" Rəssam daim axtaran və heç vaxt tapmayan bir insandır " ( İrvinq Stoun - Yaşamaq yanğısı )

Ondan soruşduqda ki, " Sənin ağacların niyə bu qədər uzundur ? " - cavab verərdi; " Çünki mən ağacların ulduzlara olan sevgisini duyuram. Ağaclar daim özlərindən yüksəklərə - ulduzlara ucalmağa can atıblar " O, bəlkə də həyatın bütün əzablarını duymuş, ömrünü ehtirasla yaradıcılığına həsr etmiş, renessansın yeni doğan günəşi, impressionizm ( təəssürat ) in zirvəsi, cəmi 37 il ömrü ərzində xariqələr yaradan, insanların unutduğu,sağlığında yaratdıqları heç kimə gərəkməyən, ölümündən sonra isə əsərlərinin qiymətinin sayı - hesabı olmayan, rəssamlıq tarixində əsl şedevr - Vinsent Uilyam van Qoq ( 1853 - 1890 ) idi!
Van Qoqun həyatı həqiqətən bir örnəkdir. Məhz o, xəstə bir küçə qadınını özünə həyat yoldaşı olmağa cəhd edərək onu ölümdən xilas etməyə çalışmış, qulağını adicə " səndən xoşum gəlir " deyən bir fahişəyə kəsib hədiyyə edən də o idi.( bəzi versiyalara görə, Qogenlə mübahisə əsnasında onun tərəfindən ehtiyatsızlıqla kəsilmişdir ) Bu fədakarlıqları sıradan bir insan bacarmazdı!
Van Qoq haqda çox yazılıb,çox danışılıb, bununla belə ona daim maraq var, çünki insanın əsl mənası təkcə bizə verdiyi yaradıcılıq nümunələri ilə qiymətli deyil, Van Qoq bəlkə tək-tək insalardandır ki, yaşamı ilə yaradıcılığı bir-birini kəskin şəkildə izləyir. O, rəsmlərinə ilk növbədə öz həyatını, duyğularını, zövqünü, bir sözlə, hiss etdiklərini irrasional çılğınlıqla köçürürdü. Hər şeydən əvvəl Van Qoqun həyatı əsl örnəkdir. Gənc yaşlarından dinə olan sevgisi onu insanlara, iztirab çəkən məxluqlara yardıma sövq etdi. Məhz o, öz moizələrini doqmatik xristian kahinləri kimi insanların başını qatmaq üçün yox, onlara yardım etmək, bəşəriyyət üçün nəsə bayağılıqdan üstün, insan həyatını mənalı edən bir şey yaratmaq istəyirdi. Bu səbəbdən Borinajda olarkən partlayış zamanı yaralanmış şaxtaçılara öz həyati təhlükəsi bahasına olsa da, yardıma çalışmağı insanlara, həyata olan bu sevgisindən irəli gəlirdi. Lakin onun Allah sevgisini heç kim olduğu kimi qəbul etmirdi...
Beləcə zamanla Van Qoq həyatın iztirablardan ibarət olduğunu anladı, o, artıq heç bir istəyə ümidi qalmayan biri idi. Və təbii ki, həyatında yaşadığı üzüntülər, sevdiyi qadınların ülvi məhəbbətinə rədd cavabları, bütün olanlar Van Qoqda bir dönüş yaratdı,artıq onun heç bir ilahi inancı qalmamışdı... Elə bu zaman bəlkə də həyatını müəyyən müddətə xilas edəcək, gələcəkdə isə onu əbədiyyətə qovuşduracaq bir dəyəri tapdı : Rəssamlıq!
Van Qoq istedadını duyduğu andan özünü yaradıcılıq ehtirasına qapadı, o, artıq rəsmsiz yaşaya bilmirdi.Bioqrafik roman janrının əsasını qoyan Amerikalı yazıçı İ. Stounun van Qoqun həyat və yaradıcılığına həsr etdiyi "Yaşamaq yanğısı" (bu əsər haqqında eyniadlı film də var) əsərini hər bir həyatsevərə oxumağı məsləhət görərdim. İ. Stoun bu əsəri yazarkən Van Qoqun olduğu bir çox yerləri, hətta onun qızındığı günəşi, torpağı belə seyr etmiş, onlarda Van Qoq ehtirasını yaşamağa çalışmışdır. Həmin əsərdə deyildiyi kimi " Vinsent sevgisiz, dostsuz,yemək - içməksiz, hətta allahsız da yaşayardı, amma həyatının məqsədi hesab etdiyi şeysiz; yaradıcılıq alovu olmadan yaşaya bilməzdi ". Bəli, onun artıq inandığı yeganə din, Allah - rəssamlıq idi. Lakin bütün əziyyətlər sanki bəhrəsiz, heç bir faydası olmayan illüziya idi.
