu günümüzün də əsas sorunlarındandır.

Kamyunun dediyi kimi, Niçe başqaldırıcı fəlsəfə yaratmayıb, başqaldırıcılıq üzərindən fəlsəfə yaradıb. Yəni o, yaşama başqaldırmanı anlamsız sayır, çünki dəyişən heç nə olmayacaq. Burada yenə "yaşama nifrət və təsdiq" motivinə çıxırıq. Yaşama hə, yaşamsızlığıa yox, yaşamın təsdiqi (Amor fati), zorakılıq, dağıdıcılığın, hər cür psixi və fiziki intiharın, öldürmənin inkarı, bir sözlə pisliyə, bağımlılıq altına almaya, özgürlüyə qarşı olanlara başqaldırıcılıq.

Qeyd edim ki, Niçedə ilkin xristianlığa zəmin yaradan yəhudi ruhunun daha çox olduğunu düşünürəm. Yəhudi psixologiyası daha dirənişçidir. Özlərini seçilmiş xalq kimi görən yəhudilər, tarixən daimi qovalanmaya rəğmən qəlbində Tanrını hiss edir, özlərini "sonsuz sığınacaq yeri" kimi Tanrıya inanmağa sövq edirlər. Niçe bu metaforanı yaşama yükləyir. Məşhur deyimindəki kimi: "Yaşam üçün bir "niyə"si (nədən, səbəb) olan bütün "necə" (çətinliklərə) sinə gərə bilər". Niçe üçün bu səbəb yaşamından savayı başqa yaşamın olmamayışı idi. Nə varsa budur. Yəhudinin Tanrı tərəfindən seçilməsinə inandığı kimi, o da yaşam tərəfindən sınanıldığına inanırdı. Sınaq üçünsə acılar qaçılmazdı. Necə ola bilərdi yox, necə oldu önəmli və bu olma prosesinə baş etmə gücü (Dilimizdəki o mükəmməl ifadə kimi; Başa gələn çəkilər!) Niçe fəlsəfəsi bir dözümlülük, güc nümayişi. Niçe sanki yunan mifologiyasındakı torpağın oğlu Antey kimi həyat tərəfindən zərbə aldıqca, daha da güclənir. Anteyin anasından aldığı gücü Niçe də doğulduğu, ona canlılığı bəxş edən yaşamdan alır.

İndisə gələk daha önəmli anlayışlara: Öz'ə dönüş Özünüşma.

Dilin ifadə göstərici önəmlidi. Burada uyğun çevirmə xüsusi əhəmiyyətlidir. Məşhur "fövqəlinsan", "azad iradə" deyimləri hər nə qədər düzgün olsa da, anlamı tam vermir. Əvəzinə "fövqəlinsan" üçün "İnsanötəsi", "azad iradə" üçünsə "Özgür istənc" işlənməli. İzah edim. Bəzən "Üstinsan" da işlədilir, mahiyyətcə Niçedə altinsan yoxdur,ona görə də üst insan da ola bilməz (bunu Ağalar Qutdan götürmüşəm). Sadəcə vəhşi tərəfimizin olduğu heyvan, sonra mədəniləşən insan var. Lakin insan olduğu ilə qalmamalı, özünü aşmalıdır. Aşma gözəl təsbitdir, amma ən yaxşısı "ötmək"dir. Çünki insan özünü ötdükdə, indiki insanı keçir. Burada Niçenin "sonsuz təkrar" (bəngi dönüş) anlayışına keçid edirik. "Yaşadığın hər şeyi təkrarən yaşayacaqsan. Yaşamında yeni bir şey olmayacaq" deyirdi. Yəni yer kürəsi kimi, dönüb fırlanaraq yenidən öz ilkin doğamıza qayıtmaq zorundayıq. Bu qaçılmazdı. Niçe bizi uşaqkən necə yaşam istəklisi idiksə, elə sevincli görmək istəyir. Ona görə də "özgür istənc" daha yaxşıdı. İstənc burada iradə, istəmək anlamındadır. İnsan özü istəyib, özü əldə edəndə daha qürurlu olur. Zərdüşt'nü dağlar qoynunda yazarkən, çətin yerlərə özü təkbaşına, kömək olmadan çıxırdı. Burda da fəlsəfəsinin daha bir paradoksal vəhdəti; "buzlar içində könüllü yaşam""cəhənnəmliklər əzabı", "Göz yaşları içərisində doğruları söyləmək" dediyi şeyləri, doğmalarımdan uzaq, qəlbimin ən sıxıntılı anlarında həm iqlim çətinliyi, həm psixoloji olaraq yaşadım. Hər gün eyni fiziki ağrından yaranan psixi ağrılar çəkirdim, amma "Yat" komandası ilə ağrılarımı uyuşdurur, sanki yaşamıma boyun əyir, səhər "Qalx!" komandası ilə yenidən oyanır, sanki baş qaldırır, özümü, ağrılarımı aşır, yenidən eyni ağrıları yaşamağa başlayırdım. "Dağ havası kimi bir yaşam" - dağ havası çətindir, təhlükəlidir (hər an uçuruma düşə bilərsən), ancaq həm də qürurvericidir, özünü təhlükə, adrenalin qoynunda hiss edirsən. Buradakı təhlükə ölüm deyil, yaşam xarakterli təhlükədir. Öldürücü deyil, adrenalin yaşadan, həyəcananverici təhlükədir. Mən bunu özümün də sınadığım olurdu. Bəzən olduğum yerdə təpələrə çıxır və sərt küləyin üzümə çırpmasına sevinclə dözür, özümü sanki daha güclü hiss edirdim. Buradakı psixoloji məna: Daim uçuruma, itkilərə, yıxılmalara hazır olmalı. İnsan ağrı çəkdikcə möhkəmlənir ("Nə öldürmürsə, gücləndirər"). Özünü aşmaq burada indiki öz'ünü aşma anlamındadır. Lakin biz ilkin öz'ə qayıtmalı, doğulduğumuz andakı kimi sevincli, saf öz'ə. Burada Niçenin alman ruhuna göndərmələri də var. Qədim almanlar qadınlı kişili döyüşkən xarakterli olub (ale man (all man) - bütün insanlar). Dövrünün alman ruhu isə korlanmış xristian ruhunun təsirinə uymuş, öz dirənişini, yaşama sevincini, ilkin həqiqəti - Tanrını öldürmüşdü. Ona görə "Öz küllərindən yenidənyaranma" adı verdiyi şey - bəngi dönüş, özünüaşma, İnsanötəsi olmaq lazım idi. Bu sanki tumurcuqlayan bir çiçəyin meyvə verməsi kimi, bədənin hansısa yaralanan yerinin özünübərpa etməsi kimi anlaşılmalıdır.

