Qədim dövrün mübariz dinləri: Zərdüştilik, Manilik və Məzdəkilik.






   Qədim dövrlərdə Azərbaycan ərazilərində yaşayan insanların həyatında dini ayin və mərasimlər önəmli yer tutmuş, oda, suya, ağaca, dağa inam, əcdadların ruhlarına, müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Qobustan qayaüstü rəsmlərinin dini ayin və mərasimlərlə bağlılığı bu fikrin əyani təsdiqidir. Min illər keçməsinə baxmayaraq, müasir dövrdə də bu inancların bəzi əlamətləri insanların yaddaşında qalır və həyat tərzində özünü büruzə verir.

Zərdüştilik.

   E.ə. VI əsrdə tarixi Azərbaycan ərazilərində yaranmış, ölkəmizlə yanaşı, İranda, Hindistanda və Orta Asiyada geniş yayılmış dinlərdən biri Zərdüştilikdir. Zərdüştilik dünyanın ən qədim dini təlimlərindən biridir. Bu dini təlim onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüşt e.ə. VI əsrdə yaşamışdır. Orta əsrlərin bir çox müsəlman müəllifləri, eləcə də bir çox müasir tədqiqatçılar bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu deyirlər.
   Zaman etibarilə etnik-mədəni sistemlərin diferensiasiyasının formalaşmağa başladığı və ictimai əmək bölgülərinin bir-birini əvəzləməsi dönəmlərinin təlimi kimi ortaya çıxan Zərdüştilik yayıldığı arealda toplumun həyatına bir sıra yeniliklər gətirmişdi. Zərdüştiliyin cənnət-cəhənnəm, qiyamət günü, ruhların dirçəlməsi və s. kimi doktrinaları sonralar başqa dinlərdə, o cümlədən səmavi dinlərdə də öz əksini tapmışdır. Zərdüştiliyin yayıldığı areal fərqli etnik mənsubiyyətə və mədəni düşüncələrə malik insanların, eləcə də müxtəlif inanc sahiblərinin birgə yaşadığı məkan idi. Bu din, özlüyündə müxtəlifliyə dözümlü münasibət göstərməklə, müəyyən zaman kəsiyində ümumbəşəri xarakter daşıyan universal mədəni dəyərlər toplusunu formalaşdıra bilmişdi. Həmin dəyərlərdə öz əksini tapan bir çox ideya və prinsiplər müasir anlayışlarla ifadə etdiyimiz tolerantlıq və multikulturalizmdə də öz əksini tapan bir çox ideya və prinsiplərlə üst-üstə düşür.
   Zərdüştilik insanları ədalətə, əxlaqi təmizliyə səsləyərək, zorakılığa, ədalətsizliyə, müharibələrə, qarət və qətllərə qarşı çıxırdı. Bu təlim insanlara etnik və dini mənsubiyyətinə, rənginə, sosial statusuna və s. görə fərq qoymurdu. Sülh cəmiyyəti qurmaq istəyərək toplumun həyatında sosial ədalətin bərqərar olmasına və rifah cəmiyyətinin qurulmasını arzu edirdi. Zərdüşt öz dualarında bütün yaranmışlar, o cümlədən insanlar üçün fərq qoymadan rifah diləyirdi. Zərdüştliyin dini kitabı olan “Avesta”da deyilir: “Ey Məzda, əllərimi duaya qaldıraraq birinci, varlıq nemətini almış bütün yaranmışlar üçün Sipəntəməinudan (müqəddəs ağıldan) rifah istəyirəm. Həm də, ey Ordibehişt, Bəhməni və Keuşurvəni sevindirəcəyimi (istəyirəm)”. Qeyd edək ki, dini ideologiya tarixində, bu dini təlim ilk dəfə olaraq sosial Şər və ictimai bəla problemini qaldırmış, ona qarşı mübarizə imkanlarından  söz açmışdır. Zərdüşt Xeyirlə Şərin fərqli olduğunu irəli sürmüş, onları bir-birindən ayırmış və onlar arasında daim mübarizə getdiyini söyləmişdir: “O pak gövhər, xəbis gövhərə belə demişdir: “Biz ikimiz, nə düşüncə, nə tərbiyə, nə ağıl, nə din, nə söz, nə davranış, nə inam və nə də ruhda bir-birimizə uyğun  gəlirik”. Zərdüştilik bu mübarizədə insanın xeyir və şər düşərgələrindən birini seçmək imkanı və azadlığı tanınsa da, sosial Şər ilə mübarizədə insanın roluna böyük yer verilmişdi. Zərdüştlüyün peyğəmbəri hesab edirdi ki, insan Xeyrin, Doğrunun və Vicdanın Şər, Yalan və Qaranlıq üzərində qələbəsinə kömək etməlidir və bunun üçün “Avesta”da insanlara “doğruluq və uğurlu davranış çəmənində məskən salmaq” kimi mükafatlar da vəd olunurdu. Qatalarda bu haqda deyilirdi: “Doğruluq tərəfdarının xeyrini istəyən başçı, kəndli və ya din rəhbəri, eləcə də heyvanları qorumağa səy göstərən adam doğruluq və uğurlu davranış çəmənində məskən salacaqdır”.
