" Dünyada olan bütün şeylər hamısı əmələ, əməlsə bütün fəzilətlərdən dövlətli olan elmə bağlıdır "
Azərbaycan xalqının ictimai, mədəni, fikri inkişafı tarixində görkəmli yer tutan böyük simaladan birində A. Bakıxanovdur. O öz dövrünün tanınmış alimi, mütəfəkkiri, istedadlı şairi və ilk Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi idi. XIX əsrin birinci yarısında yeni maarifçi-realist ədəbi cərəyanın yaranması müəyyən dərəcədə onun adı ilə bağlıdır.
Elmi fəaliyyəti
A. Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-mələkut", "Təhzibül-Əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. 30-cu illərdə Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur və Kopernikin kainat haqqındakı heliosentrik sistemindın ilhamlanaraq, "Əsrarül-mələküt" əsərini yazır. Əsərin müqəddiməsində astronomiya elminin qısa tərifi verildikdən və əsas vəzifələri göstərildikdən sonra qədim yunan astronomy Klavdi Ptolomeyin (e.ə. II əsr) və polyak astronom Kopernikin (1473-1543) astronomik sistemləri müqayisə olunur.
Ptolomeyin geosentrik (yermərkəzçilik) sisteminə görə, Yer kürə şəklindədir və kainatın mərkəzində hərəkətsiz vəziyyətdə dayanır. Günəş, Ay və digər planetlər isə Yerin ətrafında müxtəlif məsafələrdə hərəkət edib fırlanırlar. Ptolomeyin geosentrik sistemi xristian dini etiqadına zidd olmadığı üçün müdafiə edilmiş və geniş yayılmışdır. Lakin sonralar dəqiq elmlərin, eləcə də, astronomiyanın inkişafı Ptolomeyin geosentrik nəzəriyyəsinin doğruluğuna şübhə oyatdı. Böyük alim Kopernik uzun illər astronomiya sahəsində apardığı tədqiqatın nəticəsində geosentrik sistemin doğru olmadığını öz elmi dəlillərilə təsdiq etdi. O, "Səma sferalarının dövrələri haqqında" adlı əsərilə bu sistemə qarşı çıxaraq özünün heliosentrik (günəşmərkəzçilik) sistemini yaratdı. Bu sistemə görə, Günəş hərəkətsiz vəziyyətdədir, Yer və digər planetlərsə onun ətrafında fırlanır. Yer öz oxu ətrafında bir gecə-gündüzə fırlanır. Günəşin dövrəsində isə bir ilə dolanır. Kopernikin bu nəzəriyyəsi mövcud dini hökmranlığın nüfuzunu qıraraq, insanların dünyagörüşündə böyük çevriliş etmiş oldu. Fridrix Engels bu xüsusda yazır: "Təbiətin tədqiqi öz müstəqilliyini inqilabi bir aktla bildirdi... Kopernik, cəsarətlə olmasa da və necə deyərlər, yalnız ölüm yatağında olsa belə, təbiət məsələlərində kilsənin nüfuzu əleyhinə çıxdı, ona üsyan etdi. Təbiiyyatın ilahiyyatdan azad olması tarixi buradan başlanır".
Kopernikin bu inqilabi nəzəriyyəsi ondan sonra gələn Cordano Bruno (1548-1600), Qalileo Qaliley (1564-1642), İohann Kepler (1571-1630), İsaak Nyuton (1643-1727), Mixail Lomonosov (1711-1765) kimi böyük alimlər müdafiə etdilər və astronomiya sahəsində kəşf etdikləri yeni qanunlarla onu daha da zənginləşdirdilər. Bakınxanov da bu alimlərin yolunu davam etdirərək Ptolomeyin nəzəriyyəsinin doğru olmadığını, Kopernikin sisteminin isə düzgünlüyünü təsdiq etdi və öz əsərini onun heliosentrik sistemi əsasında yazdı. Əsərin həcmcə ən böyük hissəsi olan birinci fəslində Yerin quruluşu, hərəkəti və dövretməsi, üfüq dairələri, qütblər, enlik və uzunluq, yer qurşağı, iqlim, mühit, ölkələr və s. haqqında geniş elmi izahat verilir. Yer kürəsi Günəşin ətrafında dövr edən planetlərdən biri kimi göstərilir. Müəllif Yer kürəsinin üç növ hərəkətini qəbul edir:
1) Yer öz oxu ətrafında fırlanır, bununla da gecə-gündüz əmələ gəlir:
2) Yer Günəşin ətrafında bir il müddətində dövr edir;
3) Yer Günəş sistemində digər planetlərlə birlikdə bürclər dairəsində hərəkət edir.
