"Danış, amma kimsəni razı salmağa çalışma. Əsla həvarilərin olmasın, sözünə inananları özünə qoşma, əks təqdirdə ürəklərinin dediyinə inanmağı buraxarlar, halbuki, qulaq vermələri lazım olan tək şey ürəklərinin səsidir.Bərabər yeriyin, sərxoşluğunuzun və xoşbəxtliyinizin mənbəyi həyat olsun, amma, məsafələrinizi qoruyun ki, heç kim başqasını daşımaq məcburiyyətində qalmasın - büdrəmək də yolun bir parçasıdır və hər kəs büdrəyincə tək başına ayağa qalxmağı öyrənməlidir..."
(Paulo Koelyo, "Hippi" əsərindən)
“Hippi” hərəkatının yaranması, fəlsəfəsi və xüsusiyyətləri.
İkinci dünya müharibəsi bitəndən və krizisin aşılmasından sonra bir çox
Avropa ölkələrində maddi vəziyyət yaxşılaşmağa başladı. Bununla əlaqədar olaraq,
gənclər musiqi, kino və digər əyləncələrə daha çox zaman ayırmağa üstünlük
verirdilər. O dövrdə Londonun küçələrində həm etnik geyimlərdə olan gənclərə, həm
də qısaqol köynək və sürtüklükləri olan cins şalvar geyinmiş “inqilabçılar”a rast
gəlmək mümkün idi. 1950-ci illərin inqilabçı əhval-ruhiyyəsi 1960-cı illərə də
yansımışdı. Bu dövrdə varlı ailələrdən olan yeniyetmələr ikinci əldən geyinir,
bununla da öz istisnasızlığını vurğulayır və israfçı cəmiyyətə qarşı çıxırdılar. Böyük
şəhərlərdə retro-geyimlər satılan bazarlar məşhurlaşdı, çünki coşqun yeniyetmələr
müxtəlif dövrlərdən olan köhnə əşyaları uyğunlaşdırmaqdan qorxmurdular. İnqilabçı
ruh bir çox jurnalistlər tərəfindən gülüş hədəfinə çevrildi. Onlar stilizə edilmiş
kasıbçılığı real kasıbçılıq üzərində rişxənd hesab edirdilər. Amerikalı yazıçı Tom
Vulf o gəncləri inqilab oyunu oynayan kaprizli uşaqlar, geyim üslubunun özünü isə
“radikal gözəllik” adlandırırdı. Modelyerlər dəyişən zövqlə ayaqlaşmaq üçün 30-40-
cı illərin üslubunda modellər hazırlamağa başladılar. Ledi üslubundan və bütün
tendensiyalardan imtina 60-cı illərin ikinci yarısında yayılmış ən parlaq və kütləvi
cərəyan olan hippilərə gətirib çıxardı. Məhəbbət və sülhü təbliğ edən, öz ölkələrinin
siyasəti ilə razılaşmayan “çiçəklərin övladları” digər ölkələrdən gətirilmiş ekzotik
geyimlər geyinirdilər: Cənubi Amerika pançosu (hinduların geyindiyi plaş,
bürüncək), hind tunikləri və eskimosların baş örtükləri. Parlaq və bolluca tikmələri
olan hippi geyimlərini böyük bəzəklərlə - əsasən hind bilərzikləri və kəmərləri ilə
tamamlayırdılar. Hippi fəlsəfəsi o qədər geniş yayılmağa başladı ki, bir çox
modelyerlər funksionalizmin sonunun gəldiyini etiraf etmək məcburiyyətində
qaldılar. Qeyri-adi, parlaq və cəlbedici hind motivləri 1960-cı ildə bütün Avropa və
Amerikanı bürüdü, gənclər artıq “yeti” gödəkçələri, al-əlvan ətəklər, klyoş şalvarlar,
gen türk şalvarları, tikməli köynəklər, uzun tükləri olan kürklər geyinirdilər.
