"Diktaturada insanları itaət altında saxlamaq üçün terror və hədə-qorxudan, demokratiyada isə inandırma və təbliğatdan istifadə edilir"
"İntizam kənardan zorla qəbul etdirilmiş qaydalara itaət yox, məhz şəxsi iradənin məhsulu olmalı, insana o qədər xoş təsir bağışlamalıdır ki, vaxt keçdikcə, bu intizam olmadığı halda insan özündə nəyinsə çatışmadığını duymalıdır. Bizim intizam barədə (hər hansı comərdlik də daxil olmaqla) Qərb təsəvvürümüzün uğursuz nöqteyi-nəzərlərindən biri də intizama itaətin insanlara əziyyətli gəlməsi və elə əziyyətli olduğu üçün də "yaxşı" sayıla bilməsi fikridir. Şərqdə artıq çoxdan anlamışdılar ki, insan üçün, onun bədəni və ruhu üçün yaxşı, xeyirli olan, ilk əvvəllərdə müəyyən ziddiyyətləri dəf etmək zərurəti olsa belə, həm də xoşagələn olmalıdır"
Alman əsilli amerikan psixoanalitik Erix Frommun "Sevmək sənəti" kitabında həm tarixi, həm də müasirlik baxımından insanın sevgi ehtiyacı, ictimai proseslərdə sevginin rolu və mübarizliyi, insanların psixoloji güc əldə etməsi üçün uşaqlıq dövrlərindən qayğı və sevginin nizamda olması və eyni zamanda, tənhalıq, öz təkliyi ilə baş edə bilmə və s. mövzularda maraqlı baxış sərgilənməkdədir.
Alman əsilli amerikan psixoanalitik Erix Frommun "Sevmək sənəti" kitabında həm tarixi, həm də müasirlik baxımından insanın sevgi ehtiyacı, ictimai proseslərdə sevginin rolu və mübarizliyi, insanların psixoloji güc əldə etməsi üçün uşaqlıq dövrlərindən qayğı və sevginin nizamda olması və eyni zamanda, tənhalıq, öz təkliyi ilə baş edə bilmə və s. mövzularda maraqlı baxış sərgilənməkdədir.
Qeyd edək ki, təqdim etdiyimiz qısa icmal, əsərdən gəldiyimiz subyektiv nəticələrə əsaslanır.
Kitabdan seçilən cümlələr :
Müasir insan daha çox atasına ehtiyac duyduğu zaman ağlayıb onu çağıran, duymadığı zaman isə asanlıqla tək oynaya bilən uşağa bənzəyir.
Həm "radikal köklənmiş", həm də sadə insanlar sevməyə qadir olmayan avtomatların təcəssümüdür və onlar arasındakı fərq yalnız ondan ibarətdir ki, birincilərin vəziyyəti bildikləri və bu faktı "tarixi zərurət" saydıqları halda, ikincilər onu heç dərk etmirlər.
İrrasional inam nüfuzlu şəxslərin və yaxud əksəriyyətin düzgün hesab etdiyi üçün qəbul olunandırsa, rasional inamın kökləri əksəriyyətin rəyinə zidd olaraq şəxsi məhsuldar müşahidə və düşüncələrə əsaslanan müstəqil əminlikdir.
Əslində cəmləşdirməyə bacarmaq özü ilə təklikdə qalmağı bacarmaq deməkdir, bunlarsız sevməyi bacarmaq olmaz. Qəribə də olsa, təklikdə qalmaq bacarığı sevmək qabiliyyətinin şərtlərindəndir... "Mən" (mən özüm) - qüdrətimin mahiyyəti, aləmimin yaradıcısıyam kimi düşüncələr insanın özü ilə təkbətək qalmağı bacarmasına yardımçı olacaq.
Təlim vermək uşağa öz bacarıqlarını dərk etməsinə yardım etmək deməkdir.
İnam - cəsarət, riskə getmək bacarığı, hətta ağrı və məyusluğa qarşı dözüm tələb edir. Həyatın əsas şərtini əmin-amanlıq və təhlükəsizliyin təşkil etdiyindən əmin olan kəslər inama sahib ola bilməz; təhlükəsizliyin uzaqlıq və sahibliklə təmin olunduğu sistemə qapılan kəslər isə özlərini əsirə çevirirlər. Sevib-sevilmək üçün cəsarət tələb olunur, bəzi dəyərlərə hər şeyə üstün gələn xüsusi önəmi vermək və bu dəyərlərə hər şeydən keçmək cəsarəti.
Bu cəsarət məşhur lovğa Mussolinin "təhlükələrlə yaşa" şüarını təntənə ilə elan etdiyi cəsarətdən deyil. Onun cəsarəti nihilizm cəsarətidir. Bu cəsarətin kökləri həyata münasibətdə dağıdıcı təmayüldədir. Bu təmayül insanın həyatı sevmədiyi üçün ondan imtina etməsinə hazır olmasıdır. Hakimiyyətə inamın həyata zidd olduğu kimi, ümidsizlik cəsarəti də sevgi cəsarətinə ziddir.
