Slavyanofil idealizminin ataları - Dostoyevski və Tolstoy.


XIX əsrdə Rusiyada müstəqil fəlsəfi fikrin başlanğıcı slavyanofillər və qərbçilərin adı ilə bağlıdır.
Slavyanofillər XIX əsrin 40-50 - ci illərində rus ictimai və fəlsəfi fikrinin əsas nümayəndələri idilər. Onlar hesab edirdilər ki, ruslar və başqa slavyan xalqları yalnız özünəməxsus yol ilə inkişaf edə bilərlər. Slavyanoçilik xüsusi seçilən dini-fəlsəfi təlim idi.

Rus dini-idealist fəlsəfəsinin inkişafını dörd dövrə bölmək olar. Birinci dövr XIX yüzilliyin 30 - 50 - ci illərini əhatə edir. Bu dövr alman idealizminin rus fikrinə ciddi təsiri ilə xarakterizə olunur. İkinci dövr əsasən XIX əsrin axırıncı rübünə təsadüf edir. Dini fəlsəfənin əsas nümayəndələri F.M.Dostoyevski, L.N.Tolstoy, N.Fyodorov və b. olmuşlar. Üçüncü dövr XIX əsrin axırı - XX əsrin əvvəllərini əhatə edir və S.N.Trubetskoy, Y.N.Trubetskoy qardaşları, S.N.Bulqakov və başqalarının adı ilə bağlıdır. Dördüncü dövr 1917 - ci il inqilabından sonra başlayan mühacirət dövrüdür. Bir çox dini mütəfəkkirlər vətəndaş müharibəsi dövründə və yaxud ondan bir qədər sonrakı illərdə sovet rejiminə ideoloji cəhətdə yabançı ünsürlər kimi Rusiyadan sürgün olunmuşlar. Bunların arasında N.A.Berdyayev, S.N.Bulqakov, İ.A.İlin ve b. din xadimləri var idi.

Rus idealist - dini fəlsəfəsinin ən görkəmli təmsilçiləri haqqında qısa məlumat veririk. Xüsusən ötən əsr ərzində həm rus, həm dünya ictimai fikrinə öz fikirləri ilə damğa vurmuş iki mütəfəkkirin adını xüsusi vurğulamaq lazımdır.

Fyodor Mixayloviç Dostoyevski ( 1821-1881 ) yaşadığı dövrdəki rus cəmiyyətinin fikir tərzinə çox güclü təsir göstərmişdir. Onun " Bədbəxt insanlar ", " Karamazov qardaşları ", " İdiot " ( Səfeh ) və b. əsərlərində insanın şəxsi və ictimai həyatının bir çox ciddi məsələrini təhlil edirdi. Lakin Dostoyevski hər şeydən əvvəl özünün bütün diqqətini insan problemi üzərində cəmləşdirmişdi.
Dostoyevski dini - xalqın ən qədim dünyagörüşü hesab edirdi, ona görə də belə nəticə çıxarırdı ki, insan dözümlü və itaətkar olmalıdır. O, hətta işgəncəni də tərənnüm edirdi. Bütün sosial bəlaları Dostoyevski Allaha inamın itməsi ilə izah edirdi.

Dostoyevskinin diqqət mərkəzində xüsusən humanizm məsələri dururdu. O, hesab edirdi ki, şəxsi mənəvi kamilləşmə yolu cəmiyyətin əxlaq qaydalarının dəyişməsinə gətirir və əsas təyinedici qüvvə kimi çıxış edir. Əxlaqın əsası, onun fikrincə, inam və Allahdan asılıdır. Dostoyevskinin etik proqramının əsas tələbi belədir : hər bir insan əsl insan olmalı və başqalarına da insan kimi hörmət etməlidir.

Slavyanofillər kimi Dostoyevski də xristianığın ən yaxşı ifadəsi kimi pravoslav dinini tanıyırdı,elə buna görə də rusları əsl dindar xalq hesab edirdi. Onun dediyinə görə Rusiya bu yolla gedərsə həm özünü, həm də Qərbi sosializm dəhşətindən xilas etmiş olar.
Dostoyevski belə bir fikir irəli sürürdü ki, insan heç də xoşbəxtliyə can atan ağıllı varlıq deyil, insan əzab - əziyyətə ehtiyacı olan irrasional varlıqdır, inkar şüurun meydana gəlməsinin yeganə səbəbidir. Əzab çəkmək günahı yuyur. İnsan ən yüksək ləyaqəti sayılan azadlıq özbaşınalığa keçir. Bu halda azadlıqdan imtina etmək iztirabı azalda bilər. Lakin azadlıqdan imtina etmək insana inamsızlıq deməkdir. Azadlığı inkar etmək Allah əleyhinə ( antixrist ) ruhdur. İsanın çarmıxa çəkilməsi sirri - azadlığın sirri deməkdir. Çarmıxa çəkilən Allah könüllü olaraq məhəbbət obyekti seçilir. Dostoyevskiyə görə azadlıq aristokratikdir, milyonlar üçün güc çatmayan yükdür.