Müasir hippilər
Baxmayaraq ki, bu altmədəniyyətin nümayəndələri dəbə skeptik yanaşırdılar, parlaq
nəşriyyat yazırdı ki, yeni üslub diqqətə layiqdir və dəb sənayesinə ciddi təsir göstərmək qabiliyyətinə malikdir. Əsasən yaranması 50-ci illərə təsadüf etsə də
hippi altmədəniyyətinin inkişafı “dalğa”larla keçirdi. “Birinci dalğa” 60-cı illərin
sonu 70-ci illərin əvvəllərinə, “ikinci dalğa” isə 80-ci illərə təsadüf edirdi. 1989-cu
ildə məlum cərəyanın tərəfdarlarının sayının kəskin azalması ilə əlaqədar olaraq çox
güclü azalma müşahidə olunurdu. Lakin 1990-cı illərin ortalarında hippilərin “üçüncü
dalğası” özünü biruzə verdi. İlk dəfə “hippi” sözü 1964-cü ildə Nyu York kanalının
verilişlərinin birində istifadə edilib. O zaman bu sözlə Vyetnam müharibəsinə qarşı
etiraz edən gənc insanlar qrupunu adlandırırdılar. Hippi sözü ingilis sözü “hip” – başa
düşən və ya “to hip” sözündən olub mənası xəbərdar olmaq, dərk etmək(intiutiv
mənada) deməkdir. Maraqlısı budur ki, hippilər özlərini heç vaxt belə
adlandırmayıblar. Onların daha çox “çox yaxşı insanlar” və ya “çiçəklərin övladları”
adlandırılmaq xoşuna gəlirdi. Kütləvi informasiya vasitələri hər yerdə “hippi”
terminindən uzun saçlar saxlayan, rok-n-rola qulaq asan, narkotik vasitələr istifadə
edən, azad məhəbəbəti tərənnüm edən, müxtəlif konsert və festivallara gedən,
nümayişlər təşkil edən və 60-cı illərin kütləvi mədəniyyətindən imtina edən gənc
insanların kütləsini adlandırmaq üçün istifadə edirdilər. Pasifizm, zorakılığı
inkaretmə, maddi dəyərlər üzərində mənəvi dəyərlərin üstünlüyü, azadlığa və
fərdiliyə can atma kimi fikirlərdən ibarət olan “çiçəklərin övladları”nın fəlsəfəsi
Amerika cəmiyyətində əsl inqilaba səbəb oldu.
"Döyüşməyin, sevişin!"
Hippilərin ideoloji sələfi kimi 1950-ci illərin bitniklərini (yayılmış medya
stereotipi) “dağıdılmış nəsil”, nonkonformist bohemaların ( sərsəri həyat keçirən
ziyalı insanlar) nümayəndələrini, gənc yazıçılar və şairləri bura aid edirdilər:
Uilyam Berrouz, Cek Kerua və başqaları. 1960-ci illərdə bitniklərin aktivliyi tədricən
azalmağa doğru getdi və estafeti yeni cərəyan qəbul etdi. Onun nümayəndəsi “Şən
yaramazlar” kommunası oldu və yazıçı Ken Kizi kommunanın rəhbəri idi. Beləliklə,
“Şən yaramazlar” bir cərəyandan digərinə keçid etapı rolunu oynadı. Çünki, hippi
altmədəniyyətinin təşəkkülü “Şən yaramazlar”ın təşkil etdikləri məşhur “Turşu
testləri” adı ilə tanınan əyləncə gecələri ilə sıx bağlı idi. O dövrdə psixodelik narkotik
vasitələr qanuni idi və bu cür gecə əyləncələrinin ayrılmaz elementlərindən hesab
olunurdu. Belə gecə əyləncələri bu vasitələrin geniş yayılmasına gətirib çıxarsa da, axır nəticə də onların qadağasına səbəb oldu. 1966-cı illərdə kommunanın süqutuna
qədər “Turşu testləri” gecə əyləncələri o dövrün gəncləri üçün carçı rolunu oynayır,
psixodelik inqilabın və Amerika Birləşmiş Ştatlarında gənclərin tətilinin
başlanğıcında dayanırdı. Bu yeni yaranmış cərəyana keçmiş bitniklər və “Turşu
testləri”nin iştirakçıları da qoşuldular.
