İnqilabçı ədib Nikolay Qriqoreviç Çernışevski

"Yalana qarşı yalnız iki cür münasibət ola bilər: Ya gərək yalana xidmət edəsən, ya da onunla mübarizə edəsən"

"Gözəllik həyatdır"

"Yaşa və başqalarına da yaşamağa kömək et!"

Nikolay Qriqoreviç Çernışevski (1828-1889) rus inqilabçı yazıçısı, utopik sosialist mütəffəkir, iqtisadçı və filosofu. 1855-ci ildə "Sənətin varlığa estetik münasibətləri" adlı magistrlik dissertasiyası ilə Rusiyada materialist estetikanın əsasını qoyub, incəsənəti "həyat dərsliyi" adlandıraraq "sənət sənət üçündür" nəzəriyyəsinə güclü zərbə vurub. Çernışevskinin publisistikası çarizmə, təhkimçiliyə qarşı mübarizəyə həsr olunub. Onun ədəbi-tənqidi məqalələri qabaqcıl rus ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərib. Həbsdə olarkən Çernışevski "Nə etməli?" romanını, "Alferyev" povestini, "Kiçik hekayələr" və s. ədəbi-bədii əsərlərini yazıb.

Çernışevski Şərq, eləcə də Qafqaz, o cümlədən, Azərbaycan mədəniyyətinə dərin maraq göstərərərk onu təbliğ edib. 1855-ci ildə Tiflisd ə nəşr olunmuş "Zurna" almanaxı haqqında "Sovremennik" jurnalının həmin ilin 7-ci nömrəsində dərc olunmuş resenziyada Çernışevski almanaxın nəşrini müsbət qiymətləndirmiş, onun müəllifləri sırasında M.F. Axundovun adını ikinci çəkmişdir. Tədqiqatçılar S.S.Pencinin 1856-cı ildə rus dilində nəşr etdirdiyi "Koroğlu" eposu haqqında "Sovremennik "in həmin ilin 10-cu nömrəsində imzasız dərc olunmuş resenziyanın da Çernışevskiyə məxsusluğunu göstərirlər. Resenziyada "Koroğlu"dan Azərbaycan xalqının milli ədəbi abidəsi kimi bəhs edilir. Koroğlu xalqın müdafiəçisi kimi qiymətləndirilir, azərbaycanlıların "milli qəhrəmanı ", eyni zamanda "milli şairi" adlandırılır. Çernışevski məşhur şərqşünas alim Kazım bəylə tanış olmuş, ondan şərq dillərini öyrənmişdir. Hələ inqilabdan əvvəl qabaqcıl Azərbaycan ziyalıları Çernışevskinin yaradıcılığına dərin hörmət bəsləmiş, onun irsindən, ideyalarından bəhrələnmişlər.

1828-ci il iyul ayının 24-də Saratov şəhərində keşiş ailəsində doğulmuşdur.
1853-1856-cı illərdə " Sovremennik " jurnalının redaktoru və ideya rəhbəri olmuşdur.
1861-1862-ci illərdə " Zemlə i volə " inqilabi təşkilatının ilhamçısı və məsləhətçisi olmuşdur.
1862-ci ildə Çar höküməti həbs edərək, Petropavlovsk qalasına salmış, sonra katorqaya Sibirə ömürlük sürgünə məhkum etmişdir.

1883-cü ildə Çernışevskiyə Həştərxanda yaşamağa, 1889-cu ildə isə Saratova qayıtmağa icazə verilmişdir.
Çernışevskinin dünya görüşünün formalaşmasında Aleksandr İvanoviç Qertsen, Vissarion Qriqoryeviç Belinskinin, həmçinin klassik alman fəlsəfəsinin (xüsusilə Lüdviq Andreas Feyerbax), ingilis siyasi-iqtisadının, fransız utopik sosializminin güclü təsiri olmuşdur. Çernışevski idrak məsələsində qəti materialist mövqedə durmuş, aqnostisizmi kəskin tənqid etmişdir. Çernışevski praktikaya böyük əhəmiyyət vermiş, onu həqiqətən əsl meyar adlandırmışdır. K.Marks və F.Engels Çernışevskinin əsərlərini oxumuş, onu " böyük rus alimi və tənqidçisi " adlandırmışlar.

İstifadə edilmiş ədəbiyyat:

"XIX əsr rus ədəbiyyatı tarixi" (II hissə). Məmməd Cəfər. 1974. 

Comments