Buddizmdə dörd həqiqət, səkkizlik qurtuluş yolu

Buddizmdə dörd həqiqət, səkkizlik qurtuluş yolu

Budda söyləyirdi: doğulmaq, xəstələnmək, ölmək əzabdır. Xoşagəlməz şeylərə toxunmaq əzabdır, xoşagələn şeylərdən ayrılmaq əzabdır. Bir sözlə, pis şeylər pisliklərinə görə əzabdır, yaxşı şeylər ya əvvəl-axır itdiklərinə görə, ya da əlçatmazlıqlarına görə əzabdır. Bu, birinci gerçəyin (həqiqətin) açımı.

 İkinci gerçəyin açımı belədir: yaşamaq dünyada nələrisə istəmək, nələrəsə bağlanmaqdır. Var olmaq yanğısı bağlanmaqdır. Sevgili qadına bağlanmağımız, dünyada yaxşı şeyləri sevməyimiz əzabdır< onlara bağlandıqca isə birinci gerçəkdən gördük ki, əzablarımız, acılarımız artır.

 Üçüncü gerçək deyir ki, əgər dünya əzablarını dayandırmaq istəyirsənsə, özündə dünya bağlılığını, dünya istəyini öldür.

 Dördüncü gerçək isə açır ki, bu istəyi, bağlılığı səkkizlik yolla yox etmək olar:

Birincisi, düzgün baxış gərəkdir, yəni görməlisən ki, dörd nəcib gerçəyi bilib, onlara əməl etsən, əzablardan qurtulmağın necəliyini anlarsan.

 İkincisi, düzgün canatım gərəkdir, yəni bilməlisən ki, bütün etdiklərin Nirvanaya çatmaq üçün olmalıdır. Nirvana söz anlamına görə yoxolma deməkdir. Buddizmdə isə şüurun, psixikanın hər şeydən boşalmış durumudur.

Üçüncüsü, doğru danışmaq, yalandan qaçmaq gərəkdir. Gəlin düşünək, yalan Adama nə zaman gərəkir? O zaman ki dünyaya bağlıdır, kimlərdənsə nəsə qoparmaq istəyir və s. Heç nə istəməyənə doğru danışmaq qorxulu deyil.

 Dördüncüsü, düzgün davranış (heç bir canlıya ziyan vurmamaq) gərəkdir. Doğrudan da, nəsnəl dünyadan nələrisə istəyəndə, umanda canlılara ziyan vurursan (məsələn, yemək üçün ov edirsən). Budda isə səkkizlik yolun dördüncüsündə buyuranda ki heç bir canlı varlığa ziyan vurma, xətər yetirmə, bilir ki, bu da insanın dünya ilə bağlılığını qırır. Çünki ziyan vurmamaq üçün gərək insan nəsnəl dünyanın içində özünü yığışdırsın. Azərbaycan dilinin «özünü yığışdırmaq» sözü Buddanın istədiyi mənanı yaxşı anladır. Özünü yığışdırmaq aktivlikdən, vurnuxmadan əl çəkib sakitləşməkdir.

Beşincisi, düzgün yaşayış tərzi gərəkdir, yəni halal zəhmətlə yaşamaq gərəkdir. Doğrudan da, halal zəhmətlə, öz əməyinlə yemək əldə etmək insanı azla yetərlənməyə, gözü tox qalmağa öyrədir (halal zəhmətlə dünya nemətlərindən çox şeyi əldə etmək olmaz, axı).

 Altıncısı, düzgün çalışmaq gərəkdir ki, bilincini, psixikanı yönəldə (idarə edə) biləsən.

 Yeddincisi, düşünüşü düzgün yönəltmək gərəkdir, «bu mənimdir», «bu mənəm» kimi düşüncələrdən qaçmaq gərəkdir. Doğrudan da, bizi dünyaya bağlayan ən güclü bağlar «Mən»dən nəsnələrə uzanır. «Mən» sahib olmaq istəyir, «Mən» mənəm-mənəm demək istəyir və öz gərəklərini (ehtiyaclarını) doydurmaq üçün maddi dünyadan əl çəkmir. Buddanın yeddinci buyuruğu bu bağları da qırır.

 Səkkizincisi, psixikada Nirvanaya çatmaqdır. Bu zaman ruh tamam özü-özünə qapılır, bütün istəklərdən qurtulur, nəsnəl dünyaya arxa çevirir və bu zaman tam əzabsızlığa çatır.

 Beləliklə, Buddanın əzablardan çıxmaq üçün göstərdiyi səkkizlik yol həm əxlaqi buyuruqlardır, həm də fəlsəfi göstərişlərdir.

Comments