Hippillərdən fərqli olaraq, yippilər daha çox siyasiləşmiş cərəyan idi ki,
onlardan da ən məhşuru Ebbi Hoffman hesab olunurdu. Hippilər zamanla başa
düşdülər ki, dəyişikliyi hər kəs özündən başlamalıdır. İnqilabı cəmiyyətdən deyil,
düşüncə tərzindən başlamaq lazımdır. Bu cərəyanın böyük siyasətdə iştirakı çox
zaman məzhəkə şəklində olurdu. Amerikan hippilərinə aid edilən ən məşhur siyasi
hərəkət Vyetnamda müharibənin dayandırılması üçün etirazlar olmuşdur. Hippilərin
özünəməxsus dinləri vardı, belə ki, bir çox dinlər bir birinə qarışaraq öz təcəssümünü
tapmışdı: krişnaizm, buddizm, şamanizm və ümumiyyətlə onlara uyğun gələn
istənilən etiqadlar. Onlar paradlar təşkil edir öz siyasi görüşlərini aktiv şəkildə ifadə
edirdilər. Hippilər məhz ona görə tanınırdılar ki, onlar tez-tez özünün ayrılmış
kommunaları ilə insanlardan uzaq yerlərdə məskən salırdılar. Belə yerlərdə öz
hərəkatlarının prinsip və ideallarını sərbəst və rahat şəkildə həyata keçirməyə heç nə
mane olmurdu. İsrafçılıqdan imtina, təbiətə qayıdış, qarşılıqlı köməkləşmə və
bərabərlik çoxları üçün şüar oldu, onların təsiri ilə bütöv cəmiyyətlər yarandı.
Ferma – hippilərin ən köhnə və əvvəl mövcud olmuş təşkilatlarından ən
uğurlusu idi. Bu beynəlxalq təşkilat Tennesi ştatında Sammertaun şəhərinin
yaxınlığında Yer kürəsinə hörmət və zorakılığa qarşı prinsipləri əsasında yaşayır. O,
1971-ci ildə Stiven Qaskin və San-Fransiskodan olan 320 hippi tərəfindən yaradılıb.
Kommunanın böyük hissəsi günəş və külək enerjisi hesabına işləyir, burada təbiətə
ziyan vermədən onunla birgə vəhdətdə yaşaya bilmək yüksək qiymətləndirilir. Bəzi
buddist təlimləri də onların həyatında yer alıb. Fermanın sakinləri, yəni hippilər
sağlam həyat tərzi sürür, ekoloji təmiz qidalar istehsal edir və enerji mənbələrinin
yenilənməsi sahəsində elmi tədqiqatlarla, tullantıların ekoloji baxımdan yenidən
işlənməsi və üçüncü dünya ölkələrinə köməklə məşğul olurlar.
Miqyaslı hippi-festlər lokal xarakterli hadisə deyildilər – onların milyona yaxın fanatları olurdu. Volksvagen markalı mikroavtobuslar onların klassik nəqliyyat
vasitələri idi. WV nişanının yerinə dairənin içində üç yerə haçalanmış şüa işarəsini
yerləşdirirdilər. Hippilərdə işləməyə o vaxt yol verilirdi ki, iş sevimli məşğuliyyət
növü və bu işlə məşğul olmaq iş sahibinə xoşbəxtlik, sevinc hissi gətirmiş olsun.
Özünü yeməklə təmin etmək üçün kommunalarda yalnız musiqi alətində ifa etməyi
bacarmaq, bunun vasitəsilə qazanmaq və ya əl açıb kimdənsə istəmək yolu ilə həyata
keçirilirdi. Kommunada yaşayan istənilən hippi kiməsə düşmən kimi yanaşmağı
davam etdirməməli, hər şeyi bağışlamalı və əlində olanlarla praktiki olaraq bölüşməli
idi. Hippilər sosial təməli qəbul etmir, hər hansı bir iearxiyanı inkar edərək öz
alternativ həyat sistemlərini yaradırdılar. Onların təliminə əsasən inqilabın həyata
keçirilməsi üçün heç də müharibəyə ehtiyac yoxdur, bunun üçün yaradıcılıqdan
istifadə etmək kifayətdir. Onlar karyera əvəzinə - özünü təkmilləşdirməni, maddi
dəyərlər əvəzinə - mənəvi dəyərləri, ümumiqəbul edilmiş nizam-intizam və normalar
əvəzinə isə söz azadlığı və özünü ifadəni üstün qiymətləndirirdilər. Bütün bunlar
altmədəniyyətin yeddi fəlsəfi fikrinin meydana gəlməsinə səbəb oldu:
1. İnsan azad olmalıdır.
2. Azadlığı yalnız ruhun daxili nizamını dəyişməklə əldə etmək olar.
3. Daxilən qandalsız (azad) insanın hərəkətləri öz azadlığını qiymətli cəvahirat
kimi qorumaq cəhdləri ilə müəyyən olunur.
