“Amerika sizin də ölkənizdən adam oğurlaya bilər”








Amerika Birləşmiş Ştatları (ABŞ) məhkəmələrinin bir çox qərarlarında tətbiq etdiyi male captus, bene detentus adlı hüquqi doktrinaya əsasən təqsirləndirilən şəxsin məhkəmənin səlahiyyətinə qeyri-leqal yollarla gətirilməsi onun işinə baxılmasına mane olmur. Bu doktrina Ker və Frizbi işlərinin adından götürülərək bəzən Ker-Frizbi doktrinası kimi də adlandırılır. Bu doktrinadan istifadə edən ABŞ dəfələrlə öz agentlərini bir sıra ölkələrə göndərmiş, bu ölkələrin vətəndaşlarını ərazisinə gətirdikdən sonra şəxsi Amerika qanunları ilə cəzalandırmışdır. Hətta bəzi zamanlarda şəxsin qaçırıldığı ölkə ilə arasında ekstradisiya müqaviləsi olduğu halda buna etina etməmişdir. Mövcud məsələ bir sıra ölkələrin narazılığına səbəb olmuş və onlar tərəfindən ölkə suverenliyinin pozulması kimi qiymətləndirilmişdir. Bu doktrina öz əsasını Ker işindən götürür.
Oğurluq və mənimsəmə cinayətlərini törətməkdə ittiham edilən Ker adlı şəxsi Amerika xüsusi agenti 1883-cü ildə Perudan oğurlayır. Onu oğurlayan şəxsin Amerika hökuməti adından Peru hökuməti ilə ekstradisiya haqqında danışıqlar aparmaq barədə təyinatı olsa da, o bu vəzifəsini yerinə yetirə bilmir. Həmin dövrdə Peru və Çili arasında müharibə gedirdi və paytaxt Limada yerləşən hökumət dağıldığından onun görüşə biləcəyi bir rəsmi yox idi. Belə olduqda agent ayrı bir yola əl atır və Çili polis dəstələrinin köməyi ilə Keri oğurlayıb Amerikaya gətirir. İşə baxan ABŞ Ali Məhkəməsi bu işdə özünü səlahiyyətli hesab edir və qərarında qeyd edir ki, şəxsin tutulma qaydalarında pozuntular onun ümumiyyətlə mükahimə edilməməli olduğu anlamına gəlmir.
Doktrinanın adını götürdüyü ikinci iş Frizbi v. Kollinsdir. Burada Kollins adam öldürməklə ittiham olunur və Çikaqoda yaşayarkən Miçiqan polis dəstələri tərəfindən oğurlanır. Şəxs məhkəməyə iddia ərizəsində ABŞ Konstitusiyasına edilmiş 14-cü düzəlişdə nəzərdə tutulan lazımi hüquqi prosedur hüququnun pozulduğunu, buna görə də məhkəmənin səlahiyyətsiz hesab edilməsini tələb edir. Ali Məhkəmənin qərarında isə lazımi hüquqi prosedur və ədalətli məhkəmə hüququ anlayışları eyniləşdirilir; bu hüququn məhkəmə və məhkəmə sonrası prosessual hüquqları qoruduğu müəyyən olunur. Qərarda qeyd edilir: “Konstitusiya öz istəyi olmadan məhkəməyə gətirilən günahkar şəxsin ədalət mühakiməsindən qaçmasına icazə vermir”. Bunları nəzərə alan Ali Məhkəmə Ker presedentinə əsaslanır və sonda özünü bu işə baxmaqda səlahiyyətli hesab edir.

