Nihilist əxlaq


İnsan yaşamının zəruri vasitələrindən biri də ' əxlaq ' anlayışıdır. Gündəlik həyatımızda tez-tez əxlaq müzakirələrinə rast gəlirik. Xüsusilə, yaşadığımız toplumda hər bir fərdin müxtəlif hərəkətləri bəzən özlüyündən çox mübahisələrə səbəb olur. Marksizmə görə, insan toplumdan kənarda, cəmiyyətlə əlaqəsi olmadan yaşaya bilməz. Bu fikirlə razılaşmaq lazımdır, lakin bu fərdin topluma tabe olması anlamına gəlməməlidir. Hər bir insanın içində gizli bir fərdiyyətçi duyğu mövcuddur. Sadəcə bir çox insan toplumda necə deyərlər ' başı ağrımasın ' deyə bu fərdiyyətçiliyi çox büruzə vermir. Fikrimcə, toplumda fikir azadlığını təmin etmək üçün ilk öncə hər bir fərdin fikir müstəvisi azad olmalıdır, necə ki, toplumu dəyişməyə hər kəs can atır, lakin əsas bir məqam unudulur ki, toplumun dəyişimi üçün ilk öncə fərdin öz üzərində dəyişimi lazımdır. Və əsas məsələyə keçək. Bir neçə həyati dəyərlər var ki, onlar ilk növbədə topluma yararlıdır, məsələn; din, əxlaq, borc, vətəndaşlıq hissi və s. Bunlar ayrı-ayrı fərdlərdə də özünü büruzə verir, lakin məlum faktdır ki, bu anlayışlar, əsasən, toplum düşüncəsinin məhsuludur. Etiraf etmək lazımdır ki, toplumda nizamı qorumaq üçün bu dəyərlərin olması zəruridir, lakin bir də ' məncillik ' duyğusuna malik, bəzən özünütəsdiqə can atan fərdlər də olur. Belə məqamda əksərən hədəf kimi toplum düşüncəsi seçilir və onunla baş-başa gəlmək özünü seçkin düşüncəli hesab edən fərdlərdə həzz yaradır. Bu düşüncə xüsusilə nihilizmdə özünü aşkar büruzə verir. Nihlizm hərfi mənada ' heçnəsizlik ' deməkdir, bütün ənənəvi dəyərlər ( tanrı, eşq, borc, vicdan, əxlaq, din və s. ) in inkarı. Nihilizm heç bir ideyaya bağlı qalmayaraq ideologiyasız ideologiya formalaşdırır. Nihilist bütün dəyərlərdən üz çevirərək öz dəyərini özü yaradandır. Ənənəvi dəyərləri toplum qalığı hesab edərək onlara qarşı düşüncə savaşı açır. Ən yaxşı nümunə kimi XIX əsr alman klassik filosofu F.Nitsşeni göstərmək olar. Nitsşe deyirdi ki, " Fərdin əxlaqlı olması üçün özünü toplum əxlaqından kənar etməsi vacibdir ". Bununla da, hər fərdin öz əxlaqını özünün yaratmasını tələb edir. " Kim ən çox əxlaq davası edirsə, bilin ki, ən əxlaqsızı elə odur! " deyərək, bizim üçün əsl mübariz əxlaq nümunəsi verir. O, bununla, ' əxlaq anlayışı hər fərdə görə dəyişir ' ideyasını aşılayır. Nihilizmdə ' əxlaq anlayışı yoxdur ' o demək deyil ki, ' əxlaqsızlıq ' təbliğ olunur. Hər hansı bir nəsnənin alternativinin olması üçün onun ilk öncə özünün mövcudiyyəti lazımdır, əgər əxlaq anlayışını aradan qaldırsaq ' əxlaqsızlıq ' necə mövcud ola bilər? Yaxşı bir söz də var : " Hər kəs özündə olmayandan daha çox danışar " Doğrudan da, əgər bir şeyə sahibsənsə onu təkrarən necə arzulamaq olar? Eynilə əxlaq da belədir; fikrimcə, əxlaqından əmin olan kəs bu mövzulardan lazım olmadığı təqdirdə söhbət belə açmamalıdır. Əldə etdiklərim onsuz da artıq mənimdir. Onları təkrarən niyə istəyim ki?
