Fövqəlinsan: Fridrix Niçşe

1. Alman filosofu F. Niçşenin (1844-1900) fəlsəfi təlimi qeyri-ardıcıl və ziddiyyətlidir. Lakin o, öz ruhuna, meyl və məqsədinə görə bütövdür.

Niçşşe fəlsəfəsinin əsasında skeptsizm (şübhəçilik) və bioloji volyuntarizm (iradə fəlsəfəsi) durur. Lakin bütövlükdə Niçşe fəlsəfəsinin mərkəzi anlayışı həyatdır. Bu anlayış filosofun "həyat fəlsəfəsində" o qədər də aydın deyil. Burada həyat və onun daşıyıcısı olan orqanizm nə maddi, nə də ideal olmayan hansısa "üçüncü reallıq" hesab edilir.

Niçşenin bütün əsərlərində belə bir fikir var ki, həyat və fəlsəfənin yaxın ittifaqından hər iki tərəf udmalıdır. Fəlsəfə həyatda öz bədənini, həyat isə fəlsəfədə öz ruhunu tapır.
 Nitsşeyə görə həyatın əsası iradədir (volya). Həyat iradənin təzahürüdür, lakin Şopenhauerin fəlsəfəsindəki kimi mücərrəd deyil, müəyyən iradənin - hakimiyyətə can atama iradəsinin təzahürüdür.

 Niçşe təsdiq edirdi ki, elmdə həqiqət adlanan şey yanılmanın sadəcə olaraq bioloji cəhətdən faydalı növüdür, yəni əslində həqiqət deyil, yalandır. Yalan zəruridir və həyat şəraitini təşkil edir. O, bunu belə əsaslandırırdı ki, insanın Yerdə yaşaması, Yerin öz mövcudluğu kimi mənasızdır. Ona görə də "həyatı mənasız dünyada" təmin etmək üçün illüziya və özünüaldatma lazımdır.

 Niçşe "daimi qayıdış" (əbədi təkrar) ideyasına müstəsna əhəmiyyət verirdi. İndi baş verənlər əvvəllər dəfələrlə baş verib, gələcəkdə də baş verəcək. Nitsşenin fikrincə bu hal həyatın mənasızlığı və ümumi sabitsizlik fikrindən xilas olmağın yeganə vasitəsidir. Bununla belə zəhlətökən ölüm fikrindən, həm də fərdlərdə yaşamaq iradəsini saxlayan fikirdən tamamilə azad olmaq mümkün deyil. Yaşamaq iradəsi nə qədər güclüdürsə, ölüm qorxusu da o qədər dəhşətlidir.
 Nitsşenin qüvvətli insan haqqında fikirləri də diqqətəlayiqdir. Qüvvətli o adamdır ki, hakimiyyətə can atır. Hətta qəddar, cinayətkar da qüvvətli adamdır, ona görə də onu vicdan əzabından xilas etmək lazımdır.

 Nitsşe "Zərdüşt belə deyirdi" kitabında öz idealını fövqəlinsan obrazında həyata keçirmişdi. Fövqəlinsan simasında o, hər şeydən əvvəl Zərdüştün özünü təsvir edirdi. Nitsşe ona ən yüksək qəhrəmanlıq və yetkinlik sifəti verirdi. Zərdüşt obrazında o, özünün kamil dostunu yaradaraq, onun dili ilə özünün ali məqsədini çatdırırdı. Nitsşe yazırdı: "Sizin aranızdakı ən müdrik adam da bitki ilə kabusun (xəyalın) yalnız pozğun qarşılığıdır. Məgər mən imkan verərəm ki, siz kabus və yaxud bitki olasınız?" "Fövqəlinsan yerin mənasıdır. Qoy sizin iradəniz (volyanız) desin: fövqəlinsan yerin mənası olsun".

 Nitsşenin dediyinə görə fövqəlinsan üçün gələcək rifah və xoşbəxtlik vəd etməklə insanı  arxayınlaşdıran əxlaq deyil, xüsusi zadəgan əxlaqı lazımdır. İnsan ümumiyyətlə xoşbəxt olmamalıdır. Nitsşeyə görə yalnız "inəklər, qadınlar, uşaqlar və sosial-demokratlar" xoşbəxtliyə can atırlar. Azad insan döyüşçüdür. Dünyada xoşbəxtlik deyil, rahatlıq və volya (iradə) var.

 Nitsşe hesb edirdi ki, insan idealsız yaşaya bilməz, lakin ideal praktiki həyatdan çıxarılırsa orada inkar ola bilməz. O, yazırdı: "İdeal fanatiki o vaxta qədər əsl fanatik olur ki, o, hələ inkar edir və buna görə də qorxuludur; o inkarı özü qədə yaxşı bilir, belə sadə səbəbə görə ki, o, oradan çıxıb, onun evi oradadır və o, gizlində bir də oraya qayıtmaqdan daim qorxur, o məhz inkar yolu ilə oraya qayıtmağı özü üçün qeyri-mümkün etmək istəyir".