Bu doktrina müasir dövrdə Alvarez Maçain işində istifadə olunmuşdur. Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının (Drug Enforcement Administration – DEA) agenti Kamarena-Salazar 1985-ci ildə Meksikada işgəncə ilə öldürülür. Doktor Alvarez Maçain tibbi yollarla Salazarın daha çox işgəncəyə tab gətirməsi və sorğulamanı tam bitirdikdən sonra ölməsi üçün ömrünün uzadılmasına yardım edir. Bir müddət sonra qətldə iştirak etdiyi üçün Quadalacarada, öz evində olarkən Maçain Amerika agentləri tərəfindən oğurlanır və xüsusi təyyarə ilə Teksasa gətirilir. Burada ona qarşı iş açılır.
Bu işin özünəməxsus digər cəhəti Amerika və Meksika arasında ekstradisiya müqaviləsinin mövcudluğu idi. Belə ki, Amerika agentləri şəxsi oğurlamazdan qabaq onun Amerikaya verilməsi üçün Meksika hökuməti ilə danışıq apara bilərdilər, lakin aparmamışdılar. Buna səbəb onların Meksika hökumətinin pulla satın alınacağını və ekstradisiya razılıq verməyəcəklərini düşünməsi idi. Maçain məhkəməyə ərizəsində onun tutulma qaydasının düzgün olmaması, eləcə də ekstradisiya müqaviləsinin pozulması səbəbindən məhkəmənin səlahiyyətli olmadığını iddia edir.
Aşağı instansiya və apellyasiya məhkəmələri qərarlarında Alvarez Maçainin iddiasını təmin edərək ekstradisiya müqavilənin pozulduğunu, bu səbəbdən də Maçainin Meksikaya geri qaytarılmalı olduğunu qət edir. Maçain işi ilə təxmini eyni müddətdə baxılan oxşar Verdugo-Urquidez işində də (o da Salazarın ölümündə təqsirli bilinib Amerikaya qaçırılmışdı) apellyasiya məhkəməsinin qərarı eyni xarakter daşıyır. Bu qərarda məhkəmə bu işə Ker doktrinasının tətbiqinin mümkünlüyünü istisna edir və buna iki səbəb göstərir. İlkin səbəb kimi Ker işində agentin özbaşına hərəkət etməsi və bunun Amerika hökuməti ilə əlaqəsi olmadığı qeyd edilir. Mövcud işdə isə Maçaini qaçıran şəxslər Amerika hökuməti tərəfindən xüsusi təyinatlandırılmış qüvvələr idi. Burada qeyd edilir: “Ker işi yalnız özbaşına edilmiş adam oğurluğunun ekstradisiya müqaviləsini pozmadığı iddiasını dəstəkləyir. Bu iş Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən səlahiyyətləndirilmiş adam oğurluğu məsələsinə xitab etmir.”
İkinci səbəb kimi isə göstərilir ki, Ker işində Peru hökuməti müqavilənin pozulmasına etiraz etməmişdi. Bu işdə isə Meksika hökuməti müqavilənin pozulmasını iddia edirdi.
Sonda isə apellyasiya məhkəməsi ekstradisiya müqaviləsində xüsusilə belə bir müddəanın olmamasına baxmayaraq, adam oğurluğunun müqavilənin ümumi məqsədlərinə zidd olduğunu vurğulayır və bu səbəbdən də özünü bu işdə səlahiyyətli hesab eləmir.
ABŞ hökumətinin kassasiya şikayətinə baxan Ali Məhkəmə Maçain işində fərqli qərar qəbul edir – ekstradisiya müqaviləsinin pozulmadığına dair hökm çıxarır. Bunu onunla əsaslandırır ki, Meksika və ABŞ arasında bağlanan ekstradisiya müqaviləsində adam oğurluğunu qadağan edən hər hansı bir norma yoxdur. Üstəlik qərarda qeyd edilir ki, Meksika hökuməti müqaviləni imzaladığı zaman Ker doktrinasının mövcudluğundan xəbərdar edilmişdi, buna baxmayaraq, o, müqaviləyə adam oğurluğu haqqında müddəanın daxil edilməsi üçün təkid etməmişdir. Beləliklə, bunu qadağan edən müddəanın müqavilədə mövcud olmamasına əsaslanan ABŞ Ali Məhkəməsi Ker-Frizbi ənənəsinə sadiq qalaraq, özünü bu işə baxmaqda tam səlahiyyətli hesab edir.  
Amerika məhkəmələri bu doktrinadan xeyli sayda işdə istifadə etsələr də, onun mövcudluğu heç də hər cür qeyri-qanuni yola məhkəmənin susacağını ifadə etmir. Bu qaydadan istisna özünü Toskanino işində əks etdirir.