Məsələyə başqa yöndən baxaq. Bu vəziyyətlər həm də tavtoloji mübahisələrə də çox yer ayrılmasına da gətirib çıxarır. Hazırki dönəmdə ölkədə həll ediləsi problemlər, elm aləmində kəşf ediləsi çox məsələlər qalarkən hansısa bir fərdin davranışlarını həddindən artıq müzakirə obyektinə çevirmək bir növ iyrəncliyə aparıb çıxarır. İctimai qınaq, bəlkə də, müəyyən qədər zəruridir, lakin hər fərdin davranış azadlığını da unutmamaq lazımdır. Təbii ki, burada da müəyyən istisnalar var. Azadlıq anlayışı da birmənalı deyil. J.J.Russonun gözəl deyimi var: " Azadlıq hər istədiyini etmək deyil, istəmədiyini etməməkdir ". Biz azadıq adı altında istənilən hərəkəti etməkdə sərbəst ola bilərik, əgər kimisə narahat etməyəcəyiksə. Bizim azadlığımız kənar şəxsin narahatçılığına səbəb olmamaq şərtilə yaşamağa layiqdir. Yəni ki, özümüzə rəva bilmədiyimizi heç kəsə qıymamalıyıq. Ən əsası isə azadlıq daxildən gəlməlidir, azdlığı kənarda axtarsaq o zaman ətrafın quluna çevrilmiş olarıq.
Bir məqam da var ki, azadlıq coğrafi anlayışlara görə dəyişir. Hələ də mental düşüncədən ayrılmayaraq bəzən geyim ilə insanların əxlaqını bir ölçürlər. Ümumiyyətlə, hət hansı bir rəftada ifratlığa, radikallığa varmağı düzgün hesab etmirəm. Bu gün biz ' təbiətlə həmahəngləşərək ' çılpaq şəkildə də gəzə bilərik və ya ictimai yerlərdə istədiyimiz insanla qucaqlaşa, öpüşə bilərik. Bu bizim haqqımızdır, heç kim buna görə bizi məzəmmət ( ən azı maddi-hüquqi cəhətdən ) edə bilməz. Lakin ümumi nizami nəzərə alaraq bəzi məsələlərdə obyektivliyi qorumaq zəruridir. Çünki istəklərə qalib gəlmək özü də bir əxlaq nümunəsidir. Kantın gözəl sözü var: " Hər zaman məni qürurlandıran iki şey var: başım üzərindəki ulduzlu səma və vicdanımdakı əxlaq anlayışı ". Göründüyü kimi, Kant sırf fərdi əxlaqdan dəm vurur. O, 17 - ci əsr maarifçi fəlsəfənin " eqosentrik əxlaq " anlayışına qarşı çıxaraq, hər şeyi sırf öz mənin xeyrinə yox, borc duyğusundan çıxış edərək fəaliyyət göstərməyi buyurur. Onun əxlaq anlayışının əsasını da bu təşkil edir. Kant deyir ki, sənin əxlaq fəlsəfən elə olmalıdır ki, rəftarın ' ümumi qanun ' şəklini alsın və başqalarına da örnək ola bilsin. Etdiyin hər şeyi ilk növbədə borc duyğusu ilə, vicdanın üçün etməlisən. Təbii ki, bunun üçün hər bir fərdin özünü, eqosunu aşması lazımdır. Yaxşı olardı ki, insanlar kimisə günahlandırmağa çalışarkən ilk növbədə özlərindən başlasınlar. Bu mənada nihilizm ən etibarlı vasitədir. Nihilizmin inkarı, mübarizəsi özünə, öz istəklərinə qarşıdır. " Özün öz külünə yanmalısan, özünü məhv etmədən öncə necə yenilənə bilərsən?! " ( F.Nitsşe - Zərdüşt belə deyirdi ) Nihilizm hər mənada düşüncə zənginliyini, düşüncə vuruşunu tələb edir, lakin heç nəyi tam olaraq qarşı tərəfə yeritməyə çalışmır. " Sənin öz yolun var, mənim öz yolum; doğru, düzgün, yeganə yola gəldikdə isə, bu mövcud deyil " ( F.Nitsşe ) Deməli, nihilizm ideologiyasız ideologiya olaraq hər kəsin həqiqətindən nəsə öyrənməyi, plüralist olmağı və fərdlərin bir-birinə empati yanaşmasını tələb edir.