 Nitsşe hesab edirdi ki, insana yuxarıya, elə bir dünyaya can atmaq lazımdır ki, o, varlıq əzabından daha yüksəyə qalxa bilsin. Beləliklə, insan - insan olaraq qalmamalıdır, ona fövqəlinsan olmaq qisməti verilib. Fövqəlinsan həyatda yalan, əzab-əziyyət, düşmənçilik gətirən nə varsa, hamısını etməlidir. Avropanın çoxəsrlik ənənəsi kimi xristinalığın tənqid edilməsi və zərdüştlüyün tərif edilməsi bu əsas müddəa ilə bağlıdır. Nitsşe hesab edirdi ki, məhz xristianlıq əsrlər boyu insanın qəbul etdiyi bütün həqiqəti alt-üst etdi və bu həqiqətin yerinə tamamilə uydurma fikirlər gətirdi: Allah, əxlaqa əslanan dünya qaydaları, ölümsüzlük, günah, şəfqət, bağışlama. Həm xristian, həm də sosialist əxlaqı həddən artıq ictimai olduğu üçün insanda fərdi başlanğıcı zəiflədir.

 Nitsşe əsərlərinin bəzilərini, o cümlədən, "Zərdüşt belə deyirdi" kitabını şerlə yazdığı üçün onun filosofdan daha çox şair olduğunu iddia edənlər də var (məs. B. Rassel).

 Bir sıra görkəmlu filosoflar Nitsşenin fövqəlinsan konsepsiyasının Hitlerin nasional-sosializmi ilə uyğun gəldiyini sübut etməyə çalışırlar. Albert Kamyü yazırdı: "Nitsşeyə və nasional-sosializmə qədər belə bir nümunə olmamışdır ki, tamamilə alicənablıq ilə işıqlandırılan, öz-özlüyündə tək olan ruha əzab verilən dünyada yalan paradı və həbs düşərgələrində dəhşətli meyit yığını ilə təqdim edilsin. İnsanlığa yad olanların müntəzəm olaraq istehsalına gətirən fövqəlinsanlığın təbliğ edilməsi bir faktdır ki, onu ifşa etmək lazımdır, həm də onun izahı da tələb olunur".

                                                         Edvard Munk, "Nitsşe"

2. Nitsşe, sonralar isə ispan filosofu Orteqa-i-Qasset, bax, beləcə, çevrəsinin burulğanından çıxmış,
çevrəsinin çəkimindən (cazibəsindən) qurtulmuş adamlardan danışır. Nitsşe insanları yığnağın, çoxluğun, sürünün adamlarına və seçmə, yaradıcı adamlara, daha doğrusu, Üst insanlara (supermənlərə) ayırır və  söyləyir: insan sürüsü, yığnaq adamları üç baxımdan özlərini göstərirlər: birincisi, böyük adamların  kopyası, - üzünün köçürülməsi, özü də pis köçürülməsi kimi, ikincisi, böyük adamların etdiklərinə əngəl  kimi, üçüncüsü isə böyük adamların aləti, aracı, silahı kimi.
Sonra Nitsşe tarixin zərurətlə yeridiyini bildirən qanunlar haqqında soruşur: - «Tarixdə qanun varmı?
Bəyəm, bu sürünün axmaqlığını, qul kimi yamsılayıb, meymunluq etməsini, sevgisini, aclığını qanun
adlandırmaq olarmı?»
Sürünün dünyasını mədəniyyətlə bağlı Nitsşe belə açır: indiki insanlar biri-biri ilə elə darıxırlar ki,
özlərini maraqlı etmək üçün dürlü sənətlərdən istifadə edirlər. Və bax, beləcə, onlar sənətkarlara ləziz, pikant «yeməklər» sifariş verirlər. Sənətkarlar isə Qərb və Şərq ədvası ilə bəzənmiş əsərlərini yaradıb onlara yemək üçün yollayırlar. Sözsüz, bu əsərlərin Batı və Doğu ətriyyatı ilə dolu qoxuları var. İnsanlar bu gözəl formalara tamaşa edə-edə axırda inanırlar ki, gözəl görünüşün arxasındakı məzmun da gözəl olmalıdır.

Onun üçün də hər biri darıxdırıcı görünməmək üçün gözəl formalar axtarır, sanki gözəl formanı taxan kimi  məzmun da darıxdırıcı yox, gözəl olacaq.
Nitsşe sürünün belə sifarişləri qarşısında buyuruq qulu olan sənətkarlara çox pis baxır, çünki hesab edir ki, hər bir adamın borcu çoxluğun, yığnağın xeyrinə yox, ən nadir, ən dəyərli insan ekzemplyarlarının  (nüsxələrinin) xeyrinə çalışmaqdır. Nitsşeyə görə, insanlıq durmadan ayrı-ayrı böyük adamların  hazırlanması işində çalışmalıdır. İnsanlığın borcu, bax, budur, daha ayrı şey deyil.
Sürü üçün nə xarakterikdir? Gərəklərin, istəklərin biri-birinə oxşaması. Əgər adamların yaxşı saydıqları, pis saydıqları eynidirsə, deməli, onlar biri-birindən az fərqlənirlər. Fərdilik isə təkcə filankəsin bədəninin filankəsinkindən ayrı olması deyil. Fərdilik sənin nəyə üstünlük verməndə, hansı yöndə düşünməndə, nədən duyğulanmanda və necə duyğulanmanda özgün, yəni orijinal, bənzərsiz olmağındır. Belə fərdlər az olur, seçmə dəstəni əmələ gətirir. Nitsşenin dediyinə görə, ulusları də yaradan bu cür fərdilikləri olmuş böyük adamlardır. Yaradıcılıqla yeni ideya, düşüncə ortaya atanlar da onlardır.