Toskanino adlı Uruqvayda yaşayan İtaliya vətəndaşı ABŞ ərazisində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu üçün Uruqvaydan oğurlanır və Braziliya vasitəsi ilə Amerikaya gətirilir. Braziliyada olarkən onu tutan şəxslər ona şiddətli dərəcədə işgəncə edir. ABŞ məhkəməsində Toskaninoya qarşı iddia qaldırılır və aşağı instansiya məhkəməsi bu işgəncəyə rəğmən işə baxılmasını müvafiq bilir. İnstansiya məhkəməsinin 20 illik həbs və cərimə hökmündən Toskanino apellyasiya şikayəti verir. Apellyasiya məhkəməsi qərarda Toskaninonun ABŞ Konstitusiyasına 14-cü düzəlişdə nəzərdə tutulan lazımi hüquqi prosedur hüququnu pozulmuş bilir və Ker-Frizbi doktrinasını tətbiq etməkdən çəkinir. Qərarda lazımi hüquqi prosedur anlayışı barədə konflikt olduğu qeyd edilir. Gəlinən nəticə budur ki, bu anlayış dar və geniş mənada başa düşülə bilər. İlkin mənada bu, sadəcə ədalətli məhkəmə prosesini təsvir edir. Geniş mənada isə bu anlayış həm də şəxsin məhkəməyə hansı yollarla gətirildiyini ehtiva edir. Apellyasiya məhkəməsi burada Ali Məhkəmənin çoxsaylı qərarlarına istinad edir və sonuncunu dördüncü düzəlişin daha düzgün interpretasiyası kimi görür. Qərarda qeyd edilir: “Lazımi hüquqi prosedurun Ker-Frizbi işlərində istifadə olunmuş məhdud versiyası və Ali Məhkəmənin son qərarlarında genişləndirilmiş və aydınlaşdırılmış şərhi olmaqla, iki cür interpretasiyası arasında ziddiyyətlə qarşılaşdıqda, Ker-Frizbi doktrinası dəstəklənməməlidir.” Qərarın digər bir cümləsində deyilir: “lazımi hüquqi prosedur tələb edir ki, hökumət təqsirləndirilən şəxsin konstitusiya hüquqlarına qəsdən, lazımsız və əsassız olaraq qəsd edirsə, məhkəmə özünü bu yurisdiksiyadan məhrum etməlidir.”
Məhkəmənin bu cür hökmündən başa düşülən odur ki, lazımi məhkəmə proseduru anlayışı müasir dövrdə sadəcə ədalətli məhkəmə prosesini ifadə etmir, bu, həm də məhkəmədən öncəki prosesi də özündə ehtiva edir. Lakin maraqlısı budur ki, bundan sonra haqqında hökm çıxarılan Maçain işində Ali Məhkəmə bu yanaşmanadan yayınır və özünü səlahiyyətli bilir.
Toskanino işinin Ker-Frizbi doktrinasına istisna olmasını təmin edən əsas amil isə Toskaninonun hüquqlarının kobudcasına pozulması, yəni onun sadə oğurluqla deyil, işgəncə ilə Amerikaya gətirilməsidir. Apellyasiya məhkəməsi bu nöqtədə ona edilən hərəkəti “vicdanı sarsıdan” olaraq qiymətləndirir. Lakin bu ifadənin hansı dərəcəyə qədər tətbiq edildiyi bildirilmir. Məlum olan budur ki, Toskaninoya işgəncə çox ağır dərəcədə edilmişdi və bunu hər adam oğurluğu işində görmək mümkün deyildir.
Qeyd etmək lazımdır ki, Ker-Frizbi doktrinası bir sıra beynəlxalq tribunalların qərarlarında da istifadə olunmuşdur. Nikoliç işində Yuqoslaviya Beynəlxalq Tribunalı təqsirləndirilən şəxsin hüquqları kobudcasına pozulmadığına görə məhkəməni bu işə baxmaqda səlahiyyətli bilmişdir.
Ker-Frizbi doktrinası və Alvarez Maçain işi bir çox alimlərin kəskin qınağına tuş gəlmiş və beynəlxalq hüququn pozulması kimi qiymətləndirilmişdir. Bu qaydadan istisna olan Toskanino işi isə özü-özlüyündə çox məhdud istisna xarakteri daşıyır. Buna görə də ABŞ məhkəmələri gələcəkdə bu qaydanı asanlıqla gözardı edə, işdə “vicdanı sarsıdan” hərəkətin mövcudluğunu inkar edərək tətbiq etməyə bilərlər. Beynəlxalq hüquqda hələ ki bu məsələyə diqqətli yanaşılmaması və hətta Nikoliç işindən görüldüyü kimi dəstəklənməsi ekstradisiya müqavilələrinin qeyri-effektivliyi və ölkələrin suverenliyinin belə asan şəkildə pozulması kimi məsələləri gündəmə gətirir.

Müəllif: Röya Məlikzadə
Məqalənin original linki:

https://malikzadaroya.wordpress.com/2020/03/27/amerika-sizin-de-olkenizden-adam-ogurlaya-biler/

Comments