Yerin bu üçüncü hərəkəti Kopernikin heliosentrik sistemində yoxdur. "Əsrarül-mələküt" ün "Səma cismləri" adlı ikinci fəslində Günəş bütün kainatın mərkəzi olaraq götürülür. (Red.- Bu da həmin dövrün məhdud elmi məlumatlarına əsaslanır. Sonradan astronomik kəşflər nəticəsində, kainatın müəyyən sərhədinin olmaması və sonsuz fəzada daim "böyük genişlənmə" prosesində olması nəticəsində, Günəşin kainatla bərabər qalaktikamızın mərkəzi olmadığı aydınlaşdı) Həmin fəsildə Günəş, Ay, planetlərdən: Merkuri (Utarid, ərəbcə), Venera (Zöhrə), Yupiter (Müştəri), Saturn (Zühəl), Mars (Mərrix), Uran, Neptun və Plutonun astronomik vəziyyət və xüsusiyyətləri, planetlərin Günəş ətrafında dövr etmələri, ulduzlar, göy qübbələri və s. haqqında izahat verilir. Müəllif Kopernikin Günəşi sabit (hərəkətsiz) zənn etdiyi fikrilə razılaşmayaraq, onun daimi hərəkətdə olduğunu göstərir. Əsərin son fəsli "Əhvali-aləmin özü ilə qaim nizam tapması" sərlövhəsi altında gedir; burada kainatın qanunauyğun hərəkəti Kepler və Nyutonun qanunları əsasında işıqlandırılır. Bütün əsər boyu müəllif kainatın qanunauyğun hərəkət və inkişafı haqqındakı şərhində dini mənbələrə istinad etməsə də, son nəticə olaraq idealist İslam filosofu Beyzaviyə və Quran'a müraciət edir və "Əhvali-aləmin özü ilə qaim nizam tapması" nı Allahın iradəsi ilə bağlayır ki, bu da onun dünyagörüşü ilə elmi yaradıcılığı arasındakı ziddiyyətin əsas göstəricisidir.
A. Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əlxaq", digəri isə "Kitabi-nəsihət" dir.
"Təhzibül-əxlaq" müəllifinin pedaqogika və psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsərdir. Müəllif əsərdə nəzəriyyə ilə təcrübənin ("elmlə əməlin") bir-birindən asılı və qarşılıqlı əlaqədə olduğunu izah edərkən, elmə üstünlük verir; "Dünyada olan şeylərin hamısı əmələ, əməlsə bütün fəzilətlərin dövləti olan elmə bağlıdır". "Kitabi-nəsihət" əsərində isə belə buyurur: "Elm və kamal hasil etməyi bütün şeylərdən önəmli say, ona görə ki, bütün şeylər onların nəticəsində müyəssər olur". A. Bakıxanov bir maarifçi olaraq feodalizm cəmiyyətinin bir çoc qanun-qaydaları və ənənələrinə qarşı çıxırdı. O, "Nəsihətnamə" də "İnsanın şərafəti kamal və həsəb iləndir, nəsəb ilən deyil, belə ki, qabiliyyətli olan nəsəbin şərafətindən biehtiyacdır; naxələf övlad düdmanı zaye edəndir" sözləri ilə feodalizm cəmiyyətində hakim nəsəb prinsipi (Red.- nəsil aristokratiyası) əleyhinə çıxmışdır.
A. Baxıkanovun əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqına olan məhəbbəti, maarifçi və demokratik dünyagörüşü ilə bağlıdır.
Kainat və ilahiyyat məsələlərlə qısa fəlsəfi şərhindən ibarət olan "Xatimə" də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir; "Varlıqda yox olmaqlıq yoxdur, biz varlığın haldan-hala keçərək dəyişməsinə yox olmaq adını qoymuşuq, bütün şeylər məhv olar, bir şəkildən başqa şəklə keçər, lakin yox olmaz. Bu varlığın özüdür".