   Etiqad azadlığı, yaxud “Hər kəsin sərbəstliklə öz dinini seçib qəbul” edə bilməsi, dini  müxtəliflik və başqalarına dözümlü münasibət göstərmək kimi prinsiplər, dini tolerantlığın və multikulturalizmin əsasında dayanan başlıca prinsiplərindən sayılır. Zərdüştilik dini də insanlara etiqad azadlığı, inanclarla bağlı seçim sərbəstliyi verir və bununla bağlı hər cür zorakılığı rədd edirdi. “Avesta”da bu haqda deyilir: “Ey Məzda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin”. Qeyd edək ki, Zorastirizmin hökmran olduğu əhəmənilərsasanilər dövlətlərində hakim elitanın başqa dinlərə tolerant münasibəti olmuşdur. Belə ki, Əhəməni hökmdarı Kir zərdüşti olsa da, öz dinini nəzarətdə saxladığı ərazilərin xalqlarına sırımaq cəhdlərində olmayıb. Kir, Babil sürgünündən sonra yəhudilərə Qüdsə qayıtmağa və orada məbədlərini qurmağa icazə vermişdi. Zərdüştilik fəlsəfəsinin yəhudilərin sürgün sonrası iudaizm dininə xeyli təsiri olub. Böyük Dara da zərdüştilikdə olub, başqa dinlərə tolerant münasibət sərgiləyib. Zərdüşitliyin dövlət dini kimi qəbul edildiyi Sasanilərdə də digər dinlərə dözümlü münasibət olmuşdur. Sasanilərin hökmran olduğu ərazilərdə iudaizmin və xristianlığın yayılması dediklərimizə sübut kimi qiymətləndirilə bilər. Zorastirizm və onun dini kitabı olan “Avesta”da müxtəlif etnik mənsubiyyətə malik, mədəni özünəməxsusluğa və inanclara sahib insanların qarşılıqlı əlaqələri əsasında formalaşan sosial həmrəyliyə çağırışlar edilir: “Ey Məzda Əhura, ona azadlıq yolunu açdın ki, kəndliyə, ya kəndli olmayana tərəf meyl etsin”. Zərdüşt insanların bir arada yaşaya biləcəyi ədalətli cəmiyyətin qurulmasını arzulayır. Zərdüşt, sülh cəmiyyətinin tərəfdarıdır. O müharibələrin və dağıntıların əleyhinədir, “get-gəl azadlığının” tərəfdarıdır. Yaşamaq, mülk toxunulmazlığı və s. kimi insanların təməl haqq və hüquqlarının müdafiəçisidir. «Avesta»da deyilir: «Mən (Zərdüşt – Ə.Ə.) müharibələri rədd edib, silahı bir yana tullamağı istəyən Məzda dininə inanıram… kəndlərin dağılması, mal-qaranını talanı və oğurluğun əleyhinəyəm… get-gəl azadlığı, mülk toxunulmazlığı tərəfdarıyam».
   Uzun dövr ərzində dövlət dini statusunu qoruyub saxlamış Zərdüştilik, VII əsrdə İslamın meydana gəlməsi və bölgədə geniş yayılması ilə əlaqədar zəifləməyə başlamışdır. Geniş əhatə dairəsinə malik, Hindistanda və İranda indiyə kimi mənsubları yaşayan Zərdüştilik Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir. Təsadüfi deyil ki, İslamın ən güclü olduğu dövrlərdə, hətta XX əsrə qədər Bakıda – Suraxanıda atəşpərəstlərin məbədi – Atəşgah fəaliyyət göstərmişdir. Həmin məbəd bu gün də Azərbaycanın simvollarından biridir. Müasir dövrümüzdə Zərdüştiliyə sitayiş edənlərin sayı azdır. Hazırda bu dinin dünyada 130 minə yaxın mənsubu var, onlar əsasən Hindistanın Bombey və Qucarat ştatlarında yaşayırlar. Həmçinin, London, Nyu-York, Çikaqo, Boston və Los-Anceles şəhərlərində kiçik Zərdüşti qrupları fəaliyyət göstərir.