Hamı kimi düşünənin tapdığı hamının tapdığı olur, deməli, yenilik kimi seçilmir. Hamıdan ayrı cür
düşünüb-davranan kəs isə hamının çətin alışacağı, hamıya gözlənilməz olan yenilikləri ortaya atır. Bütün bunları Nitsşe «Vaxtı çatmış düşüncələr», «Böylə buyurdu Zərdüşt» kitablarında bildirir.
«Avtobioqrafiya» adlanan yazısında isə o, seçkin adamların fərdiliyinə, başqalarına oxşamamasına örnək kimi öz şəxsiyyətini göstərir. Məsələn, bir yerdə söyləyir ki, Zərdüşt kitabımla mən insanlığa çox böyük ərmağan verdim. Bu kitab ən yüksək kitabdır, dağ havası kimi bir kitabdır.

Nitsşe bu cür öyünməklə cəmiyyətdə hamının tələb etdiyi «təvazökar ol!» buyuruğunun acığına belənçi danışır və sonucda dikbaşlıqla çoxluğun əxlaqı ilə kəllə-kəlləyə gəlmək istəyir (onu da bilək ki, sağlığında Nitsşe tanınmış filosof deyildi).

O, uğurlu olan insan haqqında (bu da seçmə insandır) deyir: belənçi adam bütün bəd hadisələri öz
xeyirinə çevirə bilir. Nə onu məhv etmirsə, onu güclü edir, yəni məhv olsa, heç, ancaq hadisənin onu yox etməyə gücü çatmırsa, o, hadisənin zərərini özü üçün faydalı edir. Məsələn, götürək xəstəliyi. Ağır xəstəlikdə adamların çoxu sızıltı və inləməklə, yazıq-yazıq ah-of etməklə yaşayır. Seçmə insan isə xəstəliyi nə qədər ki, onu öldürməyib, öz xeyirinə çevirir. Örnək kimi Nitsşe özünü göstərir. Söyləyir ki, xəstəlik halında onda yaranmış sağlamlıq istəyindən, həyat istəmindən özünə bütöv bir fəlsəfə yaratdı. Nitsşe özünü uzun illər ayıb sayılan, yasaq edilən məsələlərin içində səyahət edən səyyah adlandırırdı. Doğrudan da onun açdıqları, söylədikləri heç cürə çoxluğun əxlaqına sığmırdı. Məsələn, o özünü döyüşçü adlandırıb, sonra dava etməsinin dörd prinsipini verirdi:

a) mən həmişə qalib gəlmişlərə hücum edirəm;
b) o şeylərlə döyüşürəm ki, onlara qarşı özümə tərəfdar, köməkçi, qahmar tapmayacam;
v) mən heç vaxt şəxsiyyətin özünə həmlə etmirəm. Şəxsiyyətdən ancaq böyüdücü şüşə kimi istifadə
edirəm. Bu böyüdücü şüşə ilə hamıdakı bəlaları böyüdüb göstərirəm. Yoxsa, konkret adamla mənim nə işim?!
q) kiməsə həmlə edirəmsə, bu, mənim ona xeyirxahlığımdır, hətta təşəkkürümdür.

Nitsşe çağındakı adamlarının əxlaqını bürümüş «suç», «gerçək», «əbədi həyat» (o biri dünyada) –
anlayışlarını xəstəlik sayırdı və söyləyirdi ki, mən antixristianam, ona görə də xristianlığın mənəvi
dəyərlərinə, nəyi yaxşı, nəyi pis saymasına düşmənəm.

O, sevgini də tamam başqa cür anladırdı. «Sevginin fəlsəfəyə yaraşan tərifini yalnız mən sizə verirəm: sevgi işlətdiyi vasitələrə görə savaşdır, öz kökünə görə isə qadınla kişinin biri-birinə ölümcül nifrətidir».
Nitsşe belə Nitsşeydi...

İstifadə edilmiş ədəbiyyat siyahısı:

1. Yusif Rüstəmov "Fəlsəfənin əsasları" kitabı;

2. Niyazi Mehdi "Fəlsəfə tarixində fəlsəfə" kitabı.


Maraqlananlar üçün analatik olaraq şərh etdiyimiz məqaləni də təqdim edirik
https://ibtidaivehsi.blogspot.com/2017/07/flsfd-ustinqilabc-fridrix-nitse.html

Comments