Van Qoq yalnız bir şey üçün yaşayırdı; çəkdiklərindən zövq aldığı üçün. O, yalnız zövq aldığı üçün çalışırdı, doğrudur, etiraf etmək lazımdır ki, bu ədalətsiz dünyada zövq qarın doyurmur, insan isə ac - yalavac yaşaya bilməz.
O, həyata öz iradəsi ilə yanaşırdı, günlərlə ac, yuxusuz, əsəb sarsıntıları ilə keçirirdi. Qardaşı Teonun göndərdiyi pullara akvarel və boyalar alaraq dayanmadan çalışırdı. Onun qidası yaradıcılıq idi... Bunu özü də anlayırdı ki, etdikləri hazırda mənasızdır, amma yaradıcılıqsız yaşaya bilməzdi. İçərisindəki bir səs gələcəkdə - ölümündən sonra, bu dünyada varlığından heç bir maddi əsər - əlamət qalmadığı bir zamanda əbədi bir şöhrətə çatacağını, dünyanın gec də olsa onu qiymətləndirəcəyini duyurdu...

Van Qoqun rəsmlərində özünəməxsus xüsusiyyətlərdən biri də sarı rəngin ecazkarcasına işlənməsidir. Bununla Van Qoq günəşin şəfəqlərini sanki odlu ehtirasla öz tablosuna köçürürdü. Bariz nümunə kimi " Günəbaxanlar " əsəri. İntibahdan üzü bəri bu cür rəng tonu seçimi heç kimə müyəssər olmamışdır.
Maraqlı fakt olaraq qeyd edək ki, Van Qoqun "Ulduzlu gecə" əsəri ruhi pansionatda olarkən gözlərinə mirvari suyunun gəlməsi nəticəsində səmanı məhz bu cür görməsi səbəbindən belə illüzion alınmışdır. Arlda qızmar istinin altında günlərlə dayanmadan başıaçıq şəkildə çəkdiyi rəsmlər onun psixi durumumun tamam korlanmasına gətirib çıxardı. O, məhz günəşi öz istədiyi kimi çəkincəyə qədər vuruşdu... Görürsünüzmü, ən böyük xariqələr necə bədəllər hesabına başa gəlir?! O, öz sənəti uğrunda həyatını, hətta ağlını belə itirdi. Daim tənha, sevgisiz qaldı, əvəzində dünya bu " dəli " ni çox sonralar özü də " dəlisov " şəkildə xatırlayacaqdı...
Nəhayət, hər şeyin bir sonu olduğu kimi, Van Qoq ehtirasının da sonu çatdı. " Həyatı ərzində yaratdıqları müqabilində hər hansı adicə bir mükafat belə almadı, amma ən böyük mükafat olan, həyatın əsas anlamı - Zövq ehtirasından bolluca yararlandı. Son əsəri isə "Buğda tarlası və qarğalar" oldu. Van Qoq son hisslərini bütünlüklə əsərə hopdurdu; heç bir məqsəd qalmamışdı, onun çəkdikləri ilahi ehtirasdan yoğrulurdu, artıq çəkəcəyi heç nə qalmamışdı, beləliklə, onun yaşamağa da heç bir səbəbi qalmırdı, artıq zövq alacağı heç nə yox idi...
Və əsərin önündə diz çökərək dediyi bu sözlərlə özünün iztirablarla dolu " Əbədiliyin qarşısında " əsərində olduğu kimi real əbədiliyə qovuşdu;
" La tristesse durera toujours. " ( Qüssə daim davam edəcək - İşgəncə onsuz da bitməyəcək )
Bu cür insanlar bir daha gəlməyəcək!
PS. Məqalə blog müəlliflərinin şəxsi mülahizələridir, yazıdan istifadə edərkən mövcud ünvanı istinad etməyiniz tövsiyyə olunur. :)
ibtidaivehsi.blogspot.com
Comments
Post a Comment