"Azadlığa can atmaq hər bir fərdə və xalqa məxsus anadangəlmə instinktdir, onu uzun müddət əzmək mümkün deyil" (Vilhelm Hozenfeld)

18 yanvar 1942.
Nasist inqilabı hər şeydə yarımçıqlığı ilə fərqlənir. Tarix Böyük Fransa inqilabının qəddarlığından və qorxunc vəhşiliyindən danışır. Bolşevik çevrilişi zamanı nifrət dolu yarıminsanların heyvani instinktləri cəmiyyətin hakim siniflərinə qarşı qorxulu cinayətlərə səbəb oldu. Amma nə qədər qınasam və təəssüf hissi keçirsəm də, onların qətiyyətini və sarsılmazlığını qeyd etməməyim düzgün olmaz. Məqsədlərinə doğru sapdırmadan irəliləyən bu qiyamçılar əxlaqa, vicdanlarının səsinə, ya nəcabətlərinə məhəl qoymadan bütün hərəkətlərində heç bir qeydsiz-şərtsiz, illüziyasız və kompromissiz riskə gediblər. Yakobinçilər də, bolşeviklər də hakim sinfin nümayəndələrini qətlə yetirib və hökmdar ailələrini edam ediblər. Onlar xristianlıqla əlaqələrini kəsib və katolik dininə qarşı müharibə aparıblar. Onlar öz xalqlarını böyük həvəslə və vüsətlə apardıqları müharibəyə sövq edə biliblər - onda bu, inqilabi müharibələr idi, indi isə eyni müharibəyə almanlar başlayıblar. Bu ziyankar elementlərin nəzəriyyələri və ideyaları öz ölkələrinin sərhədlərini aşaraq böyük təsir gücü qazanıb. Nasistlərin metodları başqadır, amma onun da əsasında eyni prinsip dayanır: fərqli düşünənlərin qətli və məhvi! Bəzən özününküləri də güllələyirlər, amma bu barədə susur və onu ictimai fikirdən gizli saxlayırlar. Adamları həbs düşərgələrinə göndərir və orda planlı şəkildə məhv edirlər. İctimaiyyətin isə heç nədən xəbəri olmur. Hərçənd, madam ki, dövlət düşmənlərini ovlamağa başlamısan, onda onları ifşa edib cəmiyyətin məhkəməsinə verməyə də cəsarətin çatmalıdır.
Nasistlər bir tərəfdən hakim sinfin maliyyə və sənaye çevrələrinə bağlıdırlar və kapitalizmin prinsiplərini dəstəkləyirlər, digər tərəfdən sosializm elan edirlər. Şəxsiyyətin azad inkişaf, azad vicdan hüququ elan olunur, eyni zamanda xristian kilsələri məhv edilir, onlarla gizli müharibə aparılır. Hər şey partiya mənsubiyyətindən asılı olduğu halda, iş zamanı azad seçim hüququndan danışırlar. Ən istedadlı və parlaq bacarıqlara malik adam belə hakim partiya xaricindədirsə, istefaya göndərilir. Hitler təpədən dırnağacan silahlandığı halda, dünyaya sülh vəd edir. O, başqa xalqlara hədə-qorxu gəlmədiyini və onları təyini-müqəddərat hüququndan məhrum etmək niyyətində olmadığını bəyan edir, lakin əvəzində çexlərin, polyakların və serblərin başına nə oyun gətirir. Polşa xalqını öz torpağında dövlətindən məhrum etməyə heç bir lüzum yox idi.
Gəlin görək nasistlər elan elan etdikləri prinsiplərə nə qədər sadiqdirlər; məsələn: "Ümumi rifah şəxsi firavanlıqdan üstündür". Onlar bunu boz kütlədən tələb edirlər, özlərininsə əsla bu cür yaşamaq fikri yoxdur. Düşmənlə kim savaşır? Partiya deyil, xalq. Orduya xidmətə hətta şikəstləri göndərirlər, cəbhədən uzaq partiya komitələrində və polisdə isə sağlam və güclü gənclər oturur. Niyə?
İndi polyakların və yəhudilərin var-dövlətini əllərindən alır, mənimsəyirlər. Nəticədə onlar ac qalır, səfalətdən və soyuqdan əziyyət çəkirlər. Hətta bu da kimsənin hər şeyi özününküləşdirməsinə mane olmur.

Varşava, 13 avqust 1942.
...Bir qadın haqqında bəhs etdiyim tacirə gestapoçuların necə yəhudi doğum evinə soxulduğu, ordan yeni doğulmuş körpələri götürüb çantaya doldurduqları və küçədə meyitlərlə dolu arabaya atdıqları barədə danışıb. Körpələrin ağlamaq səsləri, analarının isə ürəkparçalayan fərydaları bu əclafların tükünü belə tərpətməyib. Buna inanmaq çətindir, amma bu, həqiqətdir. Elə ikisi dünən mənimlə birgə tramvayda gedirdilər, əllərində qamçı vardı - bu heyvanlar gettodan elə indicə çıxıblar. Onları tamvayın altına ata bilmək üçün nələrdən keçməzdim!
Bütün bunlar baş verdiyi halda susuruqsa, biz qorxağın dal ayağıyıq. Bax elə ona görə də cəzasını bizlər, günahsız uşaqlarımız çəkəcək, çünki belə cinayətlərə göz yummaqla biz həm də onların iştirakçısına çevrilirik.