"Təhzibül-əxlaq" dakı bu sözlərlə maddənin özündə hərəkət və dəyişkənliyi təsdiq edir, bununla da materialist dünyagörüşünə yaxınlaşır. Burada A. Bakıxanovun qədim yunan materialist filosofları Heraklit, Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunur. Lakin bu materialist dünyagörüşü onda ardıcıl surətdə davam etməmiş, idealist dünyagörüşü ona qalib gəlmişdir.(Red.-) Bir mütərəqqi cəhəti qeyd etmək lazımdır ki, (-) A. Bakıxanov kainat və allah məsələlərinin şərhində İslam irticacı elm adamları (red.-) və şəriətçilərindən ayrılır. O, bir maarifçi kimi, hər bir məsələdə ağılı rəhbər tutduğu kimi, allahı da ağıl vasitəsilə dərk etməyə çağırır. İdealist mütəfəkkir olaraq, allahı müstəqil mənəvi bir varlıqdan - "vücudi-küll" dən ibarət görür və ona "iradə" funksiyası (red.-) verir. Lakin bu "vücudi-küll"ün nədən ibarət olduğu bütün idealist filosoflar üçün qaranlıq qaldığı kimi, onun üçün də dərk olunmamış qalır.
A. Bakıxanov qəzəllərində bəzən ilahi eşqi tərənnüm etmişdir. Kalin bu xüsusiyyət onun yaradıcılığı üçün səciyyəvi deyil. Panteizm (red.- Kainatın hər bir hissəsinin tanrı olması; Pan-hamısı, teo-tanrı) onun şeirlərində ünsür halında təzahür edir. Beləliklə, aydın olur ki, A. Bakıxanov "Qüdsi" (red.-ləqəblərindən biri olmuşdur) öz aşiqanə şeirlərində əsasən həqiqi məhəbbəti, azad sevgini, təbii insan duyğularını tərənnüş etmişdir.
"Mişkatül-ənvar" (Xəyalın uçuşu) poemasında nəfs, ruh, ağıl, eşq və s. məsələlərdən bəhs edilir. Poemada panteizmdən də bəhs edilmiş, Bakıxanov ilahi eşqi tərənnüm edə-edə "vəhdəti-vücud"a gəlib çıxmışdır.
"Vəhdəti-vücud"çular insanı "ruhi-mütləq"in, yəni allahın bir cüzi (hissəciyi) saydıqları üçün insanın şərafətini və mənəvi məqamını yüksək tuturdular. (Red.- formalaşma mərhələlərinə bölərək insanın "şüur" əldə etməsini əsas gətirir və bununla da digər canlılardan daha üstün "növ" olduğunu vurğulayırdılar, bir növ təkamül'ün də bir nümunəsi kimi). "Vəhdəti-vücud" fəlsəfəsinə görə, insanın ruhu müvəqqəti bir zaman üçün əslindən, yəni ilahi mənşəyindən ayrı düşdüyündən hicran ələmi (red.- qovuşmaq ümidi) ilə çırpınır və əslinə dönməyə tələsir. Bu səbəbdən "vəhdəti-vücud"çular varlığı, həyatı müvəqqəti, "fəna"nı (red.- allaha qovuşma mərhələsi, sufi və panteist fəlsəfələrdə ekstaz (vəcdə, cuşa gəlmə) yoluyla öz varlığını tanrıda əridərək ona qovuşmağın mümkünlüyünə inanılırdı. Bir növ "eqosuzluq" kimi. Tək "həqiqi varlıq" - Tanrı, yerdə qalanlar isə "qeyri, keçici varlıq" hesab edilirdi.) isə "həyati-cavidan" (əbədi həyat) hesab edirdilər. Bütün "vəhdəti-vücud"çuların son məqsədi "fənafillah" (ilahiyyat aləmində yox olmaq) idi. A. Baxanov da "Mənim canım onun nurlarının çırağıdır", ürəyim onun sirlərinin xəzinəsidir" və ya
" Ruhumu sən tərif etsən də kamil,
Nə xaric söylərsən, nə də ki, daxil,
Dəniz başdan-başa bir ünsürdəndir,
İstər o dib olsun, ya səth, ya sahil. " - dedikdə, "vəhdəti-vücud"çularla birləşirdi. Lakin buna baxmayaraq bu əqidə onun dünyagörüşündə fəlsəfi sistem halında kök sala bilməmişdir. Ümumiyyətlə, A. Bakıxanov yaradıcılığında "vəhdəti-vücud" ideyası ünsür və təsirdən ibarət olaraq qalır.