4. Gözəllik və azadlıq bir birinə oxşardır: bu və ya digərinin reallaşdırılması sırf
mənəvi problemdir.
5. Bütün yuxarıda deyilənlərlə razılaşanlar mənəvi cəmiyyət yarada bilirlər.
6. Mənəvi cəmiyyət – birgə yaşayışın ideal formasıdır.
7. Bütün fərqli fikirdə olanlar yanılırlar.
Hippi elə bir mədəniyyətdir ki, onun tərəfdarlarını təkcə xarici görünüşü və
davranışına görə deyil, müxtəlif simvollarına görə də tanıyırdılar. Bunlardan ən
başlıcası, yəni birincisi mikroavtobusdur. Onlar bu mikroavtobusları inanılmaz rəng
çalarlarından istifadə etməklə hər tərəfdən şəkillərlə bəzəyir və onu “flower power”
(“Çiçəklərin gücü”) adlandırırdılar. İkinci vacib simvol – pasifik yəni “ləpir” sülhün
simvolu hesab olunurdu. Bu simvol həm nüvə silahlsızlaşdırma təşkilatının loqotipi olub , həm də müharibə əleyhinə qarşı təşkil edilmiş nümayişlərdə də istifadə
olunurdu. Hippilərin atributları sırasına dao fəlsəfəsinin İn və Yan simvolu da aid
edilirdi. Feneçkalar hippilər üçün böyük məna daşıyırdı, belə ki, onların
toxunmasında istifadə olunan sapların rəngindən, qalınlığından, naxışların
xüsusiyyətlərindən hippilərin həyat mövqeyini müəyyən etmək olurdu. Göy qurşağı
da hippilərin həyatında böyük rol oynayırdı. 1972-ci il 4 iyunda Kolorado ştatında
minlərlə gənc dağ başına qalxaraq əl ələ tutub bir kəlmə söz belə demədən bir saat
beləcə dayandılar. Onlar Yer kürəsində sülhə nümayişlə yox, tətillə yox, məhz
susuqunluq və meditasiya ilə nail olmaq qərarına gəldilər. İlk baxışda məlum
hadisənin göy qurşağı ilə heç bir əlaqəsi yox idi. Məlum məsələlərdən biridir ki, hippi
mədəniyyəti bir çox bilikləri qədim hindulardan mənimsəyib. Beləliklə, “Rainbow
Gathering” (“Göy qurşağının iclası”) hinduların öncəgörmələrindən qaynaqlanırdı.
Çiçələkləri hippilərin atributları kimi qeyd etməmək olmaz. Əbəs yerə onları
“çiçəklərin övladları” adlandırmırdılar. Hippilər çiçəkləri saçlarına hörür, yoldan
təsadüfən keçənlərə hədiyyə edir, polislərin silahlarının ağız hissəsinə taxır və
mikroavtobusların üzərində təsvir edirdilər. Hippi təkcə geyim üslubu deyil, həyat və
hətta düşüncə tərzidir. Hippilər göyqurşağı rənginə boyanmış özünü ifadə etməyə can
atan yeniyetmələr demək deyil. Bütün qərb ölkələrində hippies-style – hippi üslubu
adlandırılan hadisə formalaşırdı. Onlar sevgi əsasında öz dinlərini yaratmış
insanlardır. “Çiçəklərin övladları” üçün azadlıq ən üstün dəyərdir. Hippilər inanırdılar
ki, azadlığa ruhun daxili nizamını dəyişməklə nail olmaq olar. Tətilçi xarakterli
gənclərin böyük hissəsi kimi, hippilər nizam-intizama, həyatın standartlaşdırılmasına
qarşı etiraz edir, bu günkü günlə yaşamağı təbliğ edirdilər. Təəcüblü deyil ki, onları
rəsmi sosial institutlardan uzaqlaşdırırdılar. Hippilər üçün heç bir əxlaq qaydaları və
qanunlar mövcud deyildi. Prinsipcə onların heç nəyi, xüsusilə pulu yox idi. Hippilər
yaradıcı idilər, onların çoxu əsl istedaddırlar. Lakin onlar öz istedadlarını satmır,
onunla yaşayırdılar. Həqiqi mənəviyyat hippilərin zənnincə hadisələri “görmək”
qabiliyyəti, yəni obrazları öz şüurunda yaratmaqdan ibarət idi. Adi insan bir stəkan
suda yalnız suyu görür, hippilər isə onda göyqurşağı, okean və ya əbədi həyat
mənbəyi görürdülər. “Qarabasma”(görmə qabiliyyəti) halına çatmış insan azad olunmuş hesab olunurdu. Hərəkatın gənclər arasında yayılmasına bir neçə faktorlar
təsir göstərirdi:
əşyaların mövcud vəziyyəti ilə razılaşmama;
böyüklərin dünyası və onların əxlaq dəyərləri ilə razılaşmama;
həyata məhdud çərçivədə baxılması ilə razılaşmama.
