Tabulara qarşı üsyançı: Evripid

Yunan dramaturgiyasının üçüncü böyük şəxsiyyəti olan Evripidin (e.ə. 480-406) əsas yaradıcılığı demokratiya idarə üsulunun böhran keçirdiyi illərə təsadüf edir. Evripidin yaradıcılığı yunan dramaturgiyasının inkişafında yeni və son mərhələdir. Onu 3 məşhur tragikin ən balacası saymaq dəbi indi də qalır – Esxil və Sofoklla rəqabətdə Evripidə “üçüncü tragik” titulu yapışdırılıb. Ancaq bu, sadəcə yaşla bağlı məsələ deyildi. Esxil də, Sofokl da mifoloji mövzulara heç bir tənqidi, yaxud analitik münasibət bəsləmədən sadəcə “xam material”ı sözə düzürdü. Evripidə isə bu bəsit translyasiya yetərli deyildi. İlk dəfə olaraq məhz o, tabunu qırmışdı – onun faciələrində Tanrılar qəddar, mənfi personaj kimi verilirdi, insana taleyinin öz əlində olması təlqin edilirdi, üstəgəl, insan xarakterinin dərinliyinə baş vurmaqla Evripid sanki ona qədər olmamış bir missiyanı üzərinə götürmüşdü: onu ədəbiyyatın ilk psixoloqu saymaq olar. Onun faciələrində insan psixologiyası ilahi qismət ideyasından yuxarıda dayanır. Sofokl üçün toxunulmaz, müqəddəs olan tanrılara Evripid tənqidi münasibət sərgiləyirdi. Evridin yaşadığı dövrdə qadınlarən vəziyyəti acınacaqlı idi, o, əsərlərində qadınların vəziyyətinə etiraz səsini ucaldır. Evripid faciəli hadisələri həyat həqiqətləri ilə uzlaşdırmağa can atır, obrazları ilahiləşdirir, olması arzu edilən hadisələri xəyaldan, insanları alicənab hisslərdən məhrum edərkən real zəmində hərəkət etdirir; ona görə də Evripid çox zaman insanı qara və mənfi boyalarla verərək, qorxaqlığı, xudbinliyi, heyvani və sövqul-təbii hissləri meydana çıxarır. Məhz buna görə də, Aristotel onu "ən tragik-dramaturq" adlandırmışdır.

Evripidin daha çox iki əsəri məşhurdur: "Medeya" və "Alkesta".

"Medeya" faciəsi - Əsərin mövzusu "Arqonavtlar" əsatiri silsiləsindən götürülmüşdür. Əsas obraz olan Medeya əri Yazonu çox sevir. Yazon isə bu sevgiyə biganədi. Onun gözünü hakimiyyət sevgisi bürüyüb. Medeya isə dərin məhəbbətlə Yazona aşiq idi. Medeyanın sevgisi o qədər böyük idi ki, o əri Yazona görə övladlarını da öldürməyi gözə almışdı. Bunun səbəbi isə əsərdə belə qeyd olunub: əgər Medeya övladlarını özü öldürməsəydi, onları daha bədbəxt ölüm səhnəsi gözləyirdi. Yazon isə bütün bu fədakarlıqlara baxmayaraq Medeyaya xəyanət edir və başqa qadınla evlənir. Medeya da öz növbəsində uşaqlarının ölmüş cəsədlərini belə Yazona göstərmir. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdi. Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, digər yandan ümumiyyətlə qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən bir üsyankara çevrilir. Onun hər sözündən qan iyi gəlir: "...Biz qadınlar, bütün məxluqatın içində ən bədbəxt yaranmışıq. Biz əvvəlcə qızıl verib özümüzə ər alırıq; bədənimizi bir qul kimi, onun ixtiyarına veririk... Bizə söylədilər ki, kişilər bizi qorumaq üçün dava meydanlarında vuruşur, amma biz evdə rahat, asudə ömr sürürük. Bu, yalandır, yalan. Mən bir dəfə doğmaqdansa, on dəfə qalxan götürüb vuruşmağa razıyam..." Əsatirdə Yason qızıl yun dalınca Kolxidaya gedir. Qalib gəlməkdə ona çarın qızı Medeya yardımçı olur. Medeya Yasonla birlikdə Yunanıstana dönür, evlənirlər, övladları olur. Sonra Yason Korinf hökmdarının qızı ilə evlənir. Qısqanc Medeya qisas alır – Yasonun sevgilisini zəhərləyir. Qəzəblənmiş kütlə isə Medeyanın övladlarını öldürür. Mifdə bu cürdür və qədim yunanlar üçün əzablıydı ki, uşaqların qətlini onların adına çıxırlar. Bu, onların gözündə tarixi bədnamlıq, yuyulmayan ləkəydi. Və Evripidə bu mövzunu fərqli şəkildə işləmək təklif olunur. Evripidin “Medeya”sında uşaqları Medeya özü öldürür. Və uşaqlarını öldürən ana obrazını Evripid elə dərinliklə işləyir ki, tərəddüdlərlə, övlad sevgisi ilə dolu bir qəlbin sonunda bu ifrat qəddar hərəkəti icra etməsinə aparıb çıxaran fikirlər axını, daxili mübahisələrlə o, əsl psixoloji portret cızmış olur: "Eyvah...Eyvah. Ah! Ey qəlbim, gəl bunu etmə; gəl bundan əl çək. Balalara toxunma, onlara rəhmin gəlsin. Onların həsrətini çəkmək, onları uzaqdan-uzağa da olsa sevmək nə qədər də şirindir". Bir ana kimi Medeya öz qərarlarında tərəddüt edir, lakin intiqam itaətə, cəza mərhəmətə qalib gəlir: "And içirəm cəhənnəmin kölgələrinə, and içirəm... balalarımın düşmənlər əlində istehza əyləncəsi olmasına yol verməyəcəyəm. Onlar üçün nu ölümdən də bədtərdir. Yox, onlar ölümdən qurtula bilməyəcəklər, onları mən doğmuşam, mən də öldürəcəyəm. Qoy taleyin hökmü yerinə yetsin". Medeyanın cəzası tamaşaçıları sarsıdırdı. İntiqam üçün öz uşaqlarını öldürən anaya heç növ bəraət qazandırmaq mümkün deyildi. Hər halda Medeyanın hərəkəti, onun intiqam hissinin patoloji xasiyyət daşıdığını göstərir. Ancaq bir cəhət, onun cinayətini az da olsa yüngülləşdirir. O da ictimai şəraitdir. Medeyanı dəhşətə gətirən ərinin rəzalətidir. Bunun nəticəsindı ərini sevən, uşaqlarına bağlı olan ana patoloji ehtirasların qurbanı olur, cani bir anaya çevrilir. Heç vəchlə Medeyaya bəraət qazandırmaq mümküm deyilsə də, onu bu cinayətə sövq edən mühit də oxucu və tamaşaçıların nifrətini cəlb edir... Üstəlik, Medeya sağ-salamat yunan torpaqlarını tərk edir. Bəs harada qaldı Tanrıların ədaləti?! Mövcud qaydalara qarşı çıxmaq Evripid üçün adidən adiydi. Peloponnes müharibələri dövründə yaşayan dramaturqun pasifizmi da o illər üçün yenilikdi. Məsələn, eramızdan əvvəl 415-c ildə Afinada onun “Troyalı qadınlar” pyesi tamaşaya qoyulur. Evripid bu əsəri ilə sanki Alkiviadın 2 il sonra Siciliyaya qarşı reallaşacaq hərbi yürüşünün əleyhinə çıxırdı. Onun fikrincə, müharibələr yalnız müdafiə xarakteri daşımalı, Vətənin işğalına qarşı olmalıydı. Evripid Troya müharibələrində yunanları yox, troyalıları haqlı sayırdı, günahkar isə Parisin var – dövlətinə hərislik göstərib Troyaya qaçan Yelenanı görürdü.