"Miratül-cəmal" (Surətin aynası) poeması avtobioqrafik mahiyyət daşıyır. Bakıxanov Polşada, xüsusəm Varşavada keçirdiyi həyat və iştirak etdiyi böyük məclislər, buradakl adət və qaydalar, zadəgan xanımların şairdə onlara qarşı doğurduğu mənfi rəy, Qərb mədəniyyətindəki bəzi qüsurlar, öz vətəninə olan məhəbbət təsvir olunur. A. Bakıxanov polyak qadınlarının kişilərlə açıq bir məclisə iştirak etmələrini, ümumiyyətlə, onların sərbəst yaşamını bəyənir. Onlarda gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu ruhlandırır. Şair elm və təhsil cəhətdən bu ölkəni Yaxın Şərqin İran və Türkiyə (Osmanlı) kimi mədəniyyətcə geri qalan ölkələrindən üstün sayır. O deyir:
" Səfər sənə tanıdar bu dünyanı,
Öyrədər o sənə elmü ürfanı.
Yadındamı Rum elində, İranda
Bir düşkünlük görmüşdün hər insanda. "
A. Bakıxanov İran və Türkiyə ölkələrinin mədəni geriliyini göstərən bu misraları bundan təxminən 20 il sonra M.F. Axundovun bu ölkələrin geriliyinin tənqidinə həsr etdiyi bədii və publisist əsərlərinin ruhunu xatırladır. Beləliklə, Bakıxanov bu sahədədə də Axundovun sələfi olur.
"Miratül-cəmal"ın lirik və ən maraqlı hissəsi "Xəyalın uçuşu" adlı parçasıdır ki, şair, burada öz xəyalı ilə söhbər edir. Bir axşam o guya xəstə olduğu üçün dəvət olunmuş ziyafətə getməyib evdə qalır və xəyalı ilə gah dost olur, gah da ondan küsür. Şair öz xəyalına müraciət edərək: "Sən nə üçün vətənindən ayrılıb buraya gəldin?" - deyə, səyahətə çıxmasından peşman olur, gah da tez fikrini dəyişib səfərindən çox razı qaldığınl söyləyir. Onun ziddiyyətlər içərisində çırpınan xəyalı gah məzar sükutu çökmüş Rum ölkəsi və İran diyarını dolaşır, gah da Varşavanın möhtəşəm kaşanələri qarşısında durub şəhərin gözəlliyinə valeh olur. Nəhayət, şairin xəyalı bir alimin yaraşıqlı imarəti qarşısında dayanır. Burada onun gözləri önündə gözəl bir mənzərə canlanır: uzaqda təpələri qarlı dağlar, çeşməli, yaşıl çəpən və çay kənarında gözəl bina görünür. Xəyal həmin binaya daxil olur, burada bir alimin Avropa və Hindistandan gətirilmiş çoxlu kitablardan ibarət zəngin məşğul olur, gah kənd təsərrüfatı sahəsində çalışır. Xəyal bu alimin vəziyyətinə qibtə edərək öz-özünə: "Mən də vətənə qayıtdıqdan sonra, siyasətdən əl çəkib elmlə məşğul olacam" - deyir. Xəyal bu zaman, sanki, yuxudan ayılmış kimi, özünə xitabən deyir:
" Bu gözəl kənd, bu bina, bu nazlı yar
Səninkidir, cəhaləti et kənar
Bu ki, sənsən, bu da sənin həyatın
Bunlar sənin öz halın, öz busatın! "
Vətəninin həqiqi dostu olan şair böyük iftixar hissi ilə şeirinə bu misralarla yekun vurur:
" Ey Qüdsi, çox gözəldir öz məskənin,
Hər bir yerdən xoşdur sənin vətənin. "
İctimai-siyasi görüşləri
Bakıxanov çar rütbəli şəxs olduğu üçün, eləcə də dövrün ziddiyyətləri səbəbilə ardıcıl olaraq inqilabi mütəfəkkir olmasa belə, əsərlərində despotizm, mütləqiyyət əleyhinə maarifçi demokrat kimi çıxış etmiş və gələcəkdə M.F. Axundovun simasında yetişəcək inqilabi-demokratik görüşlər üçün bir sələf kimi çıxış etmişdir.