Səbrin nə olduğunu anlamaq üçün yeriməyi öyrənən uşağı müşahidə etmək yetərlidir. O, yıxıldıqca yıxılır və hər dəfə yenidən ayağa qalxaraq yeriməyə çalışır, yıxılmadan, səlis yeriyənədək usanmadan öz səylərini təkrarlayır. Böyüklər onlar üçün önəmli olan işi görərkən uşaqlar qədər səbirli və fikri cəmlənmiş olmağı bacarsaydılar, kim bilir, nələrə nail olardılar.
Özünü duymadan fikri cəmləşdirməyi öyrənmək mümkün deyil.. Məsələn, siz özünüzdə yorğunluq və halsızlıq hiss edirsiniz və bunlara tabe olub, həmişə hazır olan kədərli düşüncələrlə qidalandırmaq əvəzinə, özünüzdən "Nə olub?", "Mən niyə halsızam?" deyə soruşursunuz. Eyni vəziyyət siz əsəbiləşərəkən, yaxud, gerçəkdən uzaqlaşdıran fantaziya və digər məşğuliyyətlərə dalarkən də baş verir. Belə halların hamısında ən önəmli olan baş verənləri min bir variantda səmərələşdirmək yox, onları dərk etməkdir; bundan əlavə, bəzi hallarda hətta kifayət qədər qısa zamanda narahatlığınız, halsızlığınız, əsəbiliyinizin səbəbini ifadə edə bilən daxili səsinizə qulaq asmağınız gərəkdir.
İnamınıza xilaf çıxmaqla, mənəviyyatınızı zəiflətmənizi və artan zəifliyin növbəti xəyanətə yol açdığını anlamanız çıxılmaz vəziyyətin yaranmasına səbəb olur. Tədricən şüurlu şəkildə sevilməmək qorxunuzun əslində özünüz də bilmədən sevmək qorxusu olduğunu anlayacaqsınız. Sevmək zəmanət tələb etmədən üzərinizə öhdəlik götürmək, məhəbbətinizin sevdiyiniz insanda da sevgi yaratmaq qabiliyyətində olduğu ümidinə sona qədər təslim olmaq deməkdir.
Kapitalist cəmiyyətində həm maddi sərvətlərdə, həm də sevgidə üstünlüyü "Mən sənə sənin mənə verdiyin qədər verirəm" sözlərilə ifadə olunan əxlaq prinsipi təşkil edir. Hətta ədalət əxlaqının inkişafını kapitalist cəmiyyəti əxlaqının xidməti də hesab etmək olar.
Ədalət əxlaqı məsuliyyət və vəhdət hissi yox, uzaq, yad münasibətləri əhatə edir və yaxınlara sevgi yox, onun hüquqlarına hörməti nəzərdə tutur.
Cəmiyyətimizin başında idarəçi bürokratiya və peşəkar siyasətçilər dayanır; insanlar kütləvi təlqinetmə təsiri altında hərəkət edirlər, onların hədəfi və məqsədi daha artıq istehsal və istehlak etməkdir. İstənilən fəaliyyət iqtisadi məqsədlərə tabedir, vəsaitlər məqsədə çevrilib; insan özünün xüsusi insani keyfiyyətlərindən və funksiyalarından məhrum olunmuş tox və geyimli bir avtomata çevrilmişdir. İnsan sevməyə qadirdirsə, o, özünün ali yerini tutmalıdır. İnsan iqtisadi maşının köləsi yox, maşın onun köləsi olmalıdır. O gəlir sevinci yaşamaqdansa, əmək və fəaliyyət sevinci yaşamağı bilməlidir. Cəmiyyət elə qurulmalıdır ki, insanın ictimai, "sevməyə qadir" mahiyyəti onun cəmiyyətdəki həyatından ayrılmaz olsun, bir vəhdət təşkil etsin. Sevginin, mənim ifadə etməyə çalışdığım kimi, bəşəriyyət mövcudluğu probleminin yeganə idraki və adekvat həlli olduğu doğrudursa, o zaman hər necə olursa olsun, sevginin inkişafını məhdudlaşdıran, insan təbiətinin əsas tələbatları ilə ziddiyyət halına gələn hər hansı bir cəmiyyətin gec ya tez məhv olacağı da qaçılmazdır... Sırf fərdi yox, ümumictimai hadisə olaraq mümkün olan sevgiyə inam insanın ən məhrəm mahiyyətinin təcəssümünə əsaslanan məntiqli və dərrakəli inamdır.
![]() |
Sevgi - insanın mövcudluq probleminin yeganə ağlabatan və tətminedici cavabıdır. |
İstifadə edilmiş mənbə:
Erix Fromm "Sevmək sənəti" əsəri ("Qanun", Bakı.)
Məqalənin original linki: https://bahmanyarclub.blogspot.com/2020/04/erix-fromm-sevmk-snti-eyvaz-usubov.html
Comments
Post a Comment