"Böyük Diktator" (The Great Dictator) filmi

" - Üzr istəyirəm, mən imperator olmaq istəmirəm. Bu məni maraqlandırmır. Hökm etmək və ya işğal etmək istəmirəm. Hər kəsə yardım etmək istəyirəm; yəhudi,katolik,zənci,ağdərili... Hamımız bir-birimizə kömək etmək istəyirik. Başqasının xoşbəxtliyi hamımızı xoşbəxt edir. Heç kimə nifrət etmirik, heç kimi aldatmırıq. Bu dünyada hamıya yer var. Dünyada hər kəsi doyduracaq qədər zənginlik var. Həyat azad və gözəl olmalıdır. Biz doğru yoldan çıxmışıq, iqtidar istəyi insan ruhunu zəhərləyib,nifrət hasarı çəkib. Bizi bədbəxtliyə məhkum edib. İnkişafı kəşf etdik, amma yerimizdə sayırıq. Texnikalaşma bolluq yerinə yoxsulluq gətirdi. Bilgimiz bizi dəyərsiz və daşqəlbli etdi. Çox düşünüb,az hiss edirik. Texnikadan çox xeyirxahlığa ehtiyac duymalıyıq. Əks təqdirdə şiddət qalib gələcək və həyat yox olacaq. Təyyarə və radio bizi bir-birimizə yaxınlaşdırdı, bu kəşflərin təməlində yaxşılıq və qardaşlıq var. Bu anda səsimi milyonlarla insan eşidir; ümidsiz qadın,kişi və uşaqlar... Onlar günahsız insanlara işgəncə verən,həbsə atan bir sistemin qurbanlarıdır... Məni dinləyənlərə səslənirəm; ümidsizliyə qapılmayın!!!
Bədbəxtliyimizin səbəbi təhlükəli fikirlilərin insanlığın yüksəlməyindən qorxmasıdır. Nifrət gedər,diktatorlar məhv olar. Xalqdan aldıqları iqtidar xalqa geri dönər... İnsanlar ölər,azadlıq ölməz!
Əsgərlər! Zorakılığa itaət etməyin, onlar sizi alçaldır... Düşüncə və hərəkətlərinizi idarə edir... Sizi qoyun hesab edirlər. Beyni insanlıqdan çıxmış və qəlbi süniləşmiş varlıqlara təslim olmayın... Siz nə robot, nə qoyunsunuz!!! Sizlər insansınız!!! Qəlbinizdə insanlara sevgi bəsləyirsiniz. Sizdə nifrət yoxdur, sevilməyən insan kin bəsləyər. Əsgərlər, köləlik üçün deyil,azadlıq üçün vuruşun! Əziz Lukenin dediyi kimi " Cənnətin qapıları insana açıqdır ". Bir adama,bir qrupa deyil,hər kəsə açıqdır.
Güc sizin əlinizdədir... Texnika və xoşbəxtlik yaratma gücü... Bu güclə həyatı azad və gözəl edin! Möhtəşəm bir macəra yaradın! Demokratiyanın verdiyi bu gücdən istifadə edək. Birlikdə möhtəşəm bir dünya yaradaq! "

 - " Böyük diktator " ( The Great Dictator)  filmindən — rejissor Çarli Çaplinin filmi.

Film Birinci dünya müharibəsi səhnəsi ilə başlanır. Çaplinin qəhrəmanı olan sıravi əsgər (sülh zamanı isə yəhudi bərbər) də bu döyüşdə iştirak edir. Müharibədə məğlubiyyətdən sonra Tomaniyaya ( Almaniyaya işarə) Adenoid Hinkel adlı diktator gəlir (bu obraz Adolf Hitlerin prototipidir). Filmdə Hinkel və yəhudi bərbəri obrazları əkiz kimi bir-birlərinə oxşar verilir. Filmin sonlarında Tomaniya hərbçiləri Osterlixə ( Avstriya ) hücuma hazırlaşırlar. Hinkel isə ördək ovuna çıxanda təsadüfən qayıqdan suya yıxılır. Zabitlər oradan keçəndə onu yəhudi bərbəri hesab edib tutub konslagerə aparırlar. Digər tərəfdən isə, hərbçilər bərbəri Hinkel bilirlər.
Mitinqdə diktator nitq söyləməli idi. Bərbər həyəcanla mikrofona yaxınlaşır və heç kimin Hinkeldən gözləmədiyi sözləri deyir. Heç bir yeri işğal etmək istəmədiyini, bütün dünyadakı insanların qardaş olduğunu, hamının bir-birinə kömək etməli olduğunu, insanların öz nəfsləri naminə insanlıqdan əl çəkməməsini, tiranlara qarşı birləşməli olduqlarını deyir. Öz nitqinin sonunda bərbər Hannanın adını çəkir. Hanna isə bütünlüklə bu nitqi və diktatorun onun adını çəkməsini radioda eşidir.
Filmin son kadrı belədir: Hanna optimist hislərlə başını ucalığa doğru qaldırır.
Belə bir fakt var ki, Adolf Hitler həqiqətən bu filmə baxmışdı. Bunu eşidən Çaplin demişdi: "Mən Hitlerin filmi necə qarşıladığını öyrənmək üçün hər şeydən keçərdim".

Digər maraqlı faktlar:

1940 - cı ildə Çarli Çaplin "Böyük diktator " filmini ekranlaşdırır. Əslində Hitlerin hakimiyyətini pisləyən bu film ilk öncə Amerika senzurasından keçmir, çünki Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun Avropada "bolşevizmə" və " kommunizmə" qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar. Ona görə də, Çaplinin bu filmi onlararın ürəyincə deyildi.
Bu filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar.
Çaplin "Böyük Diktator" filmində canlandırdığı Adolf Hitlerdən 4 gün böyük idi. Deyilənlərə görə, Hitler bığının formasını Çaplindən götürüb.

Comments