Hazırki dönəmdə intihar problemi insan yaşamının aktual məsələlərindəndir. Bu yazıda intihara şərait yaradan səbəblər və onlardan çıxış yolu kimi məsələlərə analitik olaraq nihilist və ekzistensialist yöndən yanaşmağa çalışacağıq. (Yazı sırf subyektiv metodlu fikirlərə əsaslanır) Niyə nihilizm və ekzistensializm? Çünki bəzən fərdlər arasında bu fəlsəfi ideologiyaların bir qədər yanlış anlaşılmasına rast gəlinir. Əvvəla bir qədər haşiyəyə çıxaraq deyək ki, intihar təkcə insan xislətinə xas xüsusiyyət deyil. Məsələn, balinaların da intihar etdiyini dəfələrlə eşitmişik. Bəs aradakı fərq nədir? Burada şüur (daha dəqiqi fərdi düşüncə) məsələsini önə çəkmək olar. Balinalar sadəcə kütləvi şəkildə quruya çıxma prosesi nəticəsində bu işi həyata keçirirlərsə, insan intiharı ağıla sığa biləcək onlarla səbəbdən həyata keçirə bilər. İlk növbədə, insan sosial varlıqdır, onun normal təşəkkülü üçün cəmiyyətlə əlaqəsi zəruridir. Dəfələrlə bu mövzuda baş sındırmışam ki, bəs fərdin şəxsi istənci? Məsələn, tənhalıq; bu qədər ətrafımızda insan varkən niyə özümüzü yalnız hiss edir, təcdirçiliyə qapılır, həyatdan soyuyuruq? Təbii ki, çox səbəblər gətirmək olar; maddi və ya mənəvi durum, xarakter müxtəlifliyi, eqo, uğursuzluqlar, beyin yanılmaları və s. və i.a. İndi isə qayıdaq nihilizm və ekzistensializmə. Bu gün bəzi insanlar arasında belə bir fikir var ki, nihilizm və onun demək olar ki, məntiqi-fəlsəfi davamı olan ekzistensializm topluma neqativ düşüncə aşılayır. Bu fikrə kökündən yanlış deməyəcəyik, ən azından hər kəsin bir baxış bucağı, öz doğruları olduğunu nəzərə almaq lazımdır. Ancaq fikir heç də obyektiv də deyildir. Hər hansı bir fəlsəfənin doğru və ya yanlış olması təkcə həmin fəlsəfənin özlüyündən irəli gəlmir, burada fərdi münasibət, ən əsası şəxsin həmin fəlsəfədən təsirlənib hər hansı fəaliyyət göstərməsi məsələsi çox qarışıqdır. ( Siyasətdə ' Demokratiya ' adı altında törədilən cinayətlər buna misal ola bilər ) Vurğulanmalı məqam odur ki, nihilizm və ekzistensializm heç bir zaman ümidsizliyə, intihara əsla çağırış etməmişdir. Müəyyən qədər Şopenhauerin nihilizmi öz pessimistliyi ilə yadda qalmışdır. Məsələn, o deyirdi ki " İntihar edən insan əslində yaşamağı daha çox istəyən biridir, lakin həyat şərtlərindən yetərincə razı deyil ". Daha sonra Şopenhauer çıxış yolu kimi intiharı deyil, ' Volya ' nın ( Həyati iradə, Şopenhauer fəlsəfəsində dünyanın, həyatın əsasını təşkil edən anlayış ) özünü məhv etməyi zəruri bilir. Yaşamı məhv etmədikcə ağrılar da davam edəcək. Şopenhauerdən təsirlənənlərdən biri, nihilizmin zirvəsi olan Fridrix Nitsşe əvvəlcə Şopenhaueri sevsə də, sonradan onun pessimizmini tənqid etmişdir. Nitsşe əsərlərində heç bir zaman pessimizmə çağırış etməmişdir. Əksinə, deyirdi : " Kim sevə bilər