Ekzistensializm tanrıları : Jan Pol Sartr və Albert Kamyu

Ekzistensializm tanrıları : Jan Pol Sartr və Albert Kamyu

Ekzistensializm ( və yaxud " mövcudluq  fəlsəfəsi " ) XX əsrin 20-ci illərində meydana gəlib. Bu təlimin baniləri böyük alman filosofları Martin Haydegger ( 1889-1976 ) və Karl Yaspers ( 1883-1969 ) olmuşlar.
Ekzistensializmə görə mövcudluğu anlayışlarla ifadə etmək,ağılla dərk etmək mümkün deyil. Ağılla dərk edilən hər şey obyektdir ( əşyadır ), subyekt kimi şüur isə obyektə qarşı durur.
Ekzistensializm müasir sivilizasiyada baş verən böhranı ağılın və insanlığın böhranı ile eyniləşdirməyə meyl göstərir və bu böhranı " dünyanın fəlakəti " , " sivilizasiyanın süqutu " kimi izah edir. İnsan onun nəzarətindən çıxmış hadisələr selinə,irrasional aləmə atılıb. Ekzistensialistlərə görə insan öz iradəsinin əksinə olaraq ona yad olan mühitə düşüb. İztirab, əzab-əziyyət bütün formalarda həyatın əsas hissəsini təşkil edir. Qorxu bu fəlsəfənin təməl anlayışlarından biridir. Dünya ona görə qorxuludur ki,o gücsüz və ağlasığmazdır.  Bununla yanaşı həyat absurd vəziyyətdə də qiymətlidir,insan üçün ona tay heç nə yoxdur. Lakin bu həyat həmişə ölüm ilə həmsərhəddir.

J.P.Sartr ( 1905 - 1973 ) Dekartın,Hegelin,Husserlin fenemenologiyasının,Haydeggerin ekzistensializminin əsasında orijinal fəlsəfi konsepsiya yaratamışdı. Onun ideyalarının əsas xətti şüur və varlıq, subyekt və obyekt,azadlıq və zərurət,azadlıq və özgələşmə arasındakı barışmaz ziddiyyəti müəyyən etmək və həmçinin onların sintezini və barışması yollarını axtarıb tapmaqdır.

Sartr özünün əsas fəlsəfi əsəri olan " Varlıq və heçlik " kitabında yazır : " Məni dünyaya atıblar o demək deyil ki, mən suda axan taxta kimi düşmən Kainatda unudulmuş və passiv qalıram, yox, əksinə, bu o deməkdir ki, mən qəflətən özümün tənha və köməksiz olduğumu görürəm,tam məsuliyyət daşıdığım dünyaya daxil oluram,həm də heç olmasa,nə qədər çalışsam da,bir an belə bu məsuliyyətdən azad ola bilmərəm,çünki mən özümün məsuliyyətdən qaçmaq istədiyim üçün cavabdehəm "

İtaliya filosofu Nikolo Abbanyano Sartr haqqında demişdir : " Sartr bizim dövrün axırınci romantiki olmuş və ehtiraslı sonsuzluq həvəsi ona güc gəlmişdir. O, Varlıq ilə Heçlik arasında heç bir vasitə tapmır, çünki bu vasitə yoxdur. Yalnız toqquşan,harmoniya və rahatlıq axtaran sonlu reallıqlar arasında birbaşa vasitə mövcuddur. İnsanın ölçüsü ilə yaranmayan dünya insanı Allah ilə bərabərləşdirməsə onu dustaq kimi Heçliyə salır "

A.Kamyü (1913 - 1960 ) hesab edirdi ki, insanın Mütləqə doğru doğru can atması həmişə uğursuzluqla nəticələnir. Ağılın ilk addımı həqiqət ilə yanlışlığı ayırmaq olsa da, insan sonra inanır ki, o həqiqətə çata bilməz. Kamyü soruşur : mən nəyi bilirəm? və cavab verir : mən öz ürəyimin döyüntülərini hiss edirəm və bilirəm ki, o mövcuddur. Məni əhatə edən əşyaları görürəm və bilirəm ki, onlar mövcuddur. Mənim biliyim elə bu səviyyədə qurtarır. Kamyü deyirdi : " ... Dünya irrasionallıq ilə doludur. Mən dünyanın unikal mənasını başa düşmürəm, ona görə də o, mənim üçün hədsiz dərəcədə irrasionaldır. "

Kamyü " Sizif haqqında mif " ( 1942 ) adlı fəlsəfi əsrində insanın həyatı fəaliyyətinin mənasızlığını özünəməxsus şəkildə sübut etməyə çalışır. Məlumdur ki, qədim yunan miflərinin birində deyilir ki, allahlar Sizifi dəhşətli cəzaya məhkum edirlər : o, bütün ömrü boyu gərəksiz və ümidsiz əməklə məşğul olmalıdır. Kamyünün yaratdığı Sizif obrazı bütün bəşəriyyəti və ayrılıqda hər bir insanı simvolizə edir. Sizif absurd ( mənasızlıq ) qəhramınıdır. " Allahlara nifrət, ölümə kinbəsləmə və yaşamaq arzusu ona görünməmiş əzablara gətirdi - o, öz qüvvəsini məqsədsiz olaraq sərf etməyə məcburdur. Bu dünyadakı hərisliyin qisməti budur. " Lakin insan hər situasiyada, nə qədər dəhşətli olsa da, insan olaraq qalmalıdır. " Sizif " in əxlaqi çağırışı belədir.

Mənbə : Yusif Rüstəmov " Fəlsəfənin əsasları " kitabı.


Comments