Manilik.

   Artıq b.e. I minilliyin ilk əsrlərində Qərbi Midiyanın (yaxud o zaman adlandırıldığı kimi, Atropaten Midiyasının) vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə səciyyələnən dini-etik təlimlərdən biri olan Manilik geniş yayılmışdı. Manilik adı almış dini hərəkatın banisi Mani (216 - 274 və ya 276) hesab olunur. Bu təlim, rəsmi Zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik onu küfr (kafirlik, dinsizlik) hesab edirdi.
   Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan edərək öz missioner fəaliyyətinə Şərqdə (Həmədanda) başlamışdır. Mani, yazdığı “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya” (“Nəsihətnamə”), “İncil”, “Şapurakan”, “Dualar kitabı” və s. kimi kitablarında onun yaratdığı yeni dini təlimin əsasları öz əksini tapmışdır.
   Bütün mövcud dinləri bir araya gətirərək vahid bir din yaratmağı Mani, özünün başlıca missiyası hesab edir və yaratdığı yeni dini yeganə düzgün din hesab edərək, “ona hər bir ölkədə və bütün dillərdə etiqad” edilə biləcəyini bildirirdi. O, yazırdı: “Əvvəlki dinlər yalnız bir ölkədə mövcud idi və bir dildə idi. Yalnız mənim dinim elə xüsusiyyətlərə malikdir ki, ona hər bir ölkədə və bütün dillərdə etiqad edə bilərlər. Onu ən ucqar ölkələrdə təbliğ edəcəklər”. O, öz dininin vəhy dini olduğunu və yeni dini yaymaq üçün Tanrı tərəfindən göndərildiyini bildirirdi. Maniliyin teologiyasında adı çəkilən allahlardan biri, İlahi Əkizi ona xitabən deyir: “Sən yalnız bu dinə deyil, bütün insanlara, bütün məktəblərə, bütün şəhərlərə, bütün ərazilərə göndərildin. Bu ümid sənin vasitənlə hər bir bölgəyə, hər bir ölkəyə elan ediləcək və açıqlanacaq”. Türk filosofu Orxan Hançerlioğlu (1916-1991) “Düşüncə tarixi” əsərində bu qənaətə gəlir ki, Maniliyin dinləri sintez etməkdə əsas məqsədi dinlərarası savaşları aradan qaldırmaq idi. Zamanında geniş yayılmış zərdüştilik, xristianlıq, buddizm və s. kimi dinlərin bir sıra ideyalarından bolluca faydalanan Manilik sinkretik xarakterə malik bir din idi. Mani, gəzdiyi və missionerlik fəaliyyətləri ilə məşğul olduğu ölkələrdə öz dinini həmin ölkələrdə yayğın olan dinlərin ideyalarından faydalanmaqla, onlara uyğunlaşdırırdı. Məsələn, o, Türküstanda olarkən burada hakim etiqad olan Buddizmin simvollarından, Xristianlığın yayıldığı Qərbdə isə, daha çox Xristian dininin elementlərindən istifadə edirdi. Mani, yaxşı tanış olduğu zərdüştilik, xristianlıq və buddizm kimi dinləri düzgün dinlər kimi qiymətləndirirdi. Ancaq o hesab edirdi ki, insanlar bu dinləri düzgün qiymətləndirə və başa düşmədiklərinə görə onu təhrif edərək bərbad hala salmışlar. Maniyə görə o, Tanrılar tərəfindən “yer üzərinə göndərilmişdir ki, əsl dini bərpa etsin”.