səni; sən icazə verməsən. Hər şey səndə başlayıb səndə bitər. Yetər ki, tükənmə, tükəndirmə özünü... " Nitsşe yalnız şəxsi həyatındakı uğursuzluqlar və son illərdəki ağır xəstəlikləri ( sifilis və şizofreniya ) səbəbindən müəyyən qədər neqativliyə, əzablara dalmışdır. Hansı ki, əzab da həyatın bir hissəsidir və bundan yararlanaraq əzabların böyük yaradıcılığa vasitə olduğunu deyirdi : " Üstün insan əzab çəkərək ucalır yüksəkliklərə... Böyük yaradıcılıqlar kədər və yalnızlıqda gizlidir... " Məsələyə başqa yöndən baxaq. Bəziləri ' həyatın mənasızlığı ' haqqında danışanları neqativ adlandırır. Fikrimcə, burada neqativlik yox, ' ifrat realistlik ' kəlməsi daha yerinə düşər. Həyatda bir məna var, o da ' mənasızlığı ' dır. Praktiki sübut : Bir düşünün ki, min illərdir ki ( insan sivilizasiyasının hesabına nəzərən ) yaşam davam edir, bəşər mövcuddur, bəs yeni nə baş verir? Eyni həyat, eyni məqsədlər - çalış-vuruş, törəmək, nəsil artırmaq, sülh-müharibə; dəyişən sadəcə formal xüsusiyyətlərdir. Buna görə də Nitsşe insanlığın ali məqsədi olmadığını deyirdi. Müharibələr, qətllər, mühakimə, qırğınlar... Qalaktikada zərrəcik olduğumuz, yeni macəraları kəşf edəcəyimiz halda, çox bayağı işlərlə məşğul olmuruqmu? Buna görə də Ç.Bukovski deyirdi : " Həyatın mənasızlığını anladığım zaman həyatım mənasızlıqdan qurtulur ". İndi isə keçək ekzistensializmə. Ən böyük ekzistensialistlərdən olan J.P. Sartr və A.Kamyu hər zaman ekzistensializmi müdafiə edərək deyirdi ki, bu fəlsəfə " humanizm " dir. Nə üçün? Onlar həyatın irrasional olduğunu, onun unikal mənasını anlamadıqlarını deyirdilər. İnsan təkdir, kömək alacağı heç bir güclü qüvvə yoxdur, amma bu kainatda insandan da ali varlıq yoxdur. Ona görə də o öz mahiyyətini dərk edib ( hansı ki, mövcudluğu mahiyyətindən daha əvvəl gəlirdi ) özünü bu irrasional aləmdə çaba göstərərək qurtarmalıdır. Yəni bizə kömək edəcək tək qüvvə özümüzük. Bu metod cəmiyyətə etiraz etmək, insanlara etimatsızlıq deyil. Bu tam realist olaraq insanın güclü olmağa, davam etməyə səslənişidir. Kamyu " Hə ilə yox arasında " əsərində deyir ki " Bəzən ölmək istəyirsən, çünki həyatı dərinliklərinə qədər görürsən... " Digər yazılarında isə bu fikirlərə rast gəlmək olar : " Fəlsəfənin yalnzıca bir əsas problemi var - İntihar. Həyatın yaşayıb - yaşamamağa layiq olması fikri... Bütün baxışlara görə həyat bir şəkildə davam edəcək. Ölmək özü də bir başlanğıcdır... Fəlsəfi intihar absurdu sazlamaq üçün bir cəhddir... " Bəli, məhz fəlsəfi intihar - daim bunu vurğulamaq lazımdır! Şopenhauer, Nitsşe, Kamyu, Sartr məhz beyində bu düşüncələri ölümə yuvarlamaq, mənasızlığın özünü intihara sürükləməyi bağırırdı... Nitsşe ' əbədi təkrar ' ideyası ilə hər şeyin ( bütün sevinc və ağrının ) həyatda daim bir növ deja vu