Yalquzaq / Herman Hesse

                                           

" - Hər bir xalq, hətta hər bir insan saxta "müqəssir axtaran" siyasətin beşiyində xumarlanmaqdansa, papağını qabağına qoyub fikirləşməli, öz səhvlərini,nəzərdən qaçırdıqlarını,pis adətləri ilə müharibədəki,eləcə də dünyanın başqa bədbəxtliklərdəki günahlarını aydınlaşdırmalı və bilməlidir ki, növbəti müharibədən can qurtarmağın yeganə yolu budur. Bunu mənə heç cür bağışlamırlar, çünki hamısı " günahsızdır ". İmperatorun da,generalların da, iri sənayeçilərin də, siyasətçilərin də, qəzetlərin də zərrə qədər günahı yoxdur, hamısı safdır! Demək olar ki, dünyanın işləri lap əntiqə gedir,yalnız bir neçə milyon insanın meyiti yerdə qalıb... Onların beynini yeyir, öyrədir, qızışdırır,narazı salır, əsəbiləşdirirlər. Hamısının da son məqsədi, son istəyi hər şeydən əvvəl, müharibədir. Getdikcə yaxınlaşan,birincidən də betər olacaq müharibə! Bunların hamısı çox aydın,çox da sadədir. Kim bircə saat fikirləşsə eyni nəticəyə gələ bilər. Amma bu heç kəsin ürəyincə deyil, heç kəs növbəti müharibədən qaçmaq istəmir, heç kəs özünü də, balalarını da növbəti kütləvi qırğından qorumaq haqqında düşünmür. Halbuki hamısına baha başa gələcək. Bircə saat düşünmək,bircə anlığa özünə qayıdıb dünyanın qarmaqarışıqlığında,kin-küdurətində öz payını müəyyənləşdirmək lazımdır,vəssalam. İşə bax, heç kəs də bunu istəmir. Deməli, hər şey beləcə davam eləyəcək və minlərlə insan da günbəgün səylə müharibəyə hazırlaşacaq. Bunu başa düşən gündən iflic olmuşam,ümidim üzülüb. İndi mənim üçün heç bir ideal, " Vətən " yoxdur. Bunların hamısı yeni müharibəyə hazırlaşan cənablar üçün pərdədir. İndi insan kimi düşünməyin, danışmağın mənası qalmayıb, beynindəki yaxşı fikirləri oyatmağın da xeyri yoxdur. Bunları eləyən iki-üç adam da hər gün minlərlə qəzetin,jurnalın,çıxışların açıq və gizli iclasların hücumlarına məruz qalır. Hamısı da bunun əksini deyir, dediklərini də yetir...
- Əlbəttə,müharibə yenə olacaq. Düzdür,adam kədərlənir,ancaq xeyri yoxdur. Bu da mütləq öləcəyini bilən,lakin əlindən heç nə gəlməyən adamın kədərlənməsi kimi bir şeydir. Ölümə qarşı mübarizə aparmaq ən nəcib , ən gözəl, ən ülvi, ən şərəfli işdir, müharibəyə qarşı çıxmaq da elə. Amma bu mübarizə həmişə ümidsiz bir Don Kixotluq olur.
- Bəlkə də, elədir. Ancaq bu cür həqiqətlərə göz yummaqla, " onsuz da bir azdan öləcəyəm " - deyib hər şeyə tüpürməklə bütün həyatı bayağılaşdırırıq,axmaq vəziyyətdə qoyuruq. Hə, deməli, belə çıxır ki, hər şeyi atmalıyıq, mənəviyyatdan da,mübarizədən də, insanlıqdan da üz döndərməliyik? Meydanı şöhrətpərəstliyə, pula verməliyik, qabağımıza bir parç pivə qoyub növbəti səfərbərliyi gözləməliyik?
- Heç biri lazım deyil, mübarizənin mənasını bilməklə sənin həyatın heç vaxt bayağılaşmaz, axmaq vəziyyətdə qalmaz. Ən böyük bayağılıq odur ki, nəsə yaxşı, ideal bir şeyin uğrunda mübarizə aparasan və ona da çatasan. Məgər ideallar ona görə yaranıb ki, sən onlara çatasan? Məgər biz insanlar ölümdən can qurtarmaq üçün yaşayırıq? Yox biz əvvəlcə ondan qorxmaq,sonra isə sevmək üçün yaşayırıq,elə ona görə də həyat hərdən lap möcüzəyə dönür... "

- Herman Hesse "Yalquzaq" fəlsəfi-psixoloji romanından.

Dünya tarixində bəşəri ideyalarla yazıb - yaratmış dahilər çox olmuşdur. Bunlardan biri də görkəmli alman ədibi,Nobel mükafatı laueratı Herman Hessedir. Hesse ən məşhur əsəri " Yalquzaq " (1927) da insanın cəmiyyətdən və öz mənəvi aləmindən uzaq düşməsi,yadlaşması problemləri barədə düşüncələrini bölüşmüşdür. Əsər fəlsəfi ölçüdə olmuş,həmçinin insanın psixoloji durumunu izah edən təsirli bir romandır. Əsərdə insanın daxilində ikili və bəzən daha çox şəxsiyyətin yaşadığını,onların bəzən canavar,bəzən insan kimi xüsusiyyətlərə malik olmasını göstərir. Özü də bu xüsusiyyətlər daim bir-biri ilə vuruşsa da, heç vaxt bir-birlərini məhv etmirlər. Burada Hesse müharibələrə, insanlarası təfriqə və qırğınlara qarşı öz canavar zəhmi ilə etiraz səsini ucaldır. Hesse uzaqgörənliyi ilə Birinci dünya müharibəsindən sonra da bəşərin yeni qırğınlara şahid olacağını vurğulayır. Hadisələrin sonrakı inkişafı, Almaniyada faşizmin meydana gəlməsi böyük mütəfəkkirin nə qədər haqlı olduğunu göstərmiş oldu. Məhz faşizmə etiraz olaraq Hesse doğma ölkəsini tərk edib İsveçrəyə mühacirət etməli olmuşdur. " Yalquzaq " həmçinin Hessenin həyati yaşamına da çox uyğun gəlir. Əsərdə dəfələrlə intihara cəhd edən baş qəhrəman Harri Haller həm də Hessenin ruhi vəziyyətini xatırladır. Bəşəriyyət və insanlıq qarşısında göstərdiyi xidmətlərə görə Herman Hesse 1946-cı ildə Nobel sülh mükafatına layiq görülmüşdür. Lakin görkəmli yazıçı səhhəti ilə əlaqədar olaraq tədbirdə iştirak edə bilməmiş, onun təşəkkür nitqini isə İsveçrə mədəniyyət naziri Henri Volloton söyləmişdir.

İstifadə edilmiş ədəbiyyat:

H. Hesse. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2010. 533 s


Comments