Məzdəkilik.

   İlk orta əsrlərdə (V əsrdə) Azərbaycanda yayılan başqa bir dini-etik təlim və adını öz banisi Məzdək-Bamdad-ın adından götürmüş məzdəkilər təlimi idi. Məzdək-Bamdad, V əsrin 50-ci illərində anadan olmuş, bəzi mənbələrə görə 528-529-cu illərdə, bəzilərinə görə isə 524-cü ildə ölmüşdür. Öz ideyalarını İranın cənub-şərqində (Həmədan şəhərində) yaymağa başlayan Məzdəkin yaratdığı bu təlim qısa müddətə olsa da, Sasani kimi böyük bir imperiyanın dövlət dininə çevrilə bilmək imkanını da qazanmışdı. Öz ideyalarına görə məzlum təbəqənin arzu və istəklərinin ifadəçisinə çevrildiyi üçün zamanında, həm də güclü antifeodal hərəkata çevrilə bilmişdi. Sosial tərəfi ilə daha güclü olan Məzdəkiliyin başlıca ideyalarından biri cəmiyyət üzvləri arasında sosial-siyasi və iqtisadi sahələrdə bərabərliyin təmin olunması ilə bağlı idi. Məzdək deyirdi: «Allah öz nemətlərini yaratmışdır ki, insanlar onları öz aralarında tən bölsünlər. Ancaq, insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona görə də, əmlak varlılardan alınıb yoxsullar arasında bölünməlidir».Məzdəkilər əxlaqi normaların təmin olunduğu bir ortamın olmasını arzu edirdilər. Onlar oğruluğu, yalanı, zülmü pisləyir, istismarın hər cür formasına qarşı çıxırdılar. Məzdəkin fikrincə, insan özünə oxşayanı (insanı) öldürməməli, ət yeməməlidir, ancaq o, İşığın Qaranlıq üzərində qələbəsinə, cəmiyyətin bütün üzvləri arasında dözümlülüyün (indi dəbdə olan terminlə desək, «tolerantlığ»ın) və qardaşcasına məhəbbətin artmasına kömək etməlidir. Məzdək, toplumda sosial bəlanı doğuracaq bütün amillərə qarşı mübarizə aparmağın zəruriliyini irəli sürürdü. O, cəmiyyətin həyatında bərabərhüquqluluğun, dostluq və qardaşlığın təmin edilməsi üçün acgözlük, paxıllıq, hərislik və s. kimi qeyri-əxlaqi halları doğuran səbəblərin kökünü kəsməyin zəruriliyini irəli sürürdü. Məzdək hesab edirdi ki, əmlak bərabərliyinin mövcud olmadığı cəmiyyətdə istismarın kökü kəsilə bilməz. Bu barədə o, deyirdi: “Tanrı, torpaqdan yeməyi və bütün ehtiyacları, xalq onları aralarında bərabər bölüşsün deyə yaratmışdır. Heç bir kimsə digərinin payından alıb götürə bilməz. Hər kəsin varlıq baxımından bərabər olması üçün, qətiliklə birinin ortaya çıxıb zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim olursa-olsun, kimsənin bir başqasından daha çox varlıq, mal-mülk və birdən çox qadına sahib olmağa haqqı yoxdur…"


     İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.   “Multukulturalizmə giriş: Ali məktəblər üçün dərslik”. Bakı: Şərq-Qərb, 2019.

2.    “Azərbaycan multikulturalizmi. Ali məktəblər üçün dərslik”.  Bakı. BBMM, 2017. 416 səh.

Comments