"Alkestida" və ya, sadəcə, "Alkesta" (438) - Əsər qəhrəmanın ölümüylə başlayırsa, onun Herakl tərəfindən ölümün pəncəsindən xilas edilməsiylə bitir. Fessaliya hökmdarı Admet ölüm allahına qurban verməyi unutduğu üçün, onun qəzəbinı səbəb olmuş; Admet ölməlidir. Ancaq Apollon (red.- İncəsənət tanrısı) bu qərarı dəyişdirməyə müvəffəq olur; əvəzində bir adam canını qurban versə, Admet ölümdən xilas ola bilər. Əsərin əvvəlində Apollonun söhbətindən məlum olur ki, Admet bütün dostlarına, hətta qoca atasına, qarı anasına müraciət etmiş, kimsə onun əvəzinə canını qurban vermək istəməmişdir. Yalnız, onun gənc və gözəl arvadı Alkesta, sevimli ərini xilas etmək üçün ölümü qəbul etmişdir. Alkestanın ölüm günüdür. Ölüm iblisi zahir olur. Apollon ondam xahiş edir ki, Alkesta ərinin evindı qarıyıb qocaldıqdan sonra gəlib onun canını alsın. Ölüm iblisi razı olmur. Bundan hiddətlənən Apollon ona, Herakl əlində öləcəyini xəbər verir. Əsər belə bir əsatirlə başlayır. Admet can verən arvadı Alkestanı əlləri üstündə səhnəyə gətirir. Alkesta son nəfəsində ərindən xahiş edir ki, bu evə ögey ana gəlməsin, uşaqlarını ögey anaya tapşırmasın. Admet həmişəlik dul qalacağına and içir: ata-anasına və həyat xoşbəxtliyinə lənət oxuyur. Dəfn mərasimində Admet atadı Feritin cənazəyə yaxınlaşmasına imkan vermir; onu qatil, evinə-ailəsinə bədbəxtlik gətirən adlandırır. Feret isə özünə bəraət qazandırmağa çalışır: "...Əvəzimə ölməyi mən səndən xahiş etmişəmmi? Heç vaxt. Sən də məndən onu xahiş etmə. Sən yəqin ki, həyatı sevirsən; atanı nə üçün o sevgidən məhrum etmək istəyirsən. Bir də ki, bu dünyada az bir müddət yaşamaq bir əsr torpaq altında yaşamaqdan qiymətlidir... İgid bir arvada məğlub olduğun halda, məni qorxaqlıqda ittiham edirsən. Heç sözüm yoxdur... Vəfalı arvadların sayəsində əbədi olaraq yaşaya bilərsən..." Oğul ilə ata arasında gedən söhbət sofistlərin mübahisəsini xatırladır. (red.- Sofizm - yunan idealist fəlsəfəsi, mübahisə zamanı nitq illüziyası vasitəsilə rəqibə qalib gələnlərin yaratdığı cərəyan idi)
Admetin acı taleyindən şikayətlədiyi zaman Herakl üzü örtülü gənc bir qadınla içəri girir; onun dediyinə görə bu qadını atletlər müsabiqəsindən mükafat kimi ona vermişlər və Admetdən ona əmanət kimi saxlamsını xahiç edir. Lakin Admet sadiqlik nümunəsi olaraq, etiraz edir. Herakl təkid edincə, Admetin əli qadına toxunur və onun üz örtüyü düşür. Alkesta! Demə Herakl onu ölümün pəncəsindən xilas etmişdir... Əsərdə, adi insanlarla yanaşı allahlar da iştirak edir. Müəllif allahları, yarımallahları (red.- yunan qəhrəmanları) adi insan dərəcəsinə endirərək, onların "müqəddəs" nüfuzuna bəraət qazandırmaq istəmir. Əksinə, Evripid onların simasında adi insan səciyyələrini verir; bəzən də allahların rəzalətini göstərməklə, insan rəzalətlərinə işarə edir.
