"Varoluş qayğısı özü olmaq, ya da olmamaq qayğısıdır"
Danimarka filosofu, ekzistensializmin (mövcudluq, varlıq fəlsəfəsi) sələfi S. Kyerkeqor ( Soren Kierkeegard, 1813-1855) müasirləri tərəfindən demək olar ki, qəbul edilməmişdi. O, yalnız ölümündən sonra çox məşhurlaşdı.
Kyerkeqor hesab edirdi ki, insan iki vəziyyətdən birini seçməlidir: ya hazırkı ağılsız vəziyyətdə qalıb imkan tapdıqca həyatdan estetik zövq almalı, ya da özünün şəxsi təbiətini müəyyənləşdirərək əxlaqlı insan olmalıdır. Yaşamağın bu ikinci mərhələsinə yol ümidsizlikdən keçir. Ümidsizlik təskinlik vasitəsi deyil, ruhun bütün qüvvəsinin böyük gərginliyini tələb edən mənəvi aktdır. Məhz o dünya üzərində qələbəni təmin edir. Ümidsizliyin dadını bilməyən adam həyatın əsl mənasını anlaya bilməz. Kyerkeqor məsləhət görürdü ki, ümidsizliyə qapıl, onda sən ətrafdakıları aldatmayacaqsan, dünyanın lazımsız məxluqu olmayacaqsan. Ümidsizlik insanın daxili mənəvi təbiətinin üzə çıxmasıdır. Lakin ümidsizlikdən keçən insanın etik varlığı filosofun fikrincə insanın yüksək inkişaf mərhələsi deyil. Əxlaqlı insan hesab edir ki, dünyada zərurət, borc hökmranlıq edir və onlara tabe olmaq lazımdır. İnsan gərək mənasız, iyrənc, küt, ağılsız zərurətə qarşı mübarizə aparsın (məsələn, ölümün qaçılmazlığına qarşı). İnsan zərurətə, o cümlədən əxlaq qanunlarının zəruriliyinə qarşı dini inam yaranana qədər mübarizə aparmalıdır. Beləliklə, o inandırmağa çalışırdı ki, biz etik normalardan daha çox dini prinsiplərlə yaşamalıyıq. İnsan yalnız Allah qarşısında cavabdehdir. Heç bir insan varlığı bu münasibətə müdaxilə edərək onu dəyişdirə bilməz. Kyerkeqora görə din insan qəlbinin dərinliyindən gəldiyi üçün ekzistensial təfəkkür məsələsidir. O, inamı ağıldan ayırır və göstərirdi ki, Allahın mövcudluğunu ekzistensial yolla anlamaq olar.
Kyerkeqorun, ümumiyyətlə, bütün fəlsəfəsi imkan uğrunda inadkar, dönməz mübarizədir. Əgər Allah varsa, deməli elə bir dünyanın yaranması imkanı var ki, orada Sokrat zəhər qədəhini içməzdi, İsanı çarmıxa çəkməzdilər, hər bir insan öz taleyini müəyyənləşdirə bilərdi.
İstifadə edilmiş ədəbiyyat:
Yusif Rüstəmov "Fəlsəfə tarixində fəlsəfə" kitabı
Comments
Post a Comment