1942-ci il avqustun 21-dən sonra.
Yer üzündə ən böyük şər - yalandır. O, İblislə birbaşa müttəfiqdir. Hamımızın başını necə də piyləyirlər. Yalan yazmayan qəzet yoxdur. İstər siyasət olsun, istər iqtisadiyyat, istər tarix, istərsə də sosial və ya mədəni sahə, hər yerdə həqiqət ayaqlar altına atılır və təhrif edilir. Nə qədər yalan olar?! Bunun bir sonu olmalıdır! İnsan ruhunun azadlığına və şəxsiyyət azadlığına and içirəm! İnsaniyyətin yenidən doğulması üçün yalançılar və saxtakarlar yer üzündən silinməli, öz diktatura hakimiyyətlərini itirməlidirlər.

6 iyul 1943.
...Biz nasistlərin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün heç nə etməmişik, öz ideallarımızı - şəxsiyyət azadlığımızı, din azadlığımızı, fikir azadlığımızı satmışıq.
Fəhlələr bunu dəstəkləyiblər, kilsə gözləmə mövqeyi tutub, şəhərlilər də elə ruhanilərin ali təbəqələri kimi qorxaq idilər. Biz həmkarlar ittifaqlarının darmadağın edilməsinə, dini azlıqların təqibinə, mətbuatda və radioda azad sözün boğulmasına yol vermişik. Sonra isə müharibəyə sürüklənməyə imkan yaratdıq. Almanların parlamentinin olmaması bizim xoşumuza gəlirdi, ya da bizə deməyə heç bir sözü olmayan parlament əl verirdi. İdealları satmaq cəzasız qalmamalıdır, odur ki, indi biz əkdiyimizi biçməliyik.

5 dekabr 1943.
...Almaniyada artıq heç kəs bizim müharibəni udacağımıza inanmır. Və bu vəziyyətdə nə etmək lazım olduğunu da kimsə bilmir. Ölkəmizdə çevriliş olmayacaq, çünki heç kəs gestapoya qarşı çıxmağa cürət etməyəcək. Ayrı-ayrı adamların təkbaşına cəhdləri heç nəyi dəyişmir. Kütlə, bəlkə də, onları dəstəkləyirdi, amma hamının əli-qolu bağlıdır. On ildən artıqdır ki, əhalinin böyük hissəsinin şəxsi azadlığı yoxur, gestapo tərəfindən zəbt olunub. Ordudan da çevriliş gözləmək olmaz. O, böyük həvəslə məhvə sürüklənir. Burda kütləvi xarakter ala biləcək müqavimətə istənilən ümid tez bir zamanda sönür. Deməli, sonadək getməli olacağıq və bu son bizə kədərdən savayı heç nə gətirməyəcək. Törətdiyimiz bütün şər əməllərin, səbəbi olduğumuz bütün bədbəxtliklərin hesabını bütövlükdə xalq özü verməli olacaq. Qanlı cinayətlərin bağışlanması üçün günahsız adamların qurban verilməsi mütləqdir.

11 yanvar 1944.
Deyəsən, fürer Varşavanı yer üzündən silməyi əmr edib və bu əmr artıq həyata keçirilir. Küçələrin çoxu od-alov içindədir. Sakinlərə şəhəri tərk etmək əmr olunub, nəhəng izdiham şərqə tərəf uzanır. Əgər Hitler gerçəkdən də belə bir göstəriş veribsə, deməli, biz Varşavanı, ümumiyyətlə isə Polşanı təslim edirik və müharibəni uduzuruq. Biz beş il ərzində tutub saxladığımız və hərbi istila kimi dünya ictimaiyyətinin gözünə soxduğumuz nə varsa, atıb gedirik. Halbuki bütün bunlara görə fantastik vəsait xərcləmişdik, üstəlik özümüzü elə aparırdıq, sanki, burda daim ağalıq edəcəkdik. İndi isə ələ keçirdiyimiz hər şeyi itirdiyimizi boynumuza almalı, əməllərimizin bəhrəsini - mədəniyyət sahəsində qarşısına ciddi vəzifələr qoymuş və bununla da öz mövcudluğuna dünya ictimaiyyətinin gözündə təmizə çıxarmağa çalışan mülki adminstriyasının qürurlandığı nə varsa, hamısını məhv etməliyik.
Bu, şərq siyasətimizin iflasıdır.
Varşavanı xarabazara çevirməklə, biz həmin siyasətin üstündən qalın bir xətt çəkmiş oluruq.
İstifadə olunmuş mənbə:
Vladislav Şpilman "Pianoçu" əsəri. ("Altun Kitab" nəşriyyatı)
Maraq üçün:
https://seyler.eksisozluk.com/duzinelerce-yahudinin-hayatini-kurtaran-nazi-subayi-wilm-hosenfeld
Comments
Post a Comment