Həmçinin Niçenin "istənc" dediyi İslam fəlsəfəsindəki "nəfs" anlayışına uyğundur, insan istəncini idarə edə bilməsə, istənc onu idarə edəcək. İstəncin bağımlısı olacaq. Niçeyə görə, ən bağımlı istənc yaşam istənci olmalı, kənar istənclər, məs. maddiyat bağımlılığı və digərləri bizi öz'ümüzdən uzaqlaşdırır, özgürlüyümüzü əsatər altına alır. Özədönmə İslamın "fitrət" anlayışına bənzəyir. Əli Şəriəti tərzdə desək, insanın fitrətində sevgi və özgürlük dayanır. Çünki insan sevə bilməsə özgür olmaz, özgür olmasa da sevə bilməz. Bir daha qeyd edim ki, sevgi və özgürlük burada sırf həyata, yaşama qarşı olan sorumluluq, motivəedici qüvvə anlamındadır.

Niçe, qeyd etdiyim kimi özündən sonrakı fəlsəfi və psixoloji düşüncəyə dərin təsir edib. Onun "dəyərləndirmə" dediyi şey sonradan varoluşçuluq (ekzistensializm) fəlsəfi cərəyanı, xüsusən də Sartrın "insan özünü nə etmişsə odur", Franklın "seçim özgürlüyü" dediyi şeylərin daha ilkin izahıdır. Burada xüsusi qeyd etmək istədiyim məqam. "Zərdüşt belə buyurdu" əsərində olan mühüm çevirmə xətası var. Orda bir hissədə deyir ki; "Dünya yeni dəyər yaradanların başına fırlanır. Yaradan olmaq istəyən məhv etməlidir". Burada məhv etmək sanki dağıdıcılıq anlamı verir. Məncə, bu yanlış çevirmədi. Çox güman burada "yıkmak" kimi bir söz olub, bu isə "aşma, ötmə" anlamındadır. Yaradan olmaq istəyən yıxmalıdır, yəni aşmalıdır. Özünü ötməlidir kimi. İnsan özünü ötdükdə, artıq yeni çiçək açarmış kimi olur. Dağıdıcı yox, yaradıcı olur. Niçe dirəniş edərkən də özgünlüyümüzü savunur. Yəni, kiməsə qarşı olanda həmin kimsə kimi olmamaq. Haqsızlığa qarşı haqsız dirəniş etməmək: "Canavarlarla döyüşərkən, özünün də canavara dönməməsinə diqqət etməli insan. Uçurumun dərinliyinə baxarkən, uçurumun da sənin dərinliyinə baxdığından əmin olmalısan".

Qeyd edim ki, Niçe fəlsəfəsini praktiki yaşamı ilə uzlaşdıra bilmiş insanlardandır. Prussiya-Fransa savaşı zamanı  artilleria qoşununda xidmət edərkən yaşam və ölüm, özünəhökmranlıq və başqasına hökmetmə, özgürlük ("Öz əlin, öz başın",  "Kiminsə acizi deyiləm") kimi anlayışları daha praktiki sınamışdır. Necə deyərlər, düşündüyü kimi yaşamış, yaşadığı kimi düşünmüşdür.  

Mən burada Niçeni ideallaşdırmış kimi görünsə də, yaşama dair bir vasitə olaraq Niçedən yararlandım. Ən yaxşı örnək isə yaşadığım fiziki və psixi ağrılardan sonra hələ də dik qalabilmə, yaşam istəyimi qoruya bilməyi göstərə bilərəm. 

Nəzəri və praktiki bilginin sintezinə dair bir örnək!

Comments