Kəndli şah xəzinəsindən ancaq bir balta və "Quran" götürür. Onun bu hərəkətindən təəccüblənən şah bunun səbəbini soruşur. Kəndli isə şaha: "Mənim zindana düşməyimə bais olan alma ağaclarını bu balta ilə kəsəcəyəm; sonra isə qohum-əqrəbamı yığıb bu "Quran"a onları and verəcəyəm ki, onlar şahlardan ümid və töhfə gözləməsinlər" - cavabını verir. Kəndli belə ağıllı və cəsarətli hərəkəti ilə mənəvu cəhətdən şahı məğlub edir. Kəndlinin tərəfində duran şair onun əziyyətlərinə bais olan saray mühitini kəskin tənqidi ilə qamçılayır:
" O uca qapıda çox alçaldılar,
Xidmətdə daima zalım, cəfakar
Həsən, o binəva, o yazıq Həsən,
Sonsuz əzab çəkdi qəlbindı şivən ".
Kəndli hüququnu müdafiə edən şair bir maarifçi kimi hakim, istismarçı qüvvələri pisləmişdir.
"Mişkatül-ənvar"da verilən epik mənzum hekayələr içərisində diqqəti daha çox cəlb edən "Hind nağılı" və ya "Hindistan padşahının hekayəsi"dir. Burada yaxşı və pis padşah surətləri yaradılmışdır. Müəllif yaxşı hökmdarın sifətlərini bir-bir sayır. Hər bir məsələdə xəlqilik prinsiplərinə riayət edən şair, yaxşı hökmdarın ən əlamətdar sifətini onun dövləti xalqın istədiyi kimi idarə etməsində görür. Müəllifin fikrincə, dövlət başçısı ağıllı, iradəli, ədalətli və vətənpərvər olmalıdır; öz ölkəsini və xalqını sevməli, onun səadəti üçün çalışmalı, zülmə və haqsızlığa yol verməməlidir.
" Şah bir etsə zülmü, onun xadimləri yüz edər,
Ölkənin hər iqtidarı, rövnəqi əldən gedər.
Bu halları görən zaman söyləmişdir atalar;
Ölkədə şah pis olarsa, xadimləri can alar. "
Bu misralarda müəllifin xalqa olan bağlılığını və məhəbbətini görməmək mümkün deyildir. O, dövlət başçısının bütün fəaliyyətini xalqa xidmət etməyə tərəf yönəldir, onu ölkənin tərəqqisi və xalqın səadəti üçün çalışmağa çağırır. Müəllif Hindistan padşahının vəzirini məhz ona görə tərifə layiq görür ki, o, xalqın pənahı və havadarı idi. O vəzir haqqında deyir:
" Onda xalqın xeyri üçün böyük bir hümmət vardı,
Şaha sadiq idisə də, xalqa da havadardı. "
Əsərin sonluğu belə bir nəsihətamiz şeir parçası ilə bitir:
" Bəli, belə olmuş dünya-aşına nə tökərsən?
Öz tökdüyün çıxacaqdır qaşığına, bil həmən.