kimi olacağını deyirdi : " Yaşadığın və yaşamaqda olduğun bu həyatı, yenidən və dəfələrlə yaşamağa məcbur olacaqsan; içində yeni heç bir şey olmayacaq; Həyatındakı hər ağrı,hər sevinc,hər bir düşüncə və hər bir nəfəs, ifadə edilə bilinməyəcək qədər kiçik və böyük hər şey, arxa-arxaya və eyni sıra ilə, sənə qayıdacaq. Mövcudluğun sonsuz qum saatı,içində bir toz ləkəsi olan sənlə birgə, yenidən və yenidən başıaşağı çevriləcək!... " Odur ki,bu paradoksallıqda fərd öz dəyərini özü yaratmalı və onunla xoşbəxt olmağ çalışmalıdır. " Nitsşe ağlayanda " ( İ.D.Yalome ) kitabında deyildiyi kimi - " Müqəddəs olan fərdin çıxdığı yoldur... ". " Peaceful warrior " ( Sülh döyüşçüsü ) filmində də oxşar fikir var : " Əsl döyüşçü sevdiyindən imtina etmir, elədiyində sevgi tapır... Həyat bir sirdir, onu çözməyə çalışaraq özünü yorma... Yol - bizi xoşbəxt edən məqsədlər deyil, yoldur... " Kamyu daim insanların ümumi tənhalığı amilini fikirləşərək yüksək yaradıcılıqlara ilhamlandığını deyirdi. ' Taun ' əsərində deyildiyi kimi : " İnsanın daim arzuladığı və bəzən çatdığı yeganə şey insan mehribanlığıdır... İnsanın gözəlliyi onun eybəcərliyindən artıqdır... " Göründüyü kimi, bir yandan ekzistensialistlər insanı ali varlıq kimi qiymətləndirir, digər yandan antaqonist olsa da Nitsşe bu insanın da özündən yüksək bir şey, yeni bir dəyər yaratmağını vacib bilirdi. Sartr ekzistensialistləri ' ümidsizliyə çağırış ' adlandıranlara qarşı gəlir, əksinə, xristian əxlaqını pis yöntəm kimi qələmə verir, fikrincə insanın tək bir varlıq ( Tanrı və ya mütləq ruh ) inandırmaqla onun özündən, digərlərindən də soyuması, uzaqlaşmasına, etibarsızlığına şərait yaradırdı. Məhz ekzistensializm tam məsuliyyətə kökləyərək onu həyati mübarizəyə hazırlayır. Buna görə də " Ekzistensializm humanizmdir ".
Digər bir dahi ədib H.Hesse də məşhur " Yalquzaq " əsərində insanın cəmiyyətdən və özündən uzaqlaşmasını başlıca problem kimi vermiş, insanın daxilində ikili mahiyyət : ' İnsan və canavar ' olmasını diqqətə çəkmişdir. Bunlar daim bir-biri ilə mübarizədədir, lakin heç bir zaman biri digərini məhv etmir. Və ən əsas fikir : " Hər kəs digərlərini ' potensial günahkar ' çıxarmaq əvəzinə papağını bir dəqiqəlik qarşısına qoyub fikirləşsə o zaman öz səhvlərini anlayar və bu zaman əsl mömin olar ". Burada bir haşiyə də odur ki, Hesse bəzən mübarizənin mənasız olduğunu bildirir, sonra isə deyir : " Mübarizənin mənasızlığını bilməklə heç nə bitmir. İdeallar onlara çatmaq üçün yaranmayıb, yalnız ideal uğrunda vuruş zamanı o əsl mahiyyət təşkil edir... " Buradan çıxarılan nəticə: " Yaşam onsuz da bir gün bitəcək. Son mütləq gələcək. Odur ki, bu həyatı sona qədər yaşamalı! Təbii ki, intiharı burada pisləmir, nə də ki onun zəiflik olması fikrini əsla qəbul edə