Bundan başqa, önəmli məsələlərdən biri də toplumda Əəxlaq deyərkən, nədənsə çox vaxt qadınlar əsas hədəf obyekti olur. " Qadına filan şey olmaz və ya yaraşmaz ", bu söz çox qəribədir, sanki kişilər daha üstün varlıq olaraq meydana çıxıb. Halbuki heç bir dini və ya digər önəmli kitablarda bu cür buyruqlar yoxdur. Geyim məsələsi isə, düşünürəm ki, şəxsi istəkdən asılı olmalıdır. Təbii ki, burada da prinsipiallıq ola bilər. ( Məsələn fərdlərdin qarşılıqlı razılaşması ilə müəyyən sərhədlərin qoyulması ) Sadəcə, kiminsə qapalı və ya açıq geyimə üstünlük verməsi əsla müzakirə obyekti olmamalı. Ən əsası heç bir geyim insan təfəkkürünə əsaslı şəkildə təsir edə bilməz. Hər bir fərd öz istəklərini özü boğmağı bacarmalıdır. Lev Tolstoy gözəl deyib: " Fahişəlik - qadın adına vurulan ən böyük ləkədir ki, bunun da günahkarı cəmiyyətdir! " Heç fikirləşirsinizmi nəyə görə hər hansı bir qadın rahat həyatını pozğun mühitə qurban versin? Toplumun problemlərindən biri də odur ki, çox vaxt nəticələr göz önündə olur, lakin bu situasiyanı yaradan səbəbləri heç kim nəzərə almaq istəmir. Müasir yazıçılarımızdan olan Rövşən Yerfinin " Günahsız qatil " əsərində deyildiyi kimi " Heç bir qadın gələcəkdə fahişə olmağı arzulamaz!". Hətta bəzən ailə dağılmalarının, lüzumsuz dava-dalaşların da kökü buradan qaynaqlanır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, hazırki toplumda insanların həyatına ən azı mənəvi təzyiq olduqca güclüdür. Xüsusilə psixoloji repressiyalar. ' Görəsən cəmiyyət necə düşünər, insanlar nə deyər? ' . Bu gün əksər fərdlər yaşamını məhz cəmiyyət düşüncəsi əsasında qurduğundan heç zaman istədiyi tərzdə xoşbəxt olmağı bacarmır, çünki stereotiplər tam qırılmır. Qılman İlkinin povestlərinin birində ' böhtanlanaraq ' adına söz yayılan bir qadən özünə qəsd edir. Sonda yaxın rəfiqəsi günahı məhz çevrədəki insanlarda görərək " Onu sizlər öldürdünüz, sizin sözləriniz öldürdü " deyə haray çəkir. Doğrudan da çoxluğun psixologiyası bəzən çox qəddardır. 
Və nəhayət mənə görə əsl əxlaqlı, vicdanlı fərd başqasını günahlandırmaq əvəzinə, hər şeyi ölçüb biçib, gücü yetərsə qarşısındakını, münasib bilmədiyini dəyişməyə cəhd edəndir. Necə deyərlər ' Əsl kişi mələyi fahişə edən deyil, fahişəni mələk edəndir ". Necə ki, bunu Van Qoq etmişdi. Əvvəlcə küçə qadınını özünə həyat yoldaşı edərək onu çirkabdan qurtarmış, sonrasında isə hətta bir başqasına qulağını kəsib hədiyyə etməyi də bacarmışdı. slightsmile emoticon Əsl əxlaq vicdanda olmalıdır, fahişənin bədənini satmaqdan daha çox vicdanını satan pisliklər, cəmiyyətin tör-töküntüləri daha çox qınağa mərzu qalmalıdır. Sonda isə hər zaman vicdanı dinləyərək, fərdlərə sevgi və empati ilə yanaşsaq, düşünürəm ki, bir çox problemlər aradan qalxar.

" Sevməyi bacarsaq başqalarına əzab verməyi unudarıq. "
( Fridrix Nitsşe )

Comments