Belə demiş bu məsəli babalar duya-duya:
"Başqasına quyu qazan özü düşər quyuya"
"Kitabi-Əskəriyyə" hekayəsində əxlaqi nəsihətlərin müəllifi olan A. Bakıxanov öz oxucularına dünyanın müsibətlərinə qarşı mətanətli və dözümlü olmağa, dünyada beş gün yaşamağı qənimət bilib, günlərini xoş keçirməyə çağırır. Əsərin məzmunu iki gənc arasında gedən aşiqanə sərgüzəştin təsvirindın ibarətdir. Əsərdə qəhrəmanların sevgisinə mane olan cəhalətin hökm sürdüyü mühitin bütün çətinliklərinə baxmayaraq, qəhrəmanların yaxın gələcəkdə bir-birinə qovuşacağı ümidi ilə bitir. Əsərin qəhrəmanları adi insanların içərisindın götürülmüşdür. Əskər dəmirçi oğlu, sevgilisi isə kiçik rütbəli ruhani qızıdır. A. Bakıxanov bunların simasında XIX əsr Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq aşağı təbəqələrin həyatını əks etdirmişdir ki, bu da onun, heç şübhəsiz, maarifçi dünyagörüşü ilə əlaqədardır. Qarşılıqı məhəbbət əsasında yenu ailə həyatı qurmaq əsərin əsas ideyasıdır. 30-cu illərdə, feodal-dini ideologiyanın hökm sürdüyü bir şəraitdə belə bir ideya öz dövrü üçün, şübhəsiz, yeni bir mütərəqqu hadisə idi. Müəllif qəhrəmanların sevgisinə mane olan avam mühiti tənqid edir.

Əskər, müəllifin təsvir etdiyi qaranlıq və avam bir mühitdı yeganə sərbəst fikirli bir gəncdir. Onun baxışlarında, fikir və hisslərində müəyyən bir yenilik vardır. Bununla belə, Əskərin mübarizəsi ancaq şikayət, göz yaşları, dua və yalvarışdan ibarətdir. O, təhkimçi feodal quruluşu əleyhinə qəti və cəsarətli çıxış edə bilmir. Lakin o, bütün bu məhdud cəhətlərlə, passiv etirazlarla bərabər öz dövrü üçün yeni və mütərəqqi bir simadır. O, "zülmət səltənətində" hələ zəif parlayan və sönən bir qığılcımdır. Onda zəif və ibtidai şəkildə olsa da, köhnə həyat tərzinə qarşı etiraz vardır. Bu nöteyi-nəzərdən Əskər XIX əsr ədəbiyyatımızda rast gəldiyimiz gənc ziyalı surətlərinin ilk və hələ rüşeym halında olan nümayəndəsidir. Əskərin sevgilisi də onun kimi yenu həyat arzuları ilə yaşayır: azad sevgi əsasında xoşbəxt ailə qurmaq istəyir. Lakin o, öz hüququ uğrunda mübarizə apara bilmir. Əskərin sevgilisi gələcəkdə Sona, Səkinə və Səadət xanımların sələfidir.
A. Bakıxanov XIX əsrin birinci yarısında yeni tarixi şəraitdə inkişafa başlayan müasir mədəniyyətimizin banilərindən biridir. Elm, fəlsəfə və ədəbiyyatımızın xəlqilik və realizm prinsipləri üzrə inkişaf etməsində onun böyük rolu olmuşdur. A. Bakıxanov bir çox köhnə alimlərdən fərqli olaraq elmi dindən və sxolastikadan ayırdı, ona yeni məzmun, yeni üsul və yeni ruh gətirdi. Kainatdan bəhs edən "Əsrarül-mələküt" kimi əsəri ilə Azərbaycan və Yaxın Şərq xalqlarının elmi tarixində qəti dönüş yaratdı.
A. Bakıxanov yaradıcılığı ilə xəlqiliyə meyl etmiş və gələcəkdə M.F. Axundov, S.Ə. Şirvani, N. Vəzirov və başqalarının yaradıcılığında inkişaf edən relist-demokratik ədəbi cərəyanın ilk rüşeymini yaratmışdır. Bu nöqteyi-nəzərdən ony yeni ədəbiyyatımızın ilk banilərindən biri saymaq olar.
Abbasqulu ağa Bakıxanovun elmi, fəlsəfi və bədii yaradıcılığı XIX əsrin birinci yarısında feodalizmin tədricən sarsılmağa üz qoyduğu və kapitalizmin ünsürlərinin yenicə yaranmağa başladığı dövrə təsadüf edir. Onun hər üç sahə (elm, fəlsəfə, ədəbiyyat) üzrə davam edən yaradıcılığındakı məhdudiyyət və ziddiyyətləri də bu keçid dövrünün ziddiyyətləri ilə əlaqədardır.
Comments
Post a Comment