"Paul Sezan tərəfindən çəkilən rəsm, Herakl, Aid'dən Alkestanı qurtarır" Dramaturq yunan qadının kölə vəziyyətinə göz yummamışdır. Evripidin əsərlərindəki qadınlar təsərrüfatda işləmək üçün olan bir şey adlandırılırdı və afinalı kişi üçün uşaq doğmaqla bərabər böyül xidmətçidən başqa bir şey deyildir. Alkesta əsərdə "Günəş altında yaranmış qadınların ən yaxşısı" adlandırılır. Onun üçün həyatda ən qiymətli, ən əziz olan həyat yoldaşı, uşaqları, bir sözlə, ailəsidir. Başqa cür deyilsə, həyatın özüdür. Alkesta əri üçün ölümü qəbul edir. Bir tərəfdən o, ərini sevir, digər yandan düşünür ki, uşaqlar atadan deyil, anadan yetim qalsalar daha yaxşıdır. Demək onu ölüm qərarına gətirib çıxaran məhəbbət və patriarxal görüşdür. Məhəbbət onda fədakarlıq hissi oyadır, özgələrinin səadətini təmin etmək üçün ölümü qəbul edən bir əzabkeşdir. Fəlsəfi mənada "həyat sevgisi ilə ölüm qorxusu" əsərin baş konfliktidir. Evripid bir filosof kimi, həyatın ölümdən üstünlüyünü verməklə bərabər, hər bir fərdin həyat üçün ölümlə mübarizə apardığını isbata çalışmışdır. Heç kəs heç kəs üçün həyatını ölümlə əvəz etmək istəməz. Ana da, ata da həyatlarını könüllü olaraq övladlarına qurban verməzlər. Həyat şirindir, həyat gözəldir; hər bir insanın xoşbəxtliyi həyatdadır. Əsərdə həyat ölümə qalib gəlir. Bu görüş, qədim yunan nikbin fəlsəfəsinin əsasıdır. Həyat ölüm üzərində qalib gəlir. Ona görə də əsər öz finalı etibarilə faciəvi deyil. "Xoşbəxt yaşamaq istəyənlər ölümdən qorxmamalıdırlar", ideyası əsərə daha yeni fəlsəfi məna vermişdir. (red.- bu görüş Həzz fəlsəfəçisi olmuş Epikürün hedonist fəlsəfəsində də öz əksini tapmışdır. "Acıdan qurtulmaq üçün qorxu hissi ram edilməlidir - Ölüm qorxusu, itirmək qorxusu, iztirab qorxusu...") Qeyd edək ki, "Alkesta"da verilən əhvalat bir çox şifahi xalq ədəbiyyatı nümunələri, eləcə də "Dədə Qorqud" dastanında "Dəıi Domrul" boyunda da öz əksini tapmışdır. Dəli Domrulun təklifinə atası, anası rədd cavabı versə də, arvadı "mənim canım sənin canına qurban olsun", - deyə ölməyi boynuna götürür. Admet Alkestanı qurban verir, lakin Domrul nəcib və sədaqətli arvadının tək başına öləcəyini belə təsəvvür edə bilmir. Üsyankar bir ruhla alllaha müraciət edərək deyir: "Alırsan ikimizin canın belə algil - qoyursan ikimizin canın belə qoygil!". Domrul, Admetin əksinə olaraq, öz arvadı ilə ya bir yerdə ölməyə, ya da bir yerdə yaşamağa razı olur. Burada da həyat ölümə qalib gəlir. Evripid isə mövzunu daha çox öz müasir dövrünə bağlamağa çalışmışdır. Alkesta, Admet və Heraklın simasında dövrünün tipik, canlı surətlərini yaradaraq, həyat fəlsəfəsini onların vasitəsilə ifadə etmişdir.
İstifadə edilmiş ədəbiyyat:
Sultanlı Əli. Antik ədəbiyyat tarixi. Bakı, "Nurlan", 2008.

Comments