Hippi - xəyalpərəstlik xas olan, dünya görüşü intiutiv səviyyədə olan,
birləşməyə, sevgiyə və itirilmiş uşaqlıq utopiyasına can atan insandır. Onlar öz
etikasını – həqiqi insan münasibətlərinin etikasını irəli sürürdülər. Onların mühitində
qarışılıqlı münasibətin yeganə prinsipi – ayrı-ayrılıqda hər bir şəxsə və onun yaşam
problemlərinə diqqət göstərmək idi. Hippilərin idealları aşağıdakılar hesab olunurdu:
* təbiətlə tam harmoniya
* bütün təbiət hadisələrinə məhəbbət
* hippilər göründükləri hər yerə sülh yayırlar
* hippilərin düşüncə və hərəkətləri yaradıcıdır. Onlar bəsirətlidirlər.
* hippilər dünyanın əksliklərini hiss edərək mübarizədən çox həmrəyliyə baxır.
* hippilər dünya Harmoniya qanunlarına tabe olurlar. Onlar hesab edirlər ki,
özün nümunə olmaqla ətrafındakı dünyanı dəyişmək olar.
* hippilər özlərini Kainatın insanı kimi dərk edir.
* hippilər belə hesab edir ki, çiçəklər insanlarla ünsiyyət qurmaq üçün öz
qapılarını açır.
Onların xarici görünüşü maddi deyil, mənəvi dəyərlərə kökləndiklərinə işarə
edirdi. Uzun saç və saqqal – təbiətdən gələn təbii xarici görünüş, təbiətlə
harmoniyada yaşamış qədim xalqlara özünü bənzətmədən irəli gəlirdi. Hippilər özləri
izah edirdilər ki, saçlar bir növ insanları kosmosla əlaqələndirən özünəməxsus
naqildir. Vurğulanmış səliqəsizlik – bu obrazda insanı görmək cəhdi, ilk növbədə
insanın özünü görmək, çünki xarici görünüş çox zaman aldadıcı olur. Geyimləri
tikmələr, muncuq, həmayillər və simvolikalarla bəzəmək adəti – özünü bu dünyada
yaradıcı baxımdan mənalandırmağa can atmaq meyilləri ilə izah olunurdu.
Baxmayaraq ki, 1960-1970-ci illərdə bu altmədəniyyətin populyarlığı kifayət qədər azalmışdı, dünyada hələ də bu cərəyanın banilərinin idealına inanmağa davam
edən, dünya üzrə səpələnmiş nümayəndələri az deyil. Onlar mövcud hippi cərəyanına
müasir fikirlər gətiriblər. Bu dövrün hippiləri əvvəlkilərdən xeyli fərqlənir.
Neohippiləri orijinal cərəyandan fərqləndirən əsas cəhətlərdən biri – o dövrün
tədbirlərinin ruhu tamamilə fərqli idi. Əvvəllər bir çox nümayəndələr ağır narkotik
vasitələrlə maraqlanırdısa, indiki cəmiyyətin dəyərləri çox dəyişib və bu günki
hippilər meditasiya, orqanik qida və ekzotik rəqslərə meyllidirlər. Onlarla
ədəbiyyatın, incəsənətin və fəlsəfənin böyük bir hissəsi bağlıdır. Hippilər dünya
miqyasında ən əhəmiyyətli gənc cərəyanlardan biri olub, onların yaşadıqları dövr
üçün müasir olan cəmiyyətə və bütövlükdə dünya mədəniyyətinə zəruri təsir
göstərdilər.
Mənbə:
““Hippi” üslubu və onun moda sferasındakı yerinin təhlili”, Aytən Şamilzadə
Comments
Post a Comment