Dostoyevskinin fikrincə şər,pislik lap əzəldən insana xasdır və adi dünyəvi vasitələrlə insanın təbiətini dəyişdirmək mümkün deyil. Nəticə : dini dayaq olmayan yerdə əxlaq da yoxdur. Dünya ədalətsizlik,pislik,işgəncə ilə doludur. Allah dünyanın yaradıcısıdır, o ən ali və kamil varlıqdır. Xilas olmağa - yalnız itaətə, məhəbbətə, dözümə çağıran dində çatmaq olar.

Lev Nikolayeviç Tolstoy ( 1828 - 1910 ) böyük yazıçı və mütəfəkkir olmaqla yanaşı, həm də dünya,insan,həyatın mənası,cəmiyyəti yenidən qurmaq haqqında dini - etik təlimin yaradıcısı olmuşdur. O, daha çox Şərqin dini və fəlsəfi sistemlərinə müraciət edirdi. Xristianlığı isə xüsusi din olaraq özünəməxsus şəkildə təhlil edirdi.

Tolstoyun fikrincə ictimai tərəqqi din sayəsində mümkündür. O, yazırdı : " Əgər bəşəriyyətdə proqress,yəni irəliyə hərəkət baş verirsə,mütləq bu hərəkətin göstəricisi olmalıdır. Belə göstərici həmişə din olmuşdur. "
Tolstoy kilsə xristianlığını inkar etsə də xristianlıqdakı ümumbəşəri dəyərləri qəbul edirdi. Tolstoy dini təşkilatları,ayinləri,hətta ümumi sayılan ehkamları ( doqmaları ) da qəbul etmirdi, o, xristianlığın yalnız əxlaqi normalarını lazımlı hesab edirdi.

Tolstoya görə bütün dinlər özündə iki hissəni birləşdirir : insanların həyatı haqqında təlim olan etikanı və əsas dini doqmaları əhatə edən metafizikanı. Kilsə etikanı metafizika ilə nə qədər əvəz etsə də, insanlar, xüsusən sadə xalq dinin əxlaqi mahiyyətini bütün təmizliyi ilə saxlayıb. Ona görə də Tolstoy əsl dini sadə xalqdan öyrənməyi məsləhət görürdü.
Allahın mahiyyətini yazıçı daha çox əxlaqi planda izah edirdi. Tolstoy tez - tez təkrar edirdi ki, " Allah məhəbbət deməkdir ", insanın " Mən " liyini təşkil edən " kamil xoşbəxtlikdir ". O, bəzən Allahı ruh anlayışı ilə eyniləşdirməyə meyil göstərirdi. İnsanın ölümündən sonra onun ruhu ilahi varlığa qovuşur. Burada Qərb neoplatonizmi ilə Şərq müsəlman sufizminin təsiri açıq görünür.

Tolstoyun fikrincə cəmiyyəti daha yaxşı təşkil etmək üçün yalnız bir yol var - bütün insanları olduqlarından daha yaxşı etmək lazımdır. Lakin bundan ötrü hər adam özü - özünü yaxılaşdırmalıdır. Bu məqsədin həyata keçirilməsi vasitəsini o, bir prinsipdə görürdü : " şərə güclə müqavimət göstərməmək ". Tolstoy deyirdi ki, " od odu söndürə  bilmədiyi kimi, yaman da yamanı söndürə bilməz. Yalnız xeyir şərlə qarşılaşıb ona yoluxmasa qalib gəlir. "

Tolstoyun inqilabçılara özünəməxsus münasibəti olmuşdur. Bu səbəbdən də onlarla mübarizənin xüsusi vasitələrini təklif edirdi. Yazıçı deyirdi ki, inqilabçıları öldürmək, məhv etmək yolu ilə mübarizə aparmaq olmaz. Onların sayı deyil, fikirləri əsasdır. Onlarla mübarizə üsulu " mənəvi mübarizə " olmalıdır. İnqilabçıların idealı ümumi rifah, bərabərlik, azadlıqdır. " Onlarla mübarizə aparmaq üçün, onlara qarşı elə ideal irəli sürmək lazımdır ki, onların idealından yüksək olsun, onların idealını özündə birləşdirsin ". Belə ideal kimi o, " məhəbbət idealını ", " pisliyi bağışlayıb, əvəzinə yaxşılıq etmək " prinsipini irəli sürürdü.

İstifadə edilmiş ədəbiyyat:

Rüstəmov Yusif. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, "Nurlar", 2007. 504 səh.

Comments