TANRININ TƏNHALIĞI



Bəxtimiz gətirib ki
Tanrı deyil, insanıq.
Tanrılar təki yalqız
Təkbaşına qalmırıq.

Hərdən çox düşünürəm
Yazığım gəlir sənə.
Sıxılmırsan, ilahi?
Bir işarə ver mənə.

De, kiminlə gəzirsən
Kiminlə oynayırsan,
Dərdini kimlə bölüb
Kiminlə ağlayırsan?

Ağlayanda kim olur
Şərik göz yaşına,
İncinəndə bir kimsə
Sığal çəkir başına?

Həyəcanlanırsanmı
Sevdiyini görəndə,
Səni soyuq tər basır
Sənə tərəf gələndə?

Yoxsa, hissinmi yoxdu
Yox, bu, qorxunc olardı,
Sən özün elə hissən
Bütünün duyğulardı

Hərdən yaman qorxuram
Fikirdən başım şişir,
Hər şeyi xəlq eliyən
Təklikdən əldən düşür?
Bir küncdəcə büzüşür?

Yaxşı, əgər istəsən,
Dost olaram səninlə.
Sıxılmasan, həmişə
Bir qalaram səninlə.

Harda istəsən, oynar
Qumdan evlər tikərik,
Hərdən cığallıq edib
Dalaşarıq küsərik.

Saf təmiz uşaqlar tək
Üz-üzə ağlaşarıq,
Sonra yaşlı gözlərlə
Gülərik barışarıq.

İstərdinmi biz kimi
Mələk anan olaydı,
Sevib, nazını çəkib
Hey qeydinə qalaydı.

Harda gəldi yatardın
Mürgüləyərdin rahat,
Narazı halda anan
Yavaş səslə deyərdi:
Burda soyuq olacaq
Oyan, get, yerində yat.

Göy üzü qıpqırmızı,
Qar gəzişir səmada.
Təklik çoxmu ağırdı
Bu şaxtalı havada?
Sənə soyuq deyil ki
Üşümürsən, ilahi..?

Müəllif: Cahid Əliyev

Şeirin yazılma tarixi:  09.01.19; 07:40.

P. S. Cahid Əliyev Bakı Slavyan Universitetinin "Tərcümə" fakültəsinin "Çex dili" ixtisasında bakalavr təhsil almışdır. 2018-ci ildə həmin universiteti "Fəxri məzun" təltifi ilə bitirmişdir. Gələcək planlarına ilk növbədə Çində təhsil almaq daxildir. Həyati məqsədlərdən başlıcası isə aid olduğu ölkədə azad, sərbəst seçimli fərdlərin olduğu xoşbəxt bir toplum görməkdir! Paylaşaraq bizə və gənc yaradıcı insanımıza dəstək ola bilərsiniz.

Comments