bilmərik. Əksinə, bir daha geri dönməyəcəyimiz bu həyatdan yarı yolda imtina etməyə, fikrimcə, yalnız ən güclü xarakterli insanların haqqı çatar. Necə ki, Cek Londonun " Martin İden " əsərinin qəhrəmanı Martin bütün istəyini, yaşamaq istədiyi həyatı yaşadıqdan sonra heç nəyə ehtiyacı qalmadığı, məşhur imperessionist rəssam van Qoqun zövqüncə çəkdiklərindən sonra yaşamağa heç bir lüzum görmədiyi, eynilə Yeseninin dramatik ölümü, A.Stifterin qətiyyətlə ülgücü boğazına çəkməsi və digər sarsıdıcı imtinalar... Bəli, intihar məhz imtinadır, zövqüncə olmayan həyatdan imtina. ( Zövqdən yüksək amil tanımıram bu həyatda ) Və məhz bu situasiyaların olmaması üçün də cəmiyyət olaraq, fərd olaraq daim səy göstərməli, hər bir insana bacardığımız qədər sevgi aşılamağa çalışmalı. Unutmayaq ki, sevgidən yüksək dəyər yoxdu. ' İnterstellar ' filmində deyildiyi kimi " Zaman və məkanı aşan yeganə şey - Sevgidir ". Necə ki, Nitsşe də deyirdi " Sevməyi bacarsaq başqalarına əzab verməyi unudarıq... " Bəlkə də, yaşamda üstünlük ehtirası, eqo buna mane olur, amma unutmamalıyıq ki, möhtəşəm qalaktikanın bir hissəsi olaraq, hamımız sadəcə bir toz zərrəsiyik ( bəlkə də heç deyilik ). Bu amil eqomuzu azaltmalı, daha yüksək dəyər, məhvedici güc - Sevgi ( bütün nəsnələrə ) ehtirası yaratmalı. Təbii ki, prinsipiallığı da saxlamalı, məsələn, pisliyə qarşı humanist, pasifist olmaq sadəcə axmaqlıq ola bilər. Amma pisliyin olmamağı üçün də ilk növbədə sevgi hissinin dağıdıcı, təsirini yaratmalı.
"Böyük diktator" filmində deyildiyi kimi " İnkişafı kəşf etdik, amma yerimizdə sayırıq. Çox düşünüb az hiss edirik... " Sonda Karl Saqanın sözünə qüvvət : " Kainatı çox gəzə bilər, amma başqa yaşam tapmaya bilərik. Odur ki, fikrinizə əks insanların da sərbəst yaşamına imkan verin ". Radikallığı məhv etməyin tək yolu sevginin radikal olmasıdır! Realist olun, amma ilk öncə özünüzə qarşı! Hippi yaşamdan istifadə edin, azadlığı daxilinizdə hiss edin, öz pisliklərinizi görməyi bacarın və bunu ətrafa da yaymağa çalışın. Bəlkə bir sevinc, bir gülüş hər şeyi dəyişdi... Bir insanın düşdüyü situasiyaya münasibət bildirmək, tənqid, mühakimə, önyarqı çox asandır, amma onu anlamaq və ya anlamağa cəhd etmək... Bu artıq çox şey tələb edir (cəsarət, empati...) " Şouşenkdən qaçış " filmində deyildiyi kimi " Ümid yaxşı şeydir, yaxşı şeylərsə ölmür. Ümid hər şeydir... " Sonda M. Şəhriyarın şeirindən öncə demək istədiyim söz: Gözəl bir yaşam üçün; Sülh, sevgi və empati ümidi ilə... Yaşamınızdan həzz alın!
Bir insan köçürsə dünyadan əgər, Sən elə bilmə ki, tək bir can gedir, Hər sönən baxışda min bir diləklər, Hər kiçik tabutda bir cahan gedir...
Balinalar intihar edə bilməz. https://www.bbc.com/turkce/dergi/vert_earth/2016/07/160708_vert_ear_hayvan_intihar
ReplyDelete