“Yaşayan hər şey dəyərlidir”: KİNTSUGİ sənəti


                           

Yaponların “Kintsugi” deyilən bir adətləri var. Onlar, qırılan əşyalarını qızıl tozundan istifadə edərək təmir edirlər. Bəzilərimizin, qırılan kimi dərhal atdığımız o əşyalar qızılla birləşdirilir və əvvəlkindən daha gözəl vəziyyətə gətirilir. Bu adətin altında isə, bir fəlsəfə gizlidir. Belə ki, bir əşya və ya bir insan əzab çəkirsə, deməli, bundan bir dərs alır və bununla bağlı bir xatirəyə sahibdir. Buna görə də o, artıq əvvəlkindən daha gözəl və daha dəyərlidir.

"Kintsugi" nədir? - "Yaşanan hər şey dəyərlidir" deyə səssizcə üsyan edən yapon incəsənəti.

Son illərdə populyar sənət dərgilərində özündən geniş bəhs etdirən sənət növlərindən biri olan “Kintsugi”nin, xeyli dərin və fəlsəfi bir arxa planı mövcuddur. Yapon mədəniyyətinə xas sənət olan Kintugini təsvir etmək üçün, bizi uzun bir tərif gözləyəsidir. Çünki, Kintsugi, sadəcə nəsnələrə forma verən bir sənət olmaqla qalmayıb, daha çox fəlsəfi və meditativ bir məna və məzmuna malikdir.
Kintsuginin meydana gəlməsi 15-ci əsr Yaponiyasına söykənir. Rəvayətə görə, yapon imperatoru, (bəzi versiyalarda isə, komandir Ashikaga Yoshimasa) sarayının dəyərli çini əşyaları qırıldıqda, bunları itirməyə qıymadığına görə, təmir üçün Çinə göndərir. Çində, bu əşyaların adi metal sayılan dəmir tellərlə təmir edildiyini görüncə, bu əşyaların qızılla təmir edilməsini əmr edərək, Kintsugi sənətinin təməllərini qoyur. Beləliklə də, imperatorun məyusluğu məmnuniyyətə çevrilir.
Etimoloji olaraq baxsaq; "kin" sözü yaponcadan "qızıl", "tsugi" isə, "birləşdirmək" olaraq,  "qızılla birləşdirilmə" mənasına gəldiyi görülməkdədir. Hazırda bu sənət Yaponiyada iki fərqli sahədə işlənilməkdədir. İlki, məqaləmizin də bəhs edildiyi Kintsugi - yəni, qızılla birləşdirilmə olaraq; digəri isə,  Kintsukuroi olaraq bilinən, qızılla təmir adı altında reallaşdırılan ənənəvi təmir fəaliyyətlərini ifadə etməkdədir. Kintsugi sənətinin ilk nümunələrində yüngül bir formada qızıl istifadə olunarkən, hazırda daha möhkəm və canlı bir görünüş təqdim etdiyi üçün, platin və ya gümüşün lakla qarışdırılmasından əldə olunan maddələr istifadə edilir. Yəni, qırılan əşyanı təmin edərkən, daha da qiymətləndirməyə çalışmağın adıdır, Kintsugi.

         Fəlsəfi anlamı.
Kintsugi, əslində, heç nəyin həqiqətən qırılmadığı Antik yapon fəlsəfəsinə əsaslanır.

Fəlsəfi və semantik dərinlik olaraq, Kintsugiyə baxdığımızda, bu sənətin yaponların həyat fəlsəfəsi ənənələrinin davamı olduğunu görürük. Yapon mədəniyyəti və Kintsuginin fəlsəfəsində, qüsurlardan qurtulmaq deyil, onları müəyyənləşdirərək, həyatın mənasına dərinlik və zənginlik qazandıran bir dəyər olaraq irəli sürülməsi hədəflənir. Eyni zamanda, qırılan və ya zərər görən əşyaların yerinə yenilərinin qoyulması deyil, daşıdığı xatirələrlə daha möhkəm və daha dəyərli bir formada var olmağa davam etməsinə xüsusi bir məna yüklənilir. Beləliklə, Kintsugi, bütün əzab və itkilərə rəğmən, daha dözümlü bir şəkildə özünü yenidən var etməyin də mesajını daşıyır. Bu mənada, Şərq və Qərb ədəbiyyatlarında geniş rast gəlinən, öz küllərindən doğulmuş "Zümrüdü anka, Feniks quşu" əfsanələriylə də paralel bir semantik məzmuna malikdir. Kintsugi, həyatın xatirələrlə irəlilədiyini və keçmiş xatirələrin izində qalınacağı təqdirdə, həyatın yeni zənginliklərinin əldə olunacağını vurğulayır. Necə ki, bir insan, xatirələrindən qurtula bilmədiyi, ancaq, onlardan aldığı dərs və inancla, yeni və dolğun bir həyata yelkən aça biləcəyi kimi, Kintsugi də, qırılan hissələri bir araya gətirərkən, məhz bu vahidlik mesajını verər.
Kintsugi, əslində, qırılmanın bir pozulma və məhvə doğru gediş deyil, yeni bir mövcudluq forması olduğuna işarə edən, ümidlə zəngin həyat metaforaları yaradan bir sənətdir.

Kintsugi, qırılmış bir qaba dəyər verilərək üzərində işlənildikdə, müsbət düşüncənin fövqəladə sübutu ola biləcəyini göstərməsi baxımından da maraqlıdır.
 Kintsugi ilə qırılmanın izləri gizlədilməz, tam əksinə, vurğulanar. Kintsugi sənəti, Wabi-Sabi anlayışına söykənir. Wabi-sabi, həyatın heç bir ünsürünü qüsur olaraq qəbul etməz, əksinə, ona görə, həyat bütün ünsürləriylə dəyərlidir. Məhz bu məqamda Şərq və Qərb fəlsəfələrinin fərqi meydana çıxır. Şərq, yaşanılanı və “qüsuru” müqəddəsləşdirərkən, Qərb, simmetriya və qüsursuzluğa xeyir-dua verər.
Önəmli Kintsugi ustalarından biri belə deyir: "Sınıq əşyalardakı gözəlliyi təmir etmirsiniz. Oradakı gözəllik, həmin nəsnəyə necə baxmağınızla əlaqəlidir. Həmin sınıq əşyadakı potensialı görə bilirik, normalda zibilliyə atılası həmin əşyanı yenidən istifadə edir, yenidən yaranmasını təmin edirik."

Kintsugi, təkcə əşyanı yeniləmək mənasını daşımır, həmçinin insan münasibətlərinə də işarə edər. Qəlbini qırdığımız, kədərləndirdiyimiz insanları yenidən qazanmaq üçün möhkəm bir çaba sərf etməmiz, səy göstərməyimizin zəruri olduğunu bildirər. Əgər, o inciklikləri, kədərlənmələri aradan götürsək, həmin insan bizim üçün daha dəyərli olar və biz də onun gözündə daha qiymətli olarıq.


İstifadə olunmuş mənbələr: 

1. http://www.olaganustukanitlar.com/kintsugi-nedir-yasanan-her-sey-degerlidir-diye-sessizce-haykiran-japon-sanati/

2. https://www.bilgiustam.com/kintsugi-sanati-nedir/

3. https://www.milliyet.com.tr/kintsugi-